BLOQ

Sözardı

İcazə verin, Rəsulzadəyə yalnız sözdə ifadə olunan “təəssüb”ünüzün səmimiliyinə inanmayım!

Sözardı
  • Oxuma müddəti:

    32 dəqiqə

  • Nərimanovun büstü ilə bağlı başlamış diskussiya gedişində yazdığım “Azərbaycan cəmiyyətində Rəsulzadə “təəssübü” və Nərimanov “nifrəti” başlıqlı 3-cü məqalədən sonra həmin diskussiyanın özünə dair 4-cü yazının olacağı barədə qeydimi bir gündən sonra sildiyim yəqin ki, diqqətli oxucuların nəzərindən qaçmadı.

    Lakin bu sonuncu yazını gözləyən oxuculara hörmət əlaməti olaraq çox sərt, bəzən qəbuledilməz ibarə və təhqirlərin yer aldığı bu diskussiyanın xarakteri və cəmiyyətdəki hansı təmayüllərin təzahürü olduğuna dair artıq fikrimdə hazır olan geniş təhlildən imtina etməyimin səbəblərinə və yazımdakı bəzi açılmamış məqamlara aydınlıq gətirmək üçün hər halda bir sözardı yazmaq qərarı verdim.

    Əslində sırf tarixi mövzu olaraq başlamış bu fikir mübadiləsinə AMEA Tarix İnstitutu başda olmaqla müvafiq elmi qurumların, xüsusilə mövzu üzrə ciddi mütəxəssislərin nə üçün qatılmadığı barədə müzakirələri diqqətlə izləyən həmkarlarıma verdiyim suallara aldığım cavablar məndə ilk tərəddüdlər yaratdı. Tarixi mövzuların daha çox subyektivliyə, ideolojiləşdirməyə, siyasiləşdirməyə və konyunkturaya məruz qaldığı cəmiyyətimizdə sosial şəbəkəyə çıxarılmış “müzakirələrdə” sırf elmi yanaşmaya yer olmadığı, obyektiv fikrin qəbul edilmədiyi kimi arqumentlər, mənim özümün də vaxt və əsəb sərf edərək bu “bəsit, səviyyəsiz, ifrat radikal söz çəkişmələrinə baş qoşduğum”a dair həmkarlarımın heyrəti qarşısında onların bəzi müddəaları ilə razılaşmalı oldum. Hərçənd tarixi mövzuların sosial şəbəkələrdə deyil, elmi müstəvilərdə rahatlıqla müzakirə etmək imkanı və daha çox faydası olduğunu qəbul etsəm də cəmiyyətdəki maraq və maarifçilik baxımından belə yanaşmaya bir qədər şübhəm qaldı.

    Amma bu diskussiyaya hər halda qatılmış digər professional tarixçilərin “cavabları” bütün gözləntilərimi aşdı. Cümhuriyyət dövrü tədqiqatçıları, eyni zamanda “Müsavat” partiyasının üzvləri olan bu tarixçilər də hər hansı sağlam elmi-tarixi baxış ortaya qoymadan Nərimanov şəxsiyyətinə onlardan fərqli münasibət bəsləyənləri sırf ideoloji ştamplarla damğalamaqla kifayətləndilər. Nərimanovun siyasi fəaliyyəti haqqında hər hansı fikirləri mütləq olaraq “Nərimanov yoluna haqq qazandırmaq cəhdləri” kimi qiymətləndirən bir hörmətli tarixçimizin öz həmkarlarının ünvanına “özlərinə tarixçi alim deyənlər” ifadəsindən tutmuş – “köklərinin “Sovet dönəmində olduğu”na qədər, “İstiqlal düşüncəsi”nə, “sağlam tarix şüuruna malik olmamaqda” ittiham etməsi xüsusilə ağır təəssürat qoydu.

    Bu halda Borçalı camaatının “gürcüstanlı” Nərimanova olan təəssübünü bölüşmədiyi üçün bu “gürcüstanlı” tarixçiyə qarşı iradlarına verilən cavab – Nərimanovun əvəzinə Əli Mərdan bəy Topçubaşovu (yəni başqa bir tiflislini-gürcüstanlını) “Borçalı türklərinin simvolu, qürur mənbəyi seçmək” (?!) məsləhəti görən həmin “sağlam tarixi şüur”un hansı qatını əks etdirir ? Tarixi şəxsiyyətləri “yerliçilik” prinsipi əsasında dəyərləndirmək, Məhəmməd Əmin Rəsulzadəni bakılıların, Nəsib bəy Yusifbəylini gəncəlilərin, Xosrov bəy Sultanovu qarabağlıların “simvoluna” çevirmək həqiqətənmi cəmiyyətdə “istiqlal düşüncəsinin oturuşmasına” xidmət edər?

    “Müsavat” partiyası mənsublarından başqa bir tarixçinin, Rəsulzadənin bioqrafının daha irəli gedərək kommunist ideologiyası və Sovet dövrü tarixindən yazan həmkarlarını “Azərbaycan istiqlal tarixini bilməyən”, istiqlal məfkurəsinin yaradıcıları olan şəxsiyyətləri dəyərləndirməyə qadir olmayan “bəsit düşüncə sahibləri” sayır, Nərimanovla bağlı diskussiyada “revanş götürmək cəhdlərində” ittiham edir, “müstəqil Azərbaycanın “Sovet alimləri” adlandırır. Yaşı, təhsili və elmə gəlişi Sovet dönəmi ilə bağlı bu tarixçi özünün məhz Sovet dövlətinin yaratdığı imkanlar şəraitində tədqiqatçı kimi yetişdiyinin fərqinə varmadan, yəni ən azı öz təcrübəsindən çıxış etmədən, Sovet quruluşunun heç bir müsbət tərəfini görməyərək, həmkarlarının o dövrə hər hansı bitərəf, obyektiv qiymət vermək cəhdlərini “müsavatçılıq fikirlərinin, Cümhuriyyətin özünü onun əleyhinə olan zərərli ideologiyaya qurban vermək həddi” kimi qiymətlləndirir. Bütün arqumentlərini yalnız Rəsulzadənin “bolşevizmi lənətləyən” sitatları üzərindən qurmuş tarixçi bu zaman Rəsulzadənin özünün II dünya müharibəsi dövrü Sovet Azərbaycanından olan əsir gənclərlə ünsiyyətindən aldığı təəssüratlarını nə qədər ədalətli, obyektiv qiymətləndirdiyi, sovet təhsil sistemi sayəsində bu gəncliyin öz dilində ən azı on illik savadı olduğu, Azərbaycan ədəbiyyatında milli ruhun saxlandığı və d. bu kimi sitatlarından nümunələr götürməyi lazım bilmir.

    Dövrün iki əks ideoloji cərəyanlarını kompleks şəkildə araşdıran, onların bir-birinə zidd mahiyyətini acıqlamaqla müvafiq elmi nəticələrə gələn tədqiqatçılar haqqında “bir əlini Rəsulzadə, o biri əlini Nərimanov düşüncə sisteminə uzatmaq” kimi populist bir fikir yürüdən bu tarixçi həmin alimləri Cümhuriyyət qurucularının “dövlətçilik təfəkkürünü” dərk edə bilməməkdə qınayarkən, özünün də sosialist və kommunist ideologiyalarının nəzəri əsaslarını, bolşevizm cərəyanı şəklində ortaya çıxması və fərqli bir “dövlətçilik təfəkkürü” kimi formalaşması tarixindən tam bixəbər olduğunu ortaya qoyur. Bu zaman müzakirə mövzusuna yalnız özünün araşdırdığı mövqedən, yəni bildiyi məsələlər çərçivəsində yanaşmaq məcburiyyətində qaldığı aydınlaşır. Maraqlıdır ki, bolşevizmi üzvü olduğu “Müsavat” partiyasının bölüşdüyü “müsavatçılıq” fikri “zirvəsindən” qınayan həmin tədqiqatçı bu zaman tənqid etdiyi həmkarlarına qarşı bolşevizmin ən ifrat metodlarından birini tətbiq edir, lakin ənənəvi “burjua alimləri” əvəzinə bu dəfə “Sovet alimləri” damğasını işlədir.

    Təbii ki, hər bir vətəndaş kimi tarixçinin, alimin də seçdiyi siyasi ideologiyaya uyğun müvafiq partiyanın üzvü olmaq haqqı vardır. Lakin bu zaman “özünü tarixçi alim adlandıran” şəxslər partiya mənsubiyyətindən çıxış edərək öz mövqelərini elmə gətirməməli, bölüşüb-bölüşmədiyi, qəbul edib-etmədiyi hər hansı ideologiyaya, fakt və hadisəyə kənardan baxmağı, mümkün qədər obyektiv qiymət verməyi bacarmalıdır. Yalnız bu halda opponent olduğu həmkarlarına qarşı elmi etik qaydalara əməl etmək mümkün olur, “Azərbaycan alimi”, “Sovet alimi” və s. kimi təyinatlı ifadələrə ehtiyac qalmır, sadəcə alim olmaq kifayət edir.

    Bu sonuncu fikrə nümunə kimi, Nərimanov şəxsiyyətinin, siyasi görüşləri və fəaliyyətinin ən ciddi tədqiqatçısı Firdovsiyə xanım Əhmədovanın “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dövlətçiliyi tarixində yeri” məqaləsini oxumağı israrla tövsiyə edirəm. (Bax: I Beynəlxalq Rəsulzadə qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində”. Bakı, 2022, səh: 86-115)

    Sözü gedən diskussiyada Nərimanova qarşı ifrat həddə çatmış radikal, kəskin ifadələr və sözlər arasında “xain” kəlməsinin işlədilməsi diqqət çəkməklə, sıradan sadə məsələ deyildir. Nəinki bu dövlət xadiminə, ümumiyyətlə tarixi şəxsiyyətlərə aid həmin kəlmənin tarixçilər tərəfindən gündəmə gətirilməsi isə ümumiyyətlə qəbuledilməz, elmi yanaşmaya yad, siyasi baxımdan zərərli bir təmayüldür. Belə ki, hər hansı bir dövlət xadimi və ya xadimlərinin tarixi-siyasi proseslərin gedişində qəbul etdikləri ayrı-ayrı qərar və tədbirlərin ümumi tarixi kontekstdən çıxarılmaqla və səbəb-nəticə prinsipi pozulmaqla “xəyanət” kimi qiymətləndirilməsi artıq təhlükəli bir presedent halı almışdır. Belə bir yanaşma və təfəkkür sahibləri “Xain liderlərin” yaratdığı bir dövlətdə, tarixçisindən tutmuş fərqli, tənqidi mövqe nümayiş etdirən hər vətəndaşın “vətən xaini” sayıldığı bir cəmiyyətdə “yaşadıqlarının” nə dərəcədə fövqündədirlər ?

    Son illər elmi və ictimai fəaliyyətimə görə məni bir qayda olaraq Cümhuriyyət tarixçisi kimi qəbul edən bəzi oxucularımda bu diskussiyada Nərimanovla bağlı tutduğum mövqenin yaratdığı çaşqınlığa da aydınlıq gətirməyi özümə borc bilirəm. Tarix elminə sol ideyalar, hərəkatlar və mətbuat tarixinin, Kommunist İnternasionalının Şərq (İran, Türkiyə, Azərbaycan, Orta Asiya) siyasətinin tədqiqatçısı kimi gəldiyimi vurğulamaqla, bu sahələrdə araşdırmalarımın sonralar istər 1918-ci il qırğınları və azərbaycanlıların soyqırımı səbəblərini, istərsə də qlobal ideyalar qarşıdurmasında Azərbaycan xadimlərini məhz milli dövlətçilik düşüncəsinə gətirən və Cümhuriyyətin yaranması ilə nəticələnən prosesləri daha geniş miqyasda anlamağa birmənalı müsbət təsir qoyduğu fikrindəyəm və bu məqamı bir alim kimi öz üstünlüyüm sayıram. Bu baxımdan diskussiyanın gedişində yəqin ki, həmin “çaşqınlıq” içində olan dəyərli oxucularımdan birinin Nərimanovla bağlı mövqeyimi mənim Moskvaya son səfərimlə bağlaması, yəni kiçik bir səfərin bu yaşımda və indiki səviyyəmdə elmi dünyagörüşümə təsir etməsinin mümkünlüyü fikri əvvəlcə yalnız bir təbəssüm oyatdı. Lakin bu məqam haqqında düşünərkən Nərimanovla bağlı mövqeyimin formalaşmasında həqiqətən bir səfərin, amma Moskvaya yox, Qazaxıstana və əslində iki səfərin həqiqətən böyük rol oynadığını xatırladım.

    2004-cü ildə görkəmli qazax sovet dövlət və siyasi xadimi, ziyalısı, türk xalqlarının hüquqları uğrunda mübariz, solçu-bolşevik, Türküstan KP Müsəlman bürosunun, daha sonra Türküstan MSSR MİK və XKŞ sədri Turar Rıskuovun anadan olmasının 110 illiyi münasibətilə Qazaxıstanın Türküstan şəhərində Əhməd Yasəvi adına Türk-Qazax universitetində keçirilən beynəlxalq konfransda iştirak edirdim. Rıskulov Kominternin Şərq Xalqlarının I qurultayında (Bakı, 1920) Türküstan nümayəndə heyətinə başçılıq etmiş, 1921-ci ildə RSFSR Millətlər üzrə Xalq Komissarlığının Azərbaycanda nümayəndəsi olmuş, türk xalqlarının birliyi məsələsində dəfələrlə Stalinlə münaqişəyə girmişdir. 1937-ci ildə RSFSR XKS sədrinin müavini vəzifəsində repressiyaya məruz qalmış və millətçilikdə ittiham olunaraq güllələnmişdir.

    Türkiyə yönümlü bir universitetdə Turar Rıskulov kimi sırf Sovet xadiminin yubileyinin keçirilməsini maraqla qarşılayaraq, onun Bakı qurultayında iştirakı haqqında məruzə hazırlamış və 1920-ci ildə Kominternin həmin qurultayın xronikasını əks etdirən 45 dəqiqəlik sənədli filmini də çıxışım zamanı nümayiş etdirmək üçün özümlə aparmışdım. Bu filmdə kamera Opera teatrında keçirilən qurultayın açılış günü səhnədə oturmuş Rəyasət heyətini ümumi planla yanaşı, onun üzvləri - Zinovyev, Radek, Nərimanov və digərlərini həm də bir-bir göstərirdi. Filmə diqqətlə baxan konfrans iştirakçılarının Turar Rıskulov ekranda görünən zaman qəfil reaksiyası sözlə ifadə ediləsi deyil. Bütün zal ayağa qalxaraq “Turar ATA” hayqırtısı ilə səhnəyə cumdu. Filmin nümayişi saxlanıldı, zal sakitləşəndən sonra həmin epizodu bir neçə dəfə təkrar göstərdilər. Turar Rıskulovun “görkəmli qazax dövlət xadimi”, “qazax xalqının böyük oğlu” və s. ibarələrlə qiymətləndirildiyi bu beynəlxalq elmi toplantıda Turar Atanı “canlı” görməyə imkan yaratmış “Azərbaycan alimi” kimi mən konfransın və universitetin ən əziz qonağı oldum.

    2012-ci ilin payızında həmin universitet tərəfindən daha bir görkəmli qazax sovet partiya və dövlət xadim, diplomat, filoloq, publisist, redaktor, naşir Nəzir Türyəkulovun 120 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransa dəvət edildim.

    1918-ci ildən bolşeviklərə qoşulmuş sol eser Nəzir Türyəkulov qazax dilində dövrün bütün kommunist nəşrlərinin redaktoru olmuş, Türküstan partiya və hakimiyyət orqanlarında ən yüksək vəzifələr daşımış, 1922-ci ildən Moskvada çalışmışdı. 1927-1936-cı illər indiki Səudiyyə Ərəbistanı tərkibindəki krallıqlarda Sovet İttifaqının ilk müsəlman səfiri kimi iki ölkə arasında yaradılmış əlaqələrə və şəxsi keyfiyyətlərinə görə bu ərəb dövlətində elə nüfuz qazanmışdı ki, 1937-ci ildə Stalin rejimi tərəfindən millətçilikdə və casusluqda ittiham edilərək güllələnəndən sonra Səudiyyə Ərəbistanı bu adama görə Sovetlərlə bütün diplomatik əlaqələrini kəsmiş və yalnız 1990-cı illərdə bərpa etmişdi.

    İndi özünü 1918-ci ildə cəmi 3 ay mövcud olmuş Kokand milli muxtariyyətinin varisi sayan Qazaxıstan Respublikasının elmi və geniş ictimaiyyəti təpədən dırnağadək Sovet dövlət xadimi olan soydaşlarının yubileyini ən yüksək səviyyəsində qeyd edirdi. Məclisə Alma-Atadan səfirlər, ölkənin müxtəlif vilayətlərindən akimlər (icra başçıları), xaricdən, hətta İrandan qonaqlar gəlmişdi. Mənə konfransın açılış mərasimində çıxış üçün söz veriləndə Nəzir Türyəkulovun 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayın təşkilindəki rolundan danışandan sonra bu təntənəli məclisə münasibət bildirməkdən özümü saxlaya bilmədim. Müstəqil, milli dövlət olan Qazaxıstanın öz Sovet keçmişinə bu qədər hörmətlə yanaşması, Kommunist partiyasının və Sovet diplomatiyasının qazax əsilli ən görkəmli xadiminə yubiley keçirməsini Qazaxıstanın siyasi xarakterindən asılı olmayaraq öz dövlətçiliyində bir varislik ənənələrinin əsasını qoyduğu və qoruduğu kimi qiymətləndirdim və müqayisə üçün Azərbaycanda Nərimanova olan fərqli münasibəti nümunə gətirdim. Məruzəmin bu hissəsi xüsusi diqqət doğurmaqla böyük razılıqla qarşılandı. Məndən sonra çıxış edən bir neçə nəfər, o cümlədən Universitetin rektoru bu məqamı ayrıca vurğuladılar, Qazaxıstanın da daxil olduğu bir ölkədə öz nümunəvi xidməti ilə Qazax xalqının adına, şərəfinə şöhrət gətirmiş hər bir qazax oğlunu Vətən övladı saydıqları, fəxr etdikləri, repressiya qurbanı kimi xatirəsini əziz tutduqları və s. kimi fikirlər söylədilər. Konfrans günlərində Nəzir Türyəkulovun Türküstan şəhərində ev-xatirə muzeyi açıldı, büstü qoyuldu, yerli dram teatrında Səudiyyə Ərəbistanındakı səfir həyatına həsr olunmuş tamaşa göstərildi.

    Bütün bu yubileylərin 2000-ci illərdə keçirildiyini bir daha xatırlatmaqda məqsədim qazaxların Nərimanovu sayılacaq bu iki tarixi şəxsiyyətə Azərbaycanla eyni, bəlkə də daha uğursuz milli hərəkat və Sovet dövrü taleyi yaşamış Qazaxıstan Respublikasının və cəmiyyətinin öz müasir dövlətçilik tarixi kontekstində göstərdiyi münasibətə diqqət çəkməkdir. Bununla yanaşı bu iki konfransın mənim Nərimanovla bağlı baxışlarıma da müəyyən təsir qoyduğunu etiraf etməliyəm. Nərimanovun Nəsib bəy Yusifbəyliyə münasibətində ən çox hallanan 1919-cu il 16 iyul tarixli məktubunu deyil, 1921-ci ilin mayında Azərbaycanın I Sovetlər qurultayındakı çıxışını heç cür qəbul edə bilmirdim, heç indi də etmirəm. Nəsib bəyin artıq həyatda olmadığı, faciəli surətdə qətlə yetirildiyi məlum olan bir vaxtda onun ünvanına kinayə dolu sözlər söyləməsini, ən dramatik dəqiqələrini yaşayan Cümhuriyyətin hakimiyyəti təhvil verdiyi səhnəni “komediya” adlandırmasını Nərimanov miqyasında bir ziyalıya və siyasi xadimə heç cür yaraşdırmırdım. Bu münasibətin arxasında siyasi rəqabətdən daha çox, Nərimanovun uzaq gənclik illərində dost saydığı Nəsib bəyə şəxsi rəqabətdə uduzması və aldığı qəlb yarasının yəqin ki, həyatının sonuna qədər sağalmadığı kimi daha çox məhz insan xislətinin, kin, paxıllıq, qəzəb hisslərin durduğu qənaətimi bu gün də saxlamaqla bərabər, xalqı qarşısında tarixi xidmətlər üçün doğulmuş şəxsiyyətlərə hər halda adi insanlara yanaşma bucağından baxmağın düzgün olmadığı ilə razılaşıram. Yuxarıda haqqında danışılan qazax kommunist liderlərinin Kokand muxtariyyətinə qarşı bolşeviklərlə bərabər mübarizə apardıqları, basmaçılar hərəkatının yatırılması və bu sıradan digər fəaliyyətləri qarşısında onların elə həmin illərdə bir çox taleyüklü, o cümlədən milli məsələlərdə qazax-türk xalqlarının mənafeyindən, yəni milli kommunist mövqelərdən çıxış etməsinə dair nümunələr əsas götürülməklə bu gün Qazax xalqının dövlətçilik tarixində yerinə müvafiq qiymət verilir. Qeyd edilməlidir ki, Qazaxıstan hökuməti eyni məsuliyyətlə qazax milli hərəkatın liderlərinin fəaliyyətini ən yüksək səviyyədə qiymətləndirir və xatirələrini əbədiləşdirir. Bu sıradan Rəsulzadənin və digər Cümhuriyyət xadimlərimizin yaxın dostu, 1918-ci il Kokand milli muxtariyyətinin başçısı Mustafa Şokaya (Çokay) dövlət tərəfindən keçmiş Kokand xanlığının paytaxtı Ağ Məscid - Sovet dövrü Qızıl Orda adlanan şəhərdə möhtəşəm abidə, büstlər qoyulub, onun 12 cildlik yazılı irsi Qazaxıstan Elmlər Akademiyası tərəfindən nəşr edilib, mütəmadi yubileyləri qeyd olunur və s.

    Bu baxımdan Nərimanov – Rəsulzadə qarşıdurması ilə səciyyələnən adi bir diskussiyanın Azərbaycan cəmiyyətini az qala parçalama həddinə gətirməsinin səbəbləri arasında Azərbaycanda dövlətçilik, dövlətçilikdə varislik ənənələrinin yaradılmaması əsas amil sayılmalıdır ki, bunun üçün də məsuliyyət mövcud hakimiyyətin üzərinə düşür.

    Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Cümhuriyyət dövlətinin varisi olduğu bir çox sənədlərdə təsbit edilsə də son onilliklərdə bu “varislik institutunun” yalnız kağız üzərində qaldığı aydın görünür. 1992-93-cü illərdə məlum hadisələrdən sonra, Azərbaycan dövlətçiliyi üçün çox təhlükəli bir zamanda hakimiyyətə qayıdan Heydər Əliyevin bu ənənələrin əsasını qoymaq sahəsində atdığı addımlar – ölkənin separatçılıq zəminində parçalanmasının qarşısını almaq üçün M.Ə.Rəsulzadənin banisi olduğu və kökündə “dövlətçilik” məfhumu duran milli “azərbaycançılıq” ideologiyasını bərpa etməsi və ona ölkədə yaşayan bütün millətlərin Vətəni kimi siyasi məzmun verməsi, 1998-ci ildə Azərbaycan Cümhuriyyətinin 80 illiyinin ən yüksək səviyyədə qeyd olunması, Cümhuriyyət sənədlərinin 7 kitab halında dövlət tərəfindən nəşri və s. kimi nümunələr müasir Azərbaycan dövlətçiliyində varislik ənənəsinin qoyulmasının siyasi kurs olaraq prioritet daşıdığını göstərirdi. Lakin Heydər Əliyevin vəfatından sonra bu siyasi kurs nəinki davam etdirilmədi, əksinə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər Azərbaycan dövlətçiliyi ümumi zəncirindən qopardılaraq, müstəqil, ayrıca bir tarixi dövr kimi təqdim edilməyə, bəzi hallarda hətta Cümhuriyyət və qismən də Sovet dövrü respublikalarına qarşı qoyulmağa başladı.

    Tarixən üç respublika formatında mövcud olan müasir Azərbaycan dövlətçiliyinə vahid, ümumi tarixi-müasir baxışının formalaşdırılmadığı, Vətənpərvərlik tərbiyəsinin məhz bu əsaslar üzərində aparılmadığı bir şəraitdə bu tendensiya olduqca təhlükəli nəticələrə – o cümlədən dövlətçiliyin özünə qarşı – gətirib çıxara bilər. Bu zaman Azərbaycan cəmiyyəti üçün ən yüksək Vətənpərvərlik nümunəsi sayılacaq 44 günlük savaşın Azərbaycan xalqının həmişə müqəddəs bildiyi torpaq, ərazi bütövlüyü uğrunda aparıldığı amili nəzərə alınmalıdır. Azərbaycan dövlətçiliyinin siyasi mövcudiyyət – hakimiyyət baxımından təhlükə ilə üzləşdiyi bir məqamda ölkədə sosial ədalət prinsiplərinin pozulmasından narazı kütlələrin, Rusiyaya, İrana meylli, dini təmayüllü əhali qruplarının, siyasi görüşlərinə görə tam parçalanmış Azərbaycan cəmiyyətinin özünü necə aparacağını öncədən söyləmək mümkündürmü?

    Azərbaycan dövlətçiliyində varislik ənənələrinin yaradılması və Azərbaycan cəmiyyətinin bu ənənələr əsasında tərbiyəsi bilavasitə hakimiyyətin səlahiyyətinə daxil olan və dövlət əhəmiyyəti daşıyan məsələdir. Bu baxımdan hakimiyyətin Cümhuriyyət tarixinə, Cümhuriyyət xadimlərinə hazırkı münasibəti tarixi – siyasi ədalətsizlikdir. Varisi olduğu bir dövlətin şərəfinə onun paytaxt etdiyi Bakıda yalnız bir mücəssəmə - iki bina arasındakı dalanda “İstiqlal” bəyannaməsinə qoyulan kiçik abidə hər ilin 28 may tarixində dünya dövlətləri başçılarından yüzlərlə təbriklər alan bir məmləkətin ilk növbədə özünə verdiyi qiymətdir.

    Azərbaycan dövlətçiliyi tarixində II və III respublikaların başçılarının ölkə ərazisində heykəlləri, saysız büstləri olduğu halda I respublikanın – Cümhuriyyət dövlətinin ilk başçısı Rəsulzadəyə hələ də dövlət tərəfindən layiq olduğu qiymətin verilməməsi, nəinki Rəsulzadənin, hətta Cümhuiyyət qurucularının hamısının xatirəsini birləşdirən ümumi bir heykəlin də olmamasının bir adı varmı?

    Burada, həcmi gözlənilmədən böyüyən “Söz ardını” - məqaləmin başlığındakı “təəssüb” və “nifrət” sözlərini nə üçün dırnağa aldığıma aydınlıq gətirməklə bitirmək istəyirəm.

    Nərimanova “nifrətin” köklərində onun yazılı irsindən ayrı-ayrı fikirləri kontekstdən qoparılmaqla, fəaliyyətinin bu və ya digər məqamları mövcud şərait nəzərə alınmadan, çox vaxt bu bilgilərə malik olmadan, səhvləri və xidmətlər nisbəti, insani keyfiyyətləri ümumən kənara qoyulmaqla formalaşan bir yanaşma durduğu üçün təbii ki, əsaslı sayıla bilməz. Elmi mübahisələrə “nifrət” kimi yüksək emosional duyğuların gətirilməsi artıq özlüyündə qeyri-məqbul olmaqla, hazırkı diskussiyada Nərimanova qarşı barışmaz münasibəti şərtləndirən bir sıra subyektiv faktorlar da vurğulanmalıdır: cəmiyyətin sovet dövrünə və mövcud hakimiyyətə müxalif mövqedə duran kəsiminin 70 illik Sovet dövlətinin bütün naqislikləri üçün məsuliyyəti cəmi iki il real, yarı-formal hakimiyyətdə olmuş Nərimanovun üzərinə qoyması; Nərimanov şəxsiyyətinin yaratdığı “milli kommunist” rəhbərlər “məktəbinə” daxil olan Heydər Əliyev amili ilə bağlaması, Nərimanov-Rusiya münasibətlərinin bu gün yeni təhlükə mənbəyi kimi qavranılan müasir Rusiya ilə təcəssüm etdirilməsi və s.

    Rəsulzadənin “təəssübü” ifadəsindəki dırnaqların isə tamam başqa bir mənası vardır.

    Cümhuriyyət dəyərləri uzun illər özünü “Rəsulzadə - Müsavat” ideyalarının daşıyıcıları kimi təqdim edən müxalifət düşərgəsinin preroqativi sayılmış, hakimiyyət tərəfindən də əsasən bu mövqedən qəbul edilmişdir. Bu yanaşmanın doğru olmadığı, Cümhuriyyət dəyərlər sistemini bütün Azərbaycan cəmiyyətinin bölüşdüyü həqiqətini ortaya qoymaq, bu məsələdə tarazlıq yaradaraq hakimiyyətin Cümhuriyyət xadimlərinə məlum münasibətini dəyişmək, Azərbaycan xalqının öz ilk dövlət başçısına – Rəsulzadəyə olan və hələ də ödənilməyən borcunu qaytarmaq məqsədilə 4 il əvvəl Azərbaycanın elmi, ədəbi, mədəni, media, diaspora, gənclər ictimaiyyətinin ən tanınmış simalarının təmsil olunduğu (101 nəfər) “Rəsulzadə ev muzeyi” İctimai qrupu təsis etdik. Əsas məqsədimiz, adından da göründüyü kimi, Rəsulzadənin məzarının haqq etdiyi Vətənə gətirilməsi, yaxud şəhərin mərkəzində heykəlinin ucaldılması deyil, hələ yalnız bir xatirə məkanı olacaq kiçik bir ev-muzeyini yaratmaq və yazılı irsini sistemli şəkildə araşdırmaq idi. Bu sonuncu işi gördüyümüz halda əsas məqsəd yolunda İctimai Qrupumuzun bütün səylərinə baxmayaraq hələ də hər hansı bir uğur qazanmamışıq. Bununla bağlı özümün ən acı və ağır təəssüratımı etiraf etməliyəm:

    İstər ev-muzeyi, istərsə də Rəsulzadənin yaşadığı binaya barelyef-xatirə lövhəsinin vurulması ilə bağlı son zamanlar hakimiyyətə ünvanladığımız bütün müraciətlərimizi FB səhifələrində paylaşaraq Azərbaycan cəmiyyətindən bu işdə hər cür dəstəyə, təklifə, təşəbbüsə və s. ehtiyacımız olduğunu bildirmişik...

    Bu müraciətlərə yalnız “layk” qoymaqla, ən yaxşı halda bizə “uğurlar” arzulamaqla kifayətlənmisiniz!

    Sözü gedən diskussiyada Rəsulzadəni çılğınlıqla Nərimanova qarşı qoyan, “Rəsulzadənin heykəli yoxdursa Nərimanovun da heykəli sökülsün” səviyyəsində düşünən Rəsulzadə “təəssübkeşləri” – tarixçilər, ictimai fəal oxucular, xüsusilə media nümayəndələri, icazə verin, Rəsulzadəyə yalnız sözdə ifadə olunan bu “təəssübünüzün” səmimiliyinə inanmayım!

    Hakimiyyət də hər şeyi görür, odur ki, müraciətlərimizə nə “hə”, nə “yox” deməyərək hələ də cavab vermir, yəqin ki, gözləyir...

    P.S. Sözü gedən qalmaqallı diskussiyanın Nərimanovun Naxçıvandakı büstünün təmir adı ilə götürülməsi və az sonra yerinə qaytarılması kimi bir hadisə ilə başladığını nəzərə alaraq onun hər halda bir əməli nəticə ilə bitməsini istərdim.

    Rəsulzadənin 1992-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyəti qarşısında qoyulmuş büstü 2000-ci ildə o zamankı İcra başçısının əmri ilə təmir adı altında götürülmüş, büstü sındırmaq cəhdləri edilmiş, mümkün olmadıqda dərin quyu qazılaraq torpağa basdırılmışdır. Müsavat partiyasının Ağcabədi rayon komitəsinin üzvləri hadisədən xəbər tutaraq böyük çətinliklə büstün yerini müəyyən etmiş, gecə ikən öz qüvvələri ilə onu torpaqdan çıxararaq partiya üzvlərindən birinin həyətində gizlətmişlər. Rəsulzadənin büstü indiyədək həmin həyətdədir. İnanılası mümkün olmayan real bir hekayət! 
    Ağcabədi Rayon İcra Başçısını Naxçıvan Şəhər İcra başçısından nümunə götürərək Rəsulzadənin büstünü bərpa edib yerinə qaytarmağa çağırıram.

    Haydı, Azərbaycan Cəmiyyəti...