Azərbaycan Serbiyaya da qaz nəqlini dayandırdı YENİLƏNİB
Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib
Azərbaycan Serbiyaya qaz nəqlini dayandırmaq məcburiyyətində qaldığını bildirib.
Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.
“Bəd xəbər heç vaxt tək gəlmir, ikincisi çıxır, üçüncüsü isə biz azərbaycanlı qardaşlarımızdan və dostlarımızdan bildiriş almışıq ki, “Şahdəniz” yatağındakı öhdəsindən gəlmək mümkün olmayan çətinliklər, problemlər üzündən bu gündən gündə alınan 1,7 milyon kubmetrə qaza arxalana bilmirik.
Bizə göndərilən məktubda deyilir: “Qaz təchizatının bərpasına nə qədər vaxt lazım olacağına dair heç bir dəqiqlik və ya aydınlıq yoxdur”. Mən onu serb dilinə tərcümə edəcəyəm, əziz xalq. Bu o deməkdir ki, biz bu gündən öz ehtiyatlarımızı daha güclü və daha çox xərcləməyə başlayırıq”, - Vuçiç mətbuat konfransında deyib.
Dövlət başçısı cari qış mövsümü üçün ölkədə kifayət qədər enerji ehtiyatının olduğunu, lakin Azərbaycanın tədarükünün tezliklə bərpa olunacağına ümid etdiyini bildirib. “Üçüncü bəla gələnə qədər tədarük etmək üçün kifayət qədər qazımız var. Nə olacağını bilmirəm.
Ümid edirəm ki, azərbaycanlılar bunu bir-iki aya düzəldəcək. Əgər bu mümkün deyilsə, o zaman yaxın 4 ayda gündə 2-2,5-3 milyon [kubmetr] əlavə etməli olacağıq. Qışda istehlakımız daha çox olur, bu, bütün ehtiyatları xərcləmək üçün kifayət edəcək, lakin qaz və neft qıtlığı olmayacaq”, - deyə prezident əmin edib.
Bundan öncə Azərbaycan qazının Bolqarıstana nəqli dayandırılmışdı.
Buna səbəb “Şahdəniz” yatağındakı problemlərdir.
ARAYIŞ: BP-Azerbaijan Şahdəniz qaz-kondensat yatağındakı Alpha dəniz platformasında əməliyyatları qaz kondensatının nəqli üçün istifadə olunan sualtı qaz boru kəmərində baş verən texniki nasazlıq səbəbilə dayandırıb.
Bu barədə yanvarın 10-da BP şirkətinin sözçüsü Tamam Bayatlı bildirib.
"Platformanın özündə hər hansı problem yoxdur. Texniki nasazlıq Alpha platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı boru kəmərində aşkar edilib. Ehtiyat tədbiri olaraq, platformada əməliyyatlar dayandırılıb”, Bayatlı qeyd edib.
Bayatlı vurğulayıb ki, platforma, onun personalı və əlaqəli qurğular tam təhlükəsizlikdədir.
"Problemin ən qısa zamanda həlli üçün bütün zəruri işlər görülür", o bildirib.