Azərbaycan və BƏƏ hərtərəfli iqtisadi tərəfdaş oldular
Bu barədə sazişi iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ xarici ticarət naziri Tani bin Əhməd Əl Zeyudi imzalayıblar

Azərbaycan və BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü zamanı “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” (CEPA) imzalanıb.
Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Tani bin Əhməd Əl Zeyoudi imzalayıblar.
Sazişin əsas məqsədi tərəflər arasında iqtisadi əməkdaşlığı gücləndirmək, ticarəti liberallaşdırmaq və sadələşdirməkdir. Azərbaycan və BƏƏ arasında strateji əlaqələr çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və rifahın artırılması məqsədi daşıyan sazişin imzalanması ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd gələcək çağırışlara cavab verməyə qadir olan davamlı, bilik tutumlu və innovativ iqtisadiyyatın inkişafı üçün möhkəm zəmin yaradır.
İki ölkə arasında CEPA-nın imzalanması sənaye, bərpa olunan enerji, kənd təsərrüfatı, maliyyə, logistika, turizm, tikinti və digər sektorlarda əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq.
Müqavilə qlobal miqyasda qarşılıqlı investisiya axınının artırılması və sahibkarların, kiçik və orta müəssisələrin fəaliyyətinin genişləndirilməsi ilə təchizat zəncirlərinin gücləndirilməsinə kömək edəcək.