BLOQ

Ermənilərdə mina xəritəsi var, ya yox?

Əsl mina xəritəsi necə olmalıdır?

Ermənilərdə mina xəritəsi var, ya yox?
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Kim düşünürsə ki, Ermənistan nəyinsə müqabilində bizə minalanmış ərazilərin xəritəsini verəcək, buna inanmaq, sadəcə, ya sadəlöhvlükdür, ya da ki, sözun əsl mənasında axmaqlıqdır. Çünki yoxdur!

    Mina basdırılması xəritəsi üç ədəd surəti çıxarılmış eyni xəritədən ibarət olur. Yəni bir ərazinin minalanması üç eyni xəritədə (sənəd) göstərilir. Onlardan biri həmin əraziyə nəzarət edən hərbi hissənin məxfi hissəsində olur, eyni ikincisi həmin hərbi hissənin tabe olduğu diviziya və ya Korpus
    Birləşməsinin Məxfi hissəsində saxlanılır, üçüncü xəritə isə həmin dövlətin Müdafiə Nazirliyinə göndərilir.

    44 günlük müharibədə ermənilərin Qarabağda tikdiyi hərbi hissələr tərəfimizdən göturuldu. Kifayət qədər mükəmməl məxfi sənədlər ələ keçirildi. Döyüş haztırlığından tutmuş hansi tankın, topun, manqanın, tağımın harada yerləşdiyinə qədər - hamısı, elə məxfi sənədlər var idi ki, buna görə Ermənistan indi də çox acizdir. Amma bir dənə də olsun mina sahəsinin xəritəsi tapılmadı. Elə hərbi hissə və onların məxfi şöbələri var idi ki, qapısı açılmamışdı, möhürləri sındırılmamışdı, olduğu kimi qalırdı.

    Bizdə də belə idi. Mina sahəsini xəritədə mükəmməl işləmirdik, basdırırdıq, sadəcə, iki sahənin arasından gediş-gəliş üçün bir cığır, yol qoyurduq və hamı bilirdi ki, bu yolun, bu cığırın sağ və solu mina sahəsidir. Az olubmu ki, öz basdırdığımız minaya özümüz düşmüşük? Bu bir bəladır, xəritə olsa da, olmasa da.

    Əfqanıstanda müharibə 1988-ci ildə bitib, hələ bu günə kimi orada hər gün minaya düşürlər.

    44 günlük müharibədə isə qaçhaqaçda kimin, hansısa bir əsgərin və ya zabitin əlində... bölüyün, taborun balansında nə olubsa, hamısını yerə basdırıblar, minadan tutmuş digər partlamamış sursatlara qədər hamısını, hətta qab-qacaqlarına kimi... İşgaldan azad olunmuş kənd və qəsəbələrdə, məktəblərdə, evlərin içərisinin giriş qapılarının, pəncərələrin arxasına sürpriz olaraq əl qumbarası bağlayıb çıxıblar ki, azərbaycanlılar gəlib qapını açsalar partlayış olsun. Bu, sadəcə, qisasdır. Mən hətta iki ədəd 85 mm minamyot mərmisinin bir-birinə "skoç"la bağlanaraq ortasına əl qumbarasının qoyulmasının şahidi də oldum. Bəs bu hansı xəritədə göstərilib? Evlərin həyətyanı əkin sahələrində, tövlədə, toyuq hinində, uçmuş, dağılmış ev divarlarının arasında, su quyularında, lazımsız dərin quyularda - hər yerdə var.

    Əsl xəritə ona hesablanır ki, birinci basdırılan mina ilə ikinci, üçüncü, dördüncu və s. 1000-ci basdrılan minanın arasında nə qədər məsafə var, adı, markasi göstərilir. Erməni Qarabağa minanı sanki yerə buğda əkirmiş kimi, kortəbii olaraq toxum kimi səpib. Bulaq, kəhriz sularının üstü ətrafi hamısı belədir. Ta o vaxta kimi ki, hər yer qarış-qarış, hər daş-kəsəyin altı yoxlanmalıdır. Xəritə olsa da, olmasa da. Mən bu qədər xidmət etdim, hələ bu günə kimi 1 metr 50 sm dərinliyində mina basdırılmasını görməmişdim, ancaq bunu da gördum. Ermənistan, sadəcə, vaxt udmaqla müharibəyə hazırlaşır. Ermənistanda heç bir mina xəritəsi yoxdur.