Bölmələrimiz tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə sıradan çıxarılıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusuna məxsus 10-dək tank, 6 ədəd “D-20” top, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində Ermənistan ordusu hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları zirehli texnikaların, düşməndən əldə olunan hərbi qənimətlərin videogörüntülərini paylaşıb.
“Azərkosmos” ASC işğaldan azad olunmuş Cəbrayıl şəhərinin “Azersky” peykindən əldə edilmiş təsvirini yayıb.
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində oktyabrın 8-i saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.
Azərbaycan Ordusunun bölmələri düşmənin zirehli texnikasını məhv etməyə davam edir.