Azərbaycan qazının Bolqarıstana tədarükü bərpa edilib
Bu barədə Bolqarıstanın “Bulgargaz” şirkətinin açıqlamasında bildirilir

Yanvarın 19-da Azərbaycanla uzunmüddətli müqavilə çərçivəsində Bolqarıstana təbii qazın tədarükü bərpa edilib, Bolqarıstanın “Bulgargaz” şirkətinin açıqlamasında bildirilir.
Bir neçə gün əvvəl “Bulgargaz” Azərbaycanın texniki səbəblərə görə yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlayıb. Yanvarın 10-da Britaniyanın BP şirkəti Şahdəniz Alfa platformasından Səngəçal terminalına kondensatın nəqli üçün nəzərdə tutulan boru kəmərində texniki nasazlıq barədə məlumat verib. Problemi mümkün qədər tez həll etmək üçün bu platformanın fəaliyyəti müvəqqəti dayandırılıb.
Yanvarın 18-də axşam kondensat boru kəməri problemi tam həll edildikdən sonra BP-Azərbaycan şirkəti Şahdəniz Alfa platformasından hasilatı bərpa edib.