BLOQ

M.Ə.Rəsulzadənin adı ilə bağlı qalmaqal böyüyür

Azərbaycanlı tarixçilər və araşdırmaçılar arasında Azərbaycan Demokratik Respublikasının (1918-1920) qurucusu M.Ə.Rəsulzadənin adının yazılışı ilə bağlı anlaşlmazlıq var

M.Ə.Rəsulzadənin adı ilə bağlı qalmaqal böyüyür
M.Ə.Rəsulzadə
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Tarix elmləri doktoru Cəmil Həsənli yazır:
    Cəmil Həsənli
    "Bu günlərdə sosial mediaya göz gözdirəndə Nəsiman bəy Yaqublunun belə bir paylaşımı ilə rastlaşdım: "AZƏRBAYCAN MİLLİ İSTİQLAL MÜBARİZƏSİ VƏ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ".

    2001-ci ildə Azərbaycan tarixində ilk olaraq bu dissertasiyam M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı olan müdafiə işim oldu. Diqqət edirsinizsə, burada da "Məhəmməd" yazılıb və hələ 2001-ci ildə bu ad öz elmi təsdiqini alıb.

    Şübhəsiz ki, Nəsiman bəyin Rəsulzadə irsinin araşdırılmasında və təbliğində böyük əməyi var. Lakin Rəsulzadənin adının "Məmməd" yox, "Məhəmməd" kimi yazılmasının məhz 2001-ci ildə onun dissertasiya və avtorefaratında "öz elmi təsdiqini" tapması bir az həqiqətə uyğun deyil.

    1991-ci ildə Nəsiman bəyin "Məmməd Əmin Rəsulzadə" kitabı nəşr olunub. 1992-ci ildə isə mərhum professor Şirməmməd Hüseynov Rəsulzadənin əsərlərinin birinci cildini (Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. I cild (1903–1909). Toplayanı, tərtib və transliterasiya edəni Şirməmməd Hüseynov; Transliterasiya redaktorları Malik Qarayev, Məmmədəli Müsəddiq; Redaktor Elmira Məmmədyarova. Bakı, Azərnəşr, 1992, 470 s.) nəşr etməklə "Məmməd" və "Məhəmməd" məsələsi həll edildi.
    Kitab 10 min tirajla nəşr edilmişdi. Şirməmməd müəllim ona ön söz yazmışdı, Ön sözün birinci cümləsi belə idi: "Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884-1955) müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradıcılarından biri, görkəmli ictimai-siyasi və dövlət xadimi, istedadlı alim, jurnalist və publisist olmuşdur".

    Şirməmməd müəllim bu nəşrdə giriş kimi Mirzə Bala Məmmədzadənin "Məhəmməd Əmin Rəsulzadə" məqaləsini vermiş, akademik nəşrdə qeydlər, izahlar, ad göstəricisi (həm şəxs adları, həm yer adları), partiyalar, cəmiyyətlər və şirkətlər haqqında məlumatlar vermişdi. Və hər yerdə də Rəsulzadənin adı Məhəmməd Əmin kimi yazılmışdı.

    Şirməmməd müəllim nəinki Azərbaycan dilində, hətta kitabın son səhifəsində rus dilində də Rəsulzadənin adını "Мухаммед Эмин" kimi yazıb. Yəni Rəsulzadənin adında "Məhəmməd" ifadəsi 2001-ci ildə Nəsiman bəyin dissertasiya və avtoreferatı ilə deyil, ondan 10 il əvvəl - 1992-ci ildə Şirməmməd müəllimin hazırladığı və kütləvi tirajla nəşr olunan "Məhəmməd Əmin Rəsulzadə" kitabı ilə öz elmi, publik və ictimai təsdiqini tapmışdı. Hər kəsin əməyini öz adına yazmaq daha yaxşı olardı.

    P.S. Əgər bu məsələ dissertasiya ilə həll edilirsə, 1995-ci ildə Vaqif Sultanlı bu adda dissertasiya müdafiə edib: Bax: Vaqif Verdiyev. Məhəmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti. Filolologiya еlmləri doktoru аlimlik dərərəcəsi almaq üçün təqqdim olunan dissertasiyanın avtoreferatı. Bakı, BDU, 1995".