XƏBƏRLƏR / Hərbi

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin birgə təlimi

Azərbaycan Müdafiə Nazirliyi xəbər verir VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin birgə təlimi
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 17:01

    Təsdiq olunmuş əməkdaşlıq planına əsasən, Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında keçirilən “Qafqaz Qartalı - 2026” birgə taktiki-xüsusi təlimi başa çatıb.

    VİDEO

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin bağlanış mərasimində iştirakçı ölkələrdən yüksək səviyyəli qonaqlar iştirak ediblər.

    Çıxış edənlər təlimin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib, hər üç ölkənin xüsusi təyinatlı bölmələrinin birgə fəaliyyətlərindən məmnunluqlarını bildiriblər.

    Təlimin ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sahəsində regional əməkdaşlığın, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğu bildirilib.

    Təlim zamanı xüsusi təyinatlılar şərti hədəfə basqın, yarımqruplar tərkibində binanın təmizlənməsi, mühəndis partlayışlarının həyata keçirilməsi, helikopterlərdən desant endirilməsi, şərti düşmənin zərərsizləşdirilməsi və digər epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.

    İştirakçı ölkələrin yüksək rütbəli zabitləri təlimin gedişini izləyiblər. Xüsusi təyinatlıların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.

    ***

    15:25

    Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi əməliyyat qüvvələrinin "Qafqaz Qartalı 2026" üçtərəfli təlimi başa çatıb.

    Bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Tbilisi yaxınlığında Muxrovanidəki Mayor Gela Çedia Xüsusi Təyinatlı Təlim Mərkəzində xüsusi mərasim keçirilib.

    Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadze, Azərbaycan Xüsusi Əməliyyat Qüvvələri komandanının müavini general-mayor Azər Kasımov, Türkiyə Xüsusi Əməliyyat Qüvvələrinin komandanı briqada generalı Oğuzhan Şimşek və Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı polkovnik Teymuraz Klateişvili təlimi uğurla başa çatdıran iştirakçıları təbrik ediblər.

    Məlumatda deyilir ki, Bolnisidə, Xüsusi Əməliyyatlar Komandanlığının Paraşüt Təlimi Məktəbində və Muxrovanidə üç ölkənin birgə praktiki təlimləri keçirilib. Təlimlərdə şərti obyektə birgə reydlər təşkil olunub, hücum qrupları isə atəş dəstəyi ilə binanı təmizləmək, mühəndislik partlayışları və düşməni zərərsizləşdirmək işlərini həyata keçiriblər.

    Qeyd olunur ki, Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi əməliyyat qüvvələrinin "Qafqaz Qartalı 2026" üçtərəfli təlimi hər üç ölkədə rotasiya əsasında keçirilir. Gələn il təlimə Azərbaycan ev sahibliyi edəcək.