XƏBƏRLƏR / İctimaiyyət

İlham Əliyev Qazax, Şəmkir və Samuxa səfər edib YENİLƏNİR

Bu barədə "president.az" xəbər verib

İlham Əliyev Qazax,  Şəmkir və Samuxa səfər edib YENİLƏNİR
  • Oxuma müddəti:

    14 dəqiqə

  • 11:54

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Samux rayonuna səfər edib.

    Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Samux şəhərində ucaldılmış abidəsini ziyarət edib.

    Daha sonra Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

    İlham Əliyev Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.

    ***

    10:43

    Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.

    ***

    10:40

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Şəmkir rayonuna səfər edib.

    Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərində ucaldılmış abidəsini ziyarət edib.

    ***

    10:25

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

    ***

    09:55

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.

    ***

    09:35

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına layihə çərçivəsində görülən işlər barədə məlumat verib.

    Bildirilib ki, layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

    “Qazax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına 2019-cu ildə başlanılıb. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb və 7,8 kilometr uzunluğunda artezianlararası su xətti çəkilib. Su mənbəyindən Qazax şəhərinə 8,9 kilometr uzunluğunda magistral su kəməri inşa olunub. Şəhər yaxınlığında hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı tikilib.

    Qeyd edilib ki, şəhər ərazisində 119 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi inşa olunub. İnvestisiya hesabına 6900, daxili imkanlar hesabına 1324 ünvan olmaqla, ümumilikdə 8224 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Şəhər ərazisində 83 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,8 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikilib.

    Şəhər şəbəkəsinin operativ idarə edilməsi və işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibati bina da inşa olunub. Layihənin icrası nəticəsində rayonun Ağköynək və Qarapapaq kəndlərinin şəhərə bitişik hissəsi də su ilə təmin edilib. Bu layihə çərçivəsində yeni yaradılmış su mənbəyi hesabına gələcəkdə həmin kəndlərin digər hissəsinə, eləcə də Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaq.

    Prezident İlham Əliyev Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsini bildirən düyməni basıb.

    ***

    09:30

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

    ADA Universitetinin rektoru Hafiz Paşayev dövlətimizin başçısına Qazax Müəllimlər Seminariyasının tarixi və Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

    Bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Suleyman Sani Axundov, Üzeyir bəy Hacibəyli Qori Seminariyasını bitirib.

    1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firudin bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub.

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

    Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firudin bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

    ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyətini cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Cari il yanvarın 26-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində Firudin bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

    Qeyd olunub ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilində Mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir. Təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası üzrə proqramlarda 33 tələbə magistr dərəcəsi almaq üçün tədrisə cəlb olunub və birinci kursu bitirib. 2023-2024-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı, dövlət idarəetməsi magistr proqramı tədris olunacaq. Yeni dərs ilindən bu üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, Mərkəzdə ümumilikdə 127 tələbə təhsil alacaq.

    Qeyd olunub ki, ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün “Bir müəllimin manifesti” birillik üçmərhələli ixtisasartırma proqramı həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb direktoru ixtisasartırmaya cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından 4 nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayıb. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır.

    Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur.

    Hazırda Mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə Mərkəzin tədris kompleksində Universitet tərəfindən Müəllimlər Evi tikilir. Tikintisi başa çatmaqda olan Müəllimlər Evi ADA Universitetinin Mərkəzdə çalışan bölgələrdən olan daimi əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub.

    Məlumat verilib ki, Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir.

    ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

    Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

    Bildirilib ki, bu avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

    Uzunluğu 19 kilometr olan Qarapapaq–Çaylı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Qazax rayonu ərazisində üç yaşayış məntəqəsini birləşdirən bu yolun yenidən qurulması nəticəsində 14 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

    Layihə çərçivəsində yol boyunca torpaq, qazma işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir.

    Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

    Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanları, siqnal dirəkləri və məsafə göstəriciləri, dayanacaqlar quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

    Prezident İlham Əliyevə Fərəhli avtomobil yolunun əsaslı təmiri layihəsi də təqdim olunub.

    Qeyd edilib ki, Qazax rayonunun Qazax-Yuxarı Əskipara avtomobil yolunun 13-cü kilometrliyindən ayrılan Fərəhli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görülən yenidənqurma işləri yekunlaşıb.

    Uzunluğu 5 kilometr olan yol dördüncü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 kilometr, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 kilometrdir. Bu yolun hərəkət hissəsinin orta eni 5,8 metrdir.

    Yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının bazarlara və digər satış məntəqələrinə vaxtında çatdırılmasına şərait yaradacaq.

    ***

    Daha sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

    Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

    Dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verilib.

    Bildirilib ki, 20,5 hektar ərazini əhatə edən hərbi hissə kompleksinə qərargah binası, 5 binadan ibarət 146 mənzilli yaşayış kompleksi, yeməkxana, hamam, camaşırxana və tibb məntəqəsindən ibarət əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları daxildir. Bununla yanaşı, kompleksin ərazisində helikopter meydançası, hərbi texnikaların saxlanması üçün avtomobil parkı, avtomobil yuma və yanacaqdoldurma məntəqələri, silah, ərzaq və əşya-geyim anbarları, içməli su anbarı, qazanxana binası mövcuddur.

    Qeyd edilib ki, kompleksin idman şəhərciyində hərbi qulluqçuların idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılıb və voleybol meydançası yaradılıb.

    İstilik sistemi, daimi su və elektrik enerjisi ilə təmin edilən kompleksdə ehtiyat generatorlar quraşdırılıb. Ərazidə əsaslı tikinti-abadlıq işləri aparılıb, 23 min kvadratmetr sahə asfaltlanıb, geniş yaşıllıq salınıb, ağaclar əkilib.

    Xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

    Dövlətimizin başçısına, həmçinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirilib.