BLOQ

Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı

Sülh müqaviləsilə və ya müqaviləsiz

Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı
  • Oxuma müddəti:

    5 dəqiqə

  •  Azərbaycanın 2020-ci ildən sonrakı bəyanatları, atdığı birtərəfli addımlar onu göstərirdi ki, ölkəmiz Qarabağ üzərində suverenliyini bərqərar edəcək. Bunun bölgədə yaşayan ermənilərlə və ya ermənilərsiz baş tutacağı artıq onların öz seçimi idi. Qarabağ erməniləri öz seçimlərini etdilər və Ermənistan rəhbərliyi, habelə separatçı xunta başçılarının təşkilatçılığı ilə könüllü şəkildə ərazini tərk etdilər. 
     
    Öncədən də bildirilirdi ki, Azərbaycan və Ermənistan bu dövrdən sülh müqaviləsilə və ya müqaviləsiz çıxacaq. Hazırda qarşıdangələn Brüssel görüşünün əsas intriqası da məhz budur: Bakı və İrəvan arasında sülh müqaviləsi olacaq ya yox?!
     
    Elə isə tərəflər Brüsselə hansı gündəliklə gedirlər?
     
    5 baza prinsipi və açıq qalan məsələlər
     
    Azərbaycan vaxtilə sülh prosesinə başlamaq üçün beynəlxalq hüquq normalarına və dövlətlərarası diplomatik münasibətlərin qurulması üzrə mövcud dünya təcrübəsinə söykənən 5 baza prinsipi irəli sürüb. Ermənistan bütövlükdə bu prinsipləri qəbul etsə də, tərəflər arasında həmin prinsiplərdən qaynaqlanan bir çox məsələ hələ də açıq şəkildə qalır. Ermənistanın bu məsələlərə yanaşmasındakı natamamlıq və qeyri-konstruktivlik yekun razılaşmanın əldə olunması müddətini uzadır. Məsələn, İrəvan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları ilə bağlı dəfələrlə açıqlama versələr də, Paşinyanın bu yaxınlarda imzaladığı Qranada bəyannaməsində Azərbaycan və Ermənistanın ərazisi ikincinin xeyrinə “yuvarlaqlaşdırılaraq” ölkəmizin suveren torpaqlarının sahəsi azaldılıb. Bununla yanaşı, iki ölkə arasında mövcud anklavlar problemi də hələ ki, razılaşdırılmayıb.
     
    Bakı və bölgədəki maraqlı tərəflər üçün vacib olan digər bir məqam - regional nəqliyyat-kommikasiya dəhlizlərinin açılması prosesi də İrəvanın məntiqsiz və qeyri-ardıcıl mövqeyi ucbatından ləngiyir. Belə ki, Ermənistan bütün kommunikasiyaların işə düşməsi üçün suverenlik prinsipini önə çəksə də, bu prinsipin icrası üçün heç bir addım atmır. Halbuki, Azərbaycan öz ərazisində nəzarət-buraxılış məntəqələri quraşdırdığı zaman Ermənistan rəhbərliyinə də analoji addımı atmağı təklif edib. Lakin qarşı tərəf indiyədək bu sahədə yalnız quru bəyanatlar verməklə kifayətlənib.
     
    Ermənistan üçün təhlükəsizlik təminatları
     
    Ermənistan rəsmilərinin açıqlamalarına əsasən belə demək olar ki, İrəvanın qarşıdangələn Brüssel danışıqları ilə bağlı gözləntiləri əsasən ölkə üçün təhlükəsizlik təminatları ilə bağlıdır. Hərçənd, müvafiq təminatlar dolayı yolla artıq Fransa ilə Almaniya tərəfindən yazılı şəkildə verilib və bu, Qranada bəyannaməsində öz əksini tapıb. Paralel olaraq, Aİ-nin Ermənistandakı missiyası da yerdə bu təminatların bir hissəsi kimi çıxış edir. Həmçinin, ABŞ tərəfindən də Ermənistan üçün təhlükəsizlik təminatları yazılı şəkildə olmasa da, şifahi formada ən yüksək səviyyələrdə səsləndirilib.
     
    Nəticə
     
    Sülh müqaviləsinə doğru gedən prosesdə arxada qalan müddətə nəzər saldıqda ziddiyətli mənzərə ortaya çıxır. Belə ki, son 3 ildə həm Azərbaycan, həm də Ermənistan bu istiqamətdə əlindən gələni edib. Lakin əgər Bakı tərəflər üçün məqbul formada və ədalətli prinsiplər əsasında müqavilənin tezliklə imzalanmasına səy göstəribsə, İrəvan tam əksinə, konstruktiv olmayan mövqe sərgiləməklə və  qeyri-məqbul şərtlər irəli sürməklə bu mühüm sənədin imzalanmasından boyun qaçırmağa çalışıb. Bütün bunların nəticəsi kimi sülh prosesi hazırda olduğu nöqtəyə gəlib çatıb.
     
    Ermənistan anlamalıdır ki, Azərbaycanla mümkün sülh müqaviləsi bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik mühitini normallaşdıracaq ki, bu da ilk növbədə məhz rəsmi İrəvanın maraqlarına və gözləntilərinə uyğundur. Bölgədə böyük güclərin rəqabəti daim mövcud olub və bundan sonra da olacaq. Lakin sülh müqaviləsilə region ölkələri bu rəqabəti idarə edə biləcəklər. Halbuki, əgər müvafiq sənəd imzalanmazsa perspektivdə bölgədə yeni münaqişələrin baş verməsi qaçılmaz olacaq.

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi