BLOQ

Paşinyan rejimi Qərbi Azərbaycanlılar üçün təhdiddir

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) şərhi

Paşinyan rejimi Qərbi Azərbaycanlılar üçün təhdiddir
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Paşinyan rejimi Qərbi Azərbaycanlıların hüquq və təhlükəsizliyi üçün təhdiddir

    2018-ci ildə Ermənistan yarı-prezidentlik sistemindən parlamentar sistemə keçidi həyata keçirəndə Nikol Paşinyan “super Baş nazirlik sistemi ləğv edilməlidir” şüarını səsləndirirdi. Lakin, hakimiyyətə gəldikdən sonra Nikol Paşinyan üçün bu elə şüar olaraq qaldı. Paşinyan hər kəsə demokratik imicini sırımağa çalışsa da əslində o, əvvəl tənqid etdiyi sistemi qoruyaraq həmin sistemdə vəzifələrə öz adamlarını yerləşdirməklə məşğuldur.

    Konstitusiya

    Baş nazir kimi Paşinyan ən çox konstitusiya islahatlarından danışır. O, bunu şəxsi rejiminin möhkəmlənməsi üçün etməyə çalışır. Ona görə də islahatları ehtiyac yarandıqca təklif edir. Məsələn, 2018-ci ildə Paşinyan parlamentdə üstünlük əldə etmək istədiyindən konstitutsiyaya dəyişiklik edərək parlamentə növbədənkənar seçkilərin  həm də parlamentin özünü buraxması zamanı da keçirilməsini təklif etdi. Daha sonra keçmiş Prezident R.Köçəryanın məhkəmə tərəfindən azad edilməsindən sonra Paşinyan Ermənistanda azad məhkəmələrin yaradılması üçün konstitutsiya dəyişikliklərinə ehtiyacın olmasından danışdı. Pandemiyadan sonra ancaq hakim partiyadan olan deputatların iştirakı ilə konstitutsiyaya təklif edilən bu dəyişiklik parlament tərəfindən qəbul edildi. Dəyişiklikdən sonra 12 ildən çox konstitutsiya məhkəməsində çalışanlar öz vəzifələrini itirdilər və Paşinyana yaxın olan yeni üzvlər və sədr Parlament tərəfindən seçildi. 

    Polis

    Serj Sarqsyanı polisdən şəxsi maraqları üçün istifadə etməkdə ittiham edən Paşinyan ötən 4 il ərzində bu sahədə islahat aparmadı. Əksinə, polis birbaşa ona tabe bir xidmət kimi çalışmağa davam etdi və ona ən çətin vaxtlarında kömək oldu. Eyni zamanda o, polis sisteminin başına öz uşaqlıq dostu Vahe Ğazaryanı gətirdi. Paşinyan yalnız 2022-ci ilin sonunda Daxili İşlər Nazirliyini yaratdı amma yenə də Ğazaryanı nazir təyin etdi. 

    Milli Təhlükəsizlik Xidməti (MTX)

    MTX ilə bağlı isə Paşinyanın bəxti o qədər də gətirmir.  Belə ki, Paşinyan özünə yaxın adam kimi Agrişti Kərəmyanı 2020-ci ildə  MTX-a rəis təyin etdi. Həmin vaxt 29 yaşı olan Kərəmyanın bu vəzifəyə təyinatı uzun illər təhlükəsizlik orqanlarında çalışan bir çox əməkdaşın istefası ilə nəticələndi. Lakin, bu təyinat uğursuz oldu və 29 Kərəmyan 44 Günlük Müharibənin davam etdiyi dövrdə vəzifəsindən azad edildi. Hazırkı xidmət rəisi Armen Abazyan 2020-ci ildən bəri bu vəzifəni tutur. Lakin, Paşinyan ona tam etibar etmədiyi üçün bu xidməti öz nəzarətindən buraxmağa tələsmir.

    Prokurorluq

    2016-cı ildə təyin olunmuş baş prokuror Artur Davtyanın səlahiyyət müddəti 2022-ci ilin sentyabrında bitdikdən sonra Paşinyan bu imkandan istifadə edərək Parlamentdə ancaq hakim partiyanın deputatlarının iştirakı ilə keçirilən səsvermədə prokurorluq orqanlarında heç bir təcrübəsi olmayan Anna Vardapetyanın Baş prokuror seçilməsinə nail oldu. Qeyd edək ki, bundan əvvəl  Vardapetyan Paşinyanın hüquq məsələləri üzrə müşaviri idi.

    Hakim partiyada şəxsi hakimiyyət

    Nikol Paşinyan 2013-cü ildə yaratdığı Vətəndaş Müqaviləsi partiyasının 2022-ci ildə keçirilən iclasında ilk dəfə partiyanın sədri oldu. Bununla da Baş nazir olaraq hakimiyyəti əlində saxlayan Paşinyan partiya daxilində də bütün nəzarəti ələ almış oldu. 

    Nəticə

    Bütün strateji sahələrdə özünün total nəzarətini quran Nikol Paşinyan ölkəni öz istədiyi formada idarə edir. Bu da Ermənistana qayıdacaq Qərbi Azərbaycanlıların hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da şübhələr yaradır. Qərbi Azərbaycanlıları özünə təhdid kimi görən bir rejim nəinki onların hüquq və təhlükəsziliyini qoruyacaq, əksinə onlara qarşı ciddi təzyiqlər edəcəkdir.