Azərbaycan G7-nin ekologiya nazirlərinin görüşünə dəvət aldı
Dəvəti İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin İlham Əliyevlə görüşdə səsləndirib
Azərbaycan G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə dəvət edilib.
Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirdi və bununla bağlı dəvəti çatdırıb.