XƏBƏRLƏR / Rəsmi

Azərbaycan və Litva prezidentləri bəyanatla çıxış etdilər

Bu barədə "president.az" xəbər verib YENİLƏNİR

Azərbaycan və Litva prezidentləri bəyanatla çıxış etdilər
  • Oxuma müddəti:

    14 dəqiqə

  • 16:20

    Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü başlayıb.

    15:30

    Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilib.

    12:39

    Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məumat yayıb.

    Əvvəlcə Litva Prezidenti bəyanatla çıxış edib.

    Prezident Gitanas Nausedanın
    bəyanatı

    - Zati-aliləri cənab Prezident.

    Əziz qonaqlar.

    Mən bu gün - Litvanın paytaxtı Vilnüsdə Sizi salamlayıram. Bir il bundan əvvəl Azərbaycana səfərim çərçivəsində biz əhəmiyyətli müzakirələrə start verdik, ikitərəfli əməkdaşlıq baxımından, həmçinin iqtisadiyyat və təhsil sahələrində də əlaqələrimizi gücləndirmək qərarına gəldik. Əminəm ki, bu səfər Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək.

    Bu gün cənab Prezident Əliyev ilə mən ikinci Litva-Azərbaycan biznes forumunun açılışını edəcəyik. Əminəm ki, bu platformada iqtisadi sahədə yeni imkanlar yaranacaqdır. Eyni zamanda, bu gün ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verəcəkdir.

    Litva 2006-cı ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir. Azərbaycan Litvanın Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində tərəfdaşıdır. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır.

    Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır. Biz Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığımızın inkişafı üçün yeni imkanlar axtarmalıyıq. Biz Avropa İttifaqının Azərbaycan ilə enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndiririk. Bu əməkdaşlıq Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərmiş, həmçinin Avropa İttifaqının qış ayları üçün təchizatını təmin etmişdir.

    Rusiyanın hazırda Ukraynada apardığı qəddar müharibə əməkdaşlığımıza yeni məzmun qatıb. Biz Rusiyanın sanksiyalardan yayınmaması üçün bir yerdə çalışmalı və Ukraynanı qələbəsinə qədər dəstəkləməliyik.

    Litva Azərbaycan ilə Ermənistan arasında münaqişənin diplomatik yolla dinc, dayanıqlı və əhatəli həllinin tərəfdarıdır. Litva Avropa İttifaqı və Transatlantik müttəfiqlərimizin bu istiqamətdə səylərini güclü şəkildə dəstəkləyir.

    Zati-aliləri, əminəm ki, ölkələrimiz və xalqlarımız arasında dostluq bağları bizi gələcək illər üçün də birləşdirəcəkdir. Təşəkkür edirəm.

    X X X

    Sonra dövlətimizin başçısı mətbuata bəyanatla çıxış edbi.

    Prezident İlham Əliyevin
    bəyanatı

    - Hörmətli cənab Prezident.

    Hörmətli xanımlar və cənablar.

    Cənab Prezident, ilk növbədə dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam.

    Bu gün biz geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələləri müzakirə etdik, bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik. Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni, bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaqdır.

    Biznes qurumlarının birgə fəaliyyəti əminəm ki, ticarət dövriyyəsinin artırılmasına da gətirib çıxaracaq. Onu da bildirməliyəm ki, hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda da Litva-Azərbaycan biznes forumu keçirilmişdir.

    Bu gün biz regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıq. Litva Prezidentini Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırdım. Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir.

    Bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır və Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq.

    Biz bu gün, eyni zamanda, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqamətdə də demək olar, paralel şəkildə gedirik. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq.

    Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir.

    Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.

    Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edir. Əminəm ki, bu səfərdən sonra bu əməkdaşlığa növbəti güclü təkan veriləcəkdir.

    Dəvətə və qonaqpərvərliyə görə, bir daha təşəkkürümü bildirirəm.

    11:42

    Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü başlayıb.

    Görüşdə Litva Prezidenti Azərbaycanın xüsusilə son on ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.

    Söhbət zamanı dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda Litva Prezidentinin Azərbaycana səfəri və həmin səfər çərçivəsində keçirilmiş görüşlərin önəmi qeyd edilib.

    Görüşdə ikitərəfli məsələlər müzakirə olundu, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulanıb. Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Litvada keçiriləcək biznes forumun əhəmiyyəti və biznes dairələri arasında birbaşa təmasların qurulmasının vacibliyi qeyd olunub.

    Söhbət zamanı nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparılıb. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyi yüksək qiymətləndirilib. Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələrində Litvanın fəal rol oynadığı xüsusi qeyd edilib. Həmçinin bu gün imzalanmış üç sənədin əhəmiyyəti vurğulanıb.

    Söhbət zamanı ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarəolunması sahəsində Litva təcrübəsinin Azərbaycanla bölüşdürülməsinin önəmi diqqətə çatdırılıb.

    Həmçinin bu gün ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti qeyd olunub, 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirilib, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

    Görüşdə, eyni zamanda, prokurorluq sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb, hər iki ölkənin aidiyyəti prokurorluq orqanları arasında sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.

    Eyni zamanda, Litvadakı Azərbaycan icmasının ölkənin inkişafına töhfə verdiyi, onların bu ölkənin sadiq vətəndaşları olduqları diqqətə çatdırılıb.

    Görüşdə ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri barədə də fikir mübadiləsi aparılıb.

    Prezident İlham Əliyev litvalı həmkarına Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verib.

    ***

    11:40

    Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.

    “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Litva Respublikasının ətraf mühit naziri Simonas Gentvilas imzalayıblar.

    “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Litva Respublikasının sosial təhlükəsizlik və əmək naziri xanım Monika Navitskiene imzalayıblar.

    “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskiene imzalayıblar.

    ***

    11:10

    Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud tərkibdə görüşü başlayıb.

    ***

    Mayın 22-də Vilnüsdəki Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

    Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşılayıblar.

    Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

    Azərbaycanın və Litvanın Dövlət himnləri səsləndirilib.

    Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Litva nümayəndə heyəti Azərbaycan Prezidentinə və birinci xanım Mehriban Əliyevaya, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Litva Prezidentinə və xanımı Diana Nausedieneyə təqdim olunub.

    Sonra birgə foto çəkdirilib.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xatirə kitabını imzalayıblar.