BLOQ

Əlacsızlıq...

Həyatda ən qorxduğum şey budur...

Əlacsızlıq...
Malıbəyli kəndi
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Mən, Azay Kərimov əslən Şuşanın Malıbəyli kəndindənəm, orada doğulmuşam, orada döyüşmüşəm. Şuşa Polisində işləmişəm. İndi ehtiyatda olan polkovnikəm.

    Bəzən məndən soruşurlar: həyatda ən cox qorxduğun kəs və yaxud amil nədir? Fikirləşmədən cavab verirəm ki, ƏLACSIZLIQ və ÇARƏSİZLİK!

    ƏLACSIZLIQ pis şeydir. Nə az, nə cox, düz, 2 il 3 ay içi özüm daxil olmaqla, Malıbəyli, Xocalı, Qaradaglı kənd caamatı ƏLACSIZLIQ və ÇARƏSİZLİK şəraitində yaşadılar və axırda da işğal olundular. Şuşanın Malıbəyli kəndinin hər tərəfi yeddi erməni kəndindən ibarət olmaqla, Xankəndi ilə hava yolu 500 metr, torpaq yolu ilə 2 km məsafəsi var və bütün torpaq və avtomobil yollarının hamısı erməni kəndlərindən və Xankəndindən keçir. Başqa ikinci bir yol yoxdur.

    Hər şey dunəndən - fevralın 10-dan (1992-ci il) başlamışdı. 08.02.1992-ci il tarixdən 09.02.1992-ci il tarixinə kimi kənd 366-cı alayın BMP-2, minaatanlardan və tanklardan səhərə qədər atəşə tutuldu. Fevralın 9-da səhər saat 5-də kəndə hucum oldu və kəndin aşagı hissəsi tutuldu. Həmin günü axşam saat 16-da bizim tərəfdən əks-hücum hazırlandı və ermənilər üç nəfər itki verərək, meyitlərini də sürüyərək tutduqları ərazidən qaçdılar. Butun günü, kiçik fasilə olmaqla, axşama kimi döyuş oldu. Fevralın 10-u gecədən başlayaraq, kənd yenidən səhərə kimi 366-cı alayın texnikası ilə fasiləsiz atəşə tutuldu, dağıntılar və yüngül yaralılar oldu.

    Fevralın 10-da səhər ermənilər rusların texnikasının dəstəyi ilə bir necə dəfə kəndin müdafiəsini yarmaga cəhd göstərdilər. Ruslarin iki ədəd BMP-2 texnikasını yaxın məsafədən RPQ -17 (quçbaraatan) mərmisi ilə vurdum. Ruslar bundan sonra ermənilərin növbəti hücumuna texnika buraxmadılar. Uzaqdan atəş açmağa üstünlük verdilər. Artıq səkkiz şəhidimiz var idi. Hamısı da səngərdə qalmışdı.

    Gecə kənd ağsaqqallarını yığdım və tapşırdım ki, panika yaratmadan bir-bir sakinlərin evlərinə girsinlər və yavaş-yavaş caamatı, xususi ilə qadınlar və uşaqları qonşu Quşçular kəndi istiqamətinə aparsınlar. Əslində həmkəndlim Bulud Əmiraslanov ilə nəyin necə olacağını polis bölməsində hesablamışdıq, nöqtəsinə, vergülünə kimi düşünmüşdük. Butun gecə sakitçilik oldu. Aydın məsələ idi - Sovet taktikası. Ermənilər əlavə quvvələr cəlb edir və cəmləşirdilər.

    Fevralın 11-də səhər saat 5-də ermənilər yenidən hücuma başladılar, sözun düzü, gözləyirdim də. Yarım saatın içində üç şəhid verdik. Onlar da səngərdə qaldılar və bu günə kimi heç birindən əsər-əlamət yoxdur. Ermənilər mudafiəni tam olaraq yara bilmirdilər. Amma ərazi böyuk, döyuşən qüvvə isə cox az idi. Bir hissəsi də gecə vaxti heç kimə heç nə demədən səngəri boş qoyub, silah üstlərində, qonşu Quşcular kəndinə qaçmışdılar. Ermənilərin fikri və məqsədi iki kəndin arasına girib hər bir kəndi ayri -ayrılıqda qırmaq idi. Bunu nəzərə alıb üç gün-üç gecə gedən fasiləsiz ağır döyuşdən sonra, saat 11-də qərar qəbul etdim ki, yerdə qalanlar da yavaş-yavaş çıxsınlar. Bir saat gecikmək sakinlərin kütləvi surətdə qətlə yetirilmələri ilə nəticələnəcəkdi.

    Getməzdən əvvəl ratsiya ilə Xocalıdan rəhmətlik Əlif Hacıyev və Tofiq Hüseynovla danışdım ki, biz keçirik Xocalıya, bizi qarşılamağa qüvvə göndərin. Əslində, bu alladıcı bir manevr idi, hərbi hiyləgərlik. İstiqamətimiz isə tamam başqa idi. Bu danışığı hamı eşidirdi - ermənilərin polisi də, təcili yardım maşınları da... Həmin dəqiqə də bu danışığa ermənilər reaksiya verdilər, belə ki, mühasirənin bir qolundan şəxsi heyətlərini çıxardıb Xocalı ilə bizim aramıza tökdülər ki, Malıbəyli sakinlərini Xocalıya çatmamiş yarıyolda qırsınlar. Onlar bizi gözləməkdə olarkən, biz çox az itki verərək, bir nəfər də olsun, qadın, uşaq, qız, gəlin əsir vermədən, ermənilərin aglına gəlməyən bir at yolu ilə Xocalıya yox, tamam əks istiqamətə - 30-40 km məsafəni piyada qət edərək 4500 kəndli ilə Ağdamin Abdal-Gülablı kəndinə endik. Başqa çarə yox idi.

    Bax, beləcə, sonradan baş verəcək Qaradaglı və Xocalı kimi kütləvi insan qırğınının qarşısını aldıq . Bunu niyə dedim? Fevral ayı mənim ücün CƏHƏNNƏM ayıdır. Bu gün Malıbəylinin işğal günüdur, həmin ayın 17-si Qaradaglı kəndinin işğalı (170 nəfər itki), 26-sı Xocalının işğalı (700 nəfər itki), bunun da üstünə gəldi Türkiyədəki zəlzələ...

    P.S. Şuşa bizdən 18 km aralıda idi və bütün yollar bağlı idi. Ağdam 38 km aralıda idi. Yaxınlıqda kömək edəsi heç bir kənd, rayon yox idi. Bax, əlacsızlıq və çarəsizlik bu idi.

    Allah bütün Şəhidlərimizə Rəhmət eləsin! Amin!