BLOQ

BRİKS-in genişlənməsi: Azərbaycan üçün yeni imkanlar

Müasir dövrdə qarışıq tipli beynəlxalq təşkilatlar formalaşır

BRİKS-in genişlənməsi: Azərbaycan üçün yeni imkanlar
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Beynəlxalq təşkilatların klassik təsnifatı bu qurumları öz fəaliyyət sahələri və məqsədlərinə görə ənənəvi olaraq siyasi, iqtisadi və hərbi olmaqla müxtəlif kateqoriyalara aid etməyə imkan verir. Məsələn, SSRİ dağıldıqdan sonra Rusiya  ətraf ölkələrin iştirakı ilə MDB (siyasi), Aİİ (iqtisadi) və KTMT (hərbi) kimi strukturlar yaradıb. Lakin günümüzdə bu bölgü getdikcə daha şərti xarakter alır. Müasir dövrdə artıq qarışıq tipli beynəlxalq təşkilatlar formalaşır ki, onlardan biri də hələ rəsmi olaraq təşkilat statusu daşımayan, amma bu istiqamətdə irəliləyən BRİKS-dir.
     
    Genişlənən qlobal platforma
    Əgər yuxarıda adıçəkilən və Rusiyanın bilavasitə səyləri ilə qurulan təşkilatlar daha çox lokal-regional xarakter daşıyırsa, BRİKS formalaşmaqda olan qlobal miqyaslı bir təşəbbüsdür. 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən əsası qoyulan bu platforma sonradan öz sərhədlərini xeyli genişləndirib. 2011-ci ildə CAR, 2024-cü ildə isə İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Efiopiya BRİKS-ə qoşulub. Hazırda BRİKS ilk növbədə sayları getdikcə artan Qlobal Cənub ölkələri üçün məsləhətləşmə meydançası rolunu oynayır.
     
    İştirakçı dövlətlər bir çox məsələlərdə fərqli mövqelərdən çıxış etsələr də, onları iki mühüm məqam birləşdirir. Bunlardan birincisi geniş mənada Qərbə olan münasibətdir. Bir qayda olaraq, BRİKS üzvü olan ölkələr Qərb mərkəzli təkqütblü dünya nizamına qarşı çıxır, bu nizamın yeni - çoxqütblü sistemlə əvəzlənməsini dəstəkləyir. Bu ölkələrin çoxu Qərblə əməkdaşlıq etsə də, Vaşinqtonla münasibətlərdə üstün deyil, bərabərhüquqlu tərəfdaş qismində çıxış edir.  
     
    Bu səbəbdən BRİKS iştirakçılarının bir qismi G20-nin üzvü olsalar da, müəyyən məsələlərin müzakirəsi üçün alternativ platformaya ehtiyac duyur. BRİKS-ə qoşulmaq da məhz elə bu ehtiyacdan doğur. Qrup ölkələrini, xüsusilə də onların yeni dalğasını birləşdirən digər mühüm məqam bu dövlətlərin hər birinin öz regionunun lideri olmaq iddiasıdır. Beynəlxalq nüfuzunu getdikcə artıran ölkələr BRİKS-in imkanlarından istifadə edərək, qlobal resursların daha ədalətli bölgüsünə nail olmağa, dünyanın gələcəyilə bağlı qərarların verilməsi prosesində söz sahibi qismində çıxış etməyə çalışırlar.
     
    Azərbaycan üçün yeni fürsətlər
    Azərbaycan hazırda Ermənistanla sülhün rəsmiləşdirilməsi astanasındadır. Tərəflər arasında sülh sazişinin imzalanmasından sonra gözlənilən Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşması, eləcə də regional kommunikasiyaların açılması prosesi ölkəmizin gələcək inkişafı üçün yeni fürsətlər yaradır. Bu kontekstdə İranın BRİKS-ə daxil olması ilə birliyin Azərbaycan sərhədlərinə iki tərəfdən çatması rəsmi Bakının qarşısında əlverişli imkanlar açır. Bu gün BRİKS ölkələrinin qlobal ÜDM-dəki payı 36%-dir. 2040-cı ilə qədər bu rəqəmin 45%-ə yüksələcəyi gözlənilir ki, bu da dünyanın əsas inkişaf etmiş iqtisadiyyatları sayılan G7 ölkələrinin analoji göstəricisindən iki dəfə çoxdur.
     
    Azərbaycan belə nəhəng iqtisadi potensialı olan bir platforma ilə qonşuluqdan maksimum faydalanmalıdır. Xatırlatmaq yerinə düşər ki, Hindistan, İran və Rusiya kimi BRİKS ölkələrini birləşdirən “Şimal-Cənub” dəhlizinin Qərb marşrutu məhz Azərbaycan ərazisindən keçir. BRİKS-in genişlənməsi isə qrup ölkələri arasında Cənubi Qafqaz, o cümlədən Azərbaycan üzərindən aparılan qarşılıqlı ticarətin artmasını qaçılmaz edir.
     
    BRİKS ölkələrini birləşdirən yuxarıda qeyd olunan iki mühüm meyar Azərbaycan üçün də keçərlidir. Belə ki, ölkəmiz Qərblə əməkdaşlıq etsə də, onun diktəsini qəbul etmir və yalnız bərabərhüquqlu tərəfdaşlığı dəstəkləyir. Digər tərəfdən, bir çox parametrlərə görə, regonun lider dövlət məhz Azərbaycandır. Ermənistanla gözlənilən sülh müqaviləsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün yeni dövrün başlanğıcı olacaq. Məhz bu yeni dövrün tələblərinə uyğun olaraq, Bakı perspektivli tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməli və BRİKS-ə qoşulma imkanlarını nəzərdən keçirməlidir.

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin şərhi