Azərbaycanda insan günaha batırılıb.
Köhnə adamlar danışır ki, Sovet vaxtı 10 ton pambıq yığırdın. Dövlətə verəndə yazdırırdılar ki, 12 ton yığmışdım, amma 10 ton verdim. O 2 ton sənin günahın idi. Yəni istənilən vaxt əlli-ayaqlı gedə bilərsən. Ömrü o qorxu ilə yaşayırsan.
Günah dini ifadədir. Yəni cinayətindir.
Əksər insanın həyatını araşdırsan, hərənin bir zibili var. O zibillər sənin susmağın üçündü. Adamlar da nə işlə məşğul olduğunu özləri yaxşı bilir deyə sakitcə oturublar yerlərində. Daha doğrusu, hərə öz günahının əsirinə çevrilib. Hərə kürəyində 3-5 il cinayət işi ilə gəzir. Şəhər, kənd, el-oba, məktəblər, idarələr, dövlət qurumları, media xırda-xırda cinayətlərə bulaşmış adamlarla doludu.
Rüşvət verən kim, rüşvət alan kim, vergidən yayınan kim, dələduz kim... Hamısına da göz yumulur. Göz yummaq azdı. Şərait də yaradılır ki, insanlar daha çox günaha batsın. Ölkədə yaşamağı o qədər çətinləşdiriblər, günaha batmamaq, demək olar ki, mümkün deyil.
Cinayət Məcəlləsində o qədər maddə var. Nöqtə nə bilim nə, nöqtə mə bilim nə... Azərbaycanda yaşayasan, o maddənin biri sənin əyninə olmaya. Mümkün deyil. Tutan da günahın içindədi, tutulan da. Qaçan da günah içindədi, qovan da. Bizim kimi cəmiyyətləri sabit saxlayan günahdır.
Xalamın əri deyir ki, polis görəndə bütün zibillərim yadıma düşür. Hərdən də belə adamların birini ifşa edirsən, o birisilərin hamısına görk olur. Yəni sizin kim olduğunuzu, nə işlə məşğul olduğunuzu bilirik. Heç kim çaşmasın.