Sənətkarı öldürən səbəblər
Kiminsə ağlına gələrdi ki, Rəşid Behbudov, Şövkət Ələkbərova toylardan çörəkpulu qazanır?
Zəhləmgetmiş sovetlərin vaxtında müğənnilər radio, tv solistləri idilər, bütün rayonlara qastrola gedib o pulla alababat dolanırdılar. “Levı” gəlirləri də vardı əlbəttə, hörmət, imtiyaz - amma kiminsə ağlına gələrdi ki, məsələn, Rəşid Behbudov, Şövkət Ələkbərova toylardan çörəkpulu qazanır? Mümkün deyildi. Çünki müğənni konsertlərdə böyüyür. Toya girdinsə, hər şey bitir - başlanır "dınqıra" məclisi. Melodiyaya fatehə oxunur, ritm dəyişir, zövq kütlə dalınca sürünür. Ona görə də, hətta ərəb ölkələrində verdiyi konsertlərdə kilo ilə qızıla tutulan Zeynəb xanım bu gün şəhadət barmağını yuxarı qaldırıb deyir ki, sənət hər şeydən ucadır, onu alçaltmaq olmaz. Yəni sözü budur - SSRİ xalq artisti loru dili ilə desək, “manıs”, “civi” kimi tanınmamalıdır! Yeri gəlmişkən, elə fəxri adlar da sovetlərdən qalma möhürdür. İntəhası o adı verən qurumlar bazar qanunlarına köklənib, sənətkarı nə yetişdirir, nə də qoruyurlar.
Bazar da bazar ola! Bir neçə il əvvəl Bülənd Ərsoyun İstanbuldakı elit restoranda konsertinə getdik. 1 saatlıq proqramını ifa edirdi. Hünərimiz nə idi, ona nəsə sifariş verək? Ya Bülənd səhnədə guruldayanda ağzımlza bir tikə qoyaq? Siçan kimi səssizcə dinlədik, axırda məxsusi onun üçün bahalı restorana gələnlərin ödədiyi böyük məbləğlərdən faizini alıb getdi…
Biz isə yazırıq ki, Aygün Bəylər Sarayda solo konsert vermək üçün evini banka girov qoydu, tək aparıcı ondan 20 min qonorar istədi (nə olsun ki, adlar dəyişib, indi “korporativ”, ya “şou” sözləri dəbdədir, məclislərin məğzi ki "tolkuçka"dır. Yazırıq ki, evini itirdiyi əsnada ağır xəstəlik tapdı. sonra hökumət ona mənzil bağışlayanda sevindiyindən ağladı və sair və ilaxır...