BLOQ

Bir qalanın sirri

Strasburqda Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərə yenidən baxılması ilə bağlı qətnamə qəbul edilib

Bir qalanın sirri
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında Qarabağdakı 2023-cü il Sentyabr və Oktyabr aylarındakı vəziyyətlə əlaqədar Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərə yenidən baxılması və sanksiyaların tətbiqinin zəruriliyi ilə bağlı qətnamə qəbul edilib.

    Sənəddə deyilir: “Avropa Parlamenti son hadisələri və ölkədə insan haqlarının vəziyyətinin pisləşməsini nəzərə alaraq Avropa Şurasının Azərbaycanla münasibətlərinə tam yenidən baxmağa çağırır”.

    Avropa Komissiyasından “Azərbaycanın beynəlxalq öhdəliklərini pozduğuna” görə Bakı ilə enerji sahəsində strateji tərəfdaşlığa “tezliklə yenidən baxması” tələb olunur. Xüsusilə, “Ermənistana qarşı hərbi təcavüz və ya hibrid hücumlar olacağı təqdirdə” Azərbaycandan qaz və neft idxalından asılılığın azaldılması və bu tədarüklərdən tamamilə imtina edilməsi təklif edilir.

    Yadımdadır, uzaq 2004-2005-ci illərdə Strasburqa tez-tez ezamiyyətə gedərdim. Məqsəd Avropa Şurasına yeni qəbul edilmiş Azərbaycan haqqında demokratik ölkə imici yaratmaq idi. O zamanlar Azərbaycan doğrudan da Ermənistandan qat-qat demokratik ölkə idi. Ən azı, Azərbaycanda Ermənistanda müxbir məntəqəsi olan ANS teleradio şirkəti var idi. O vaxtlar ANS-in həqiqətən müstəqil imici bir çox beynəlxalq tribunalarda Azərbaycanın adını demokratik ölkə kimi zirvələrə qaldırır və qərb siyasi dairələri ölkəmizə dəstək olurdular. O vaxtlar Azərbaycana hələ demokratik imic lazım idi və Qarabağ probleminin həllində Avropanın demokratik institutlarının dəstəyinə inam var idi. Yeri gəlmişkən, Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındaki (AŞPA) nümayəndə heyyətinin səyləri nəticəsində Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli məsələsində 2005-ci ilin 25 dekabrında, qış sessiyasında aparılan müzakirədə “ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 saylı qətnamə qəbul edildi. Parlament Assambleyası qətnamədə Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu bir daha təsdiq edərək, etnik düşmənçilik və onu müşayiət edən hərbi əməliyyatların çoxlu sayda insanın etnik əsasda qovulmasına və monoetnik ərazilərin yaradılmasına gətirib çıxardığına dair narahatlığını ifadə etdi.

    Assambleya Avropa Şurasının üzvü olan Ermənistanın Azərbaycan ərazisini işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərini kobud şəkildə pozması demək olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüş şəxslərin təhlükəsiz və ləyaqətlə geri qayıtması hüququnu bir daha təsdiq etdi. Assambleya, həmçinin, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, Ermənistanı onları yerinə yetirməyə, xüsusilə də, işğal olunmuş ərazilərdən hərbi qüvvələri çıxarmağa çağırdı. Aşağıda həmin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə qəbul etdiyi qətnamələrini yadınıza salmaq istəyirəm:

    1. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə Qətnamələri
    2. BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il 822 saylı Qətnaməsi
    3. BMT-nin Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il 853 saylı Qətnaməsi 
    4. BMT-nin Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qətnaməsi
    5. BMT-nin Təhlükəsizlik Şurasının 11 noyabr 1993-cü il 884 saylı Qətnaməsi
    6. Təhlükəsizlik Şurası sədrinin bəyanatları 
    7. Təhlükəsizlik Şurası sədrinin bəyanatı (12 may 1992-ci il) 
    8. Təhlükəsizlik Şurası sədrinin bəyanatı (26 avqust 1992-ci il)
    9. Təhlükəsizlik Şurası sədrinin bəyanatı (27 oktyabr 1992-ci il)
    10. Təhlükəsizlik Şurası sədrinin bəyanatı (29 yanvar 1993-cü il)
    11. Təhlükəsizlik Şurası sədrinin bəyanatı (6 aprel 1993-cü il) 
    12. Təhlükəsizlik Şurası sədrinin bəyanatı (18 avqust 1993-cü il)
    13. Təhlükəsizlik Şurası sədrinin bəyanatı (26 aprel 1995-ci il)

    … və üstündən 30 il keçəndən sonra BMT və Avropa Şurasının Ermənistan və ermənilərdən tələb etdityi hüquqi və insani ədaləti uzun illər intizarında olan Azərbaycan tərəfi öz gücü hesabına bərqərar edəndən və bu mötəbər beynalxalq təşkilatların nüfuzuna dəyən ləkəni siləndən sonra haqqlarını bərpa edən tərəfə qarşı təzyiq, hədə-qorxu, demarş…

    Metamorfozalarla bol olan Fransanın şərqi, Aımaniya ilə sərhəddə yerləşən Strasburq şəhəri qədim Almaniyanın Reyn vilayətinin ərazisi olduğundan əvvəllər Ştrasburq adlanırdı. Yəni Ştrasseburg Azərbaycan dilinə tərcümədə “Strasse” – “yol”, “burg” — “qala” deməkdir. Almaniyadan əvvəl bu ərazi Roma imperiyasına məxsus olaraq, adı Arqentorat olub. Bu adın latın dilindən tərcüməsi də elə “Yol üstündə Qala” mənasını verirdi. Bu toponimin dəfələrlə dəyişməsi hələ Arqentoratdan əvvəl də təsadüf edib və bu təəccüblü deyil - axı Strasburqda hələ eramızdan əvvəl 600-cü ildə də yaşayış olub. Bu gün də Strasburq Avropa iqtisadiyyatı və siyasətini müəyyənləşdirən qədim və möhtəşəm Qaladır və in şa Allah, 2005-ci ildə olduğu kimi, iqtisadçı və siysətçilərimizin səyləri nəticəsində azərbaycanlıların Xankəndi, Şuşa, Ağdərə, Xocavənd və digər Qarabağ şəhərlərinə aparan yolda dayanmaz!