Üçü birlikdə yaşanan, yaşadığımız və yaşanacaq zamanı özündə əhatə edir.
Amma keçmiş dedikdə, biz sadəcə, ötüb-keçən zamanı xatırlamamalıyıq. Belə olsaydı, Quran keçmiş üzərində bu qədər durmazdı. Quran tarix kitabı olmasa da, ayələrinin 3/2 keçmiş ümmətlərin hal və hekayələrindən bəhs edir və buna "qissə" adını verir. Yəni tarixin bir kəsim dövrü. Bəs tarix özü nədir? Tarix əslində elm deyil, o elmlərin anasıdır. Bu mənada keçmiş zaman, zamanın anasıdır. Başqa sözlə desək, varlığın anasıdır. Çünki zaman olmadan maddə təsəvvür olunmaz. İnsanlıq maddi varlıq olaraq zamandan asılı maddi aləmə tabe və təslim olduğundan sözün əsl mənasında zamanın məhkumudur.
Zaman və məkanı var edən isə onların hakimidir. Bu da o deməkdir ki, zaman da məkan kimi məxluqdur (yəni yaradılmışdır).
Quranın nazil olduğu Məkkə dövrünə nəzər saldıqda, burada sayı bir o qədər də çox olmayan materialist yönümlü bir dəstə ilə qarşılaşırıq. Onlara "Dəhrilər" deyilirdi. Dəhrilər, əslində Yəmən materializmin mənsubları idilər. Onların əqidəsinə görə, bəşər övladı zamanda var olmuş, zamanda ömür edir və zaman da onu məhv edəcək. Qədim tarixi qaynaqlarda belə bir əqidə sahiblərinin sayı 12 nəfər göstərilir. Onların sayı az olsa da, şəhərin aparıcı qüvvələri olsalar da, belə bir əqidənin meydana gəlməsinə səbəb olurlar.
Yenidən Quranın zaman və məkana olan baxış və təqdimatına nəzər salaq.
Burada əncirə, zeytuna və əmin-amanlıq şəhərinə and içilir. Hikmətlə dolu olan Quranın sadəcə hansısa meyvə və onların yetişdiyi yerə and içməsi onun fəsahət və bəlağətinə yaraşmaz. Bəs bu meyvələrdən məqsəd nədir?
Əncirə ərəb dilində "tin" deyilir. Hər iki meyvəyə də eyni adlı surədə (Məkkədə nazil olan 95 ci Tin surəsində) and içilir. "Vət-tini vəz -zə ytun" (And olsun əncirə və zeytuna). Məqsəd hər iki meyvənin bitdiyi yerdimi? Bildiyimiz kimi, Musa peyğəmbərə vəhy Sinay dağında (əncir yetişən dağda), İsa peyğəmbərə isə zeytun yetişən vadidə vəhy olur. Ayənin davamında isə "və hazəl bələdil əmin" ("and olsun əmin-amanlıq içində olan şəhərə (Məkkəyə)) deyilir. Demək, ayədəki andlarda məqsəd həm məkan, yəni vəhyin nazil olduğu yer, həm də zamandır. Yəni Musa, İsa və Muhəmməd peyğəmbərlərin peyğəmbərlik etdikləri zaman. Belə ki, 2-ci ayədə keçən əmin-amanlıq içində olan yer vəhyin ilk dəfə nazil olduğu və 13 il davam etdiyi Məkkə şəhəridir.
(Ardı var)