Zakir Həsənov Böyük Britaniyanın səfiri Auldu qəbul edib
Ermənistanın müdafiə naziri isə Fransa səfiri ilə görüşüb YENİLƏNİB

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafına töhfə verəcəyini bildirib.
F.Auld isə öz növbəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrin daha da inkişaf etdirilməsində bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.
Krallığın Azərbaycandakı hərbi attaşesi 2-ci dərəcəli kapitan Gavin Tarbardın da iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
***
Qeyd edək ki, eyni vaxtda Ermənistanın müdafiə naziri Papikyan Fransanın İrəvandakı səfiri Dekotini qəbul edib.
Müzakirə zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Bundan əvvəl qeyd edilmişdi ki, iki gün ərzində İrəvan hava limanında Fransanın bir neçə hərbi yük təyyarələri eniş edib.
Hərbi nəqliyyat təyyarəsi yükünü boşaltdıqdan sonra Fransaya geri qayıdıb.
Təyyarələrin göyərtəsində nəyin daşınması haqda məlumat verilmir.