İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verilib
YENİLƏNİR / VİDEO / FOTO
11:21
İyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun və birinci xanım Ayqul Japarovanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.





***
09:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər.
VİDEO
Əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış edib.
- Hörmətli İlham Heydər oğlu.
Hörmətli media nümayəndələri.
Bu gün Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlunu və Azərbaycan nümayəndə heyətinin üzvlərini qonaqpərvər Qırğız torpağında böyük məmnunluqla salamlayırıq.
Qırğız Respublikasına dövlət səfəri ilə bağlı dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdaram.

Əminəm ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır.
Biz cənab Prezidentlə Qırğızıstan-Azərbaycan əməkdaşlığına dair məsələlərin bütün kompleksi üzrə ətraflı və etimada əsaslanan danışıqlar apardıq. Bizim sədrliyimiz ilə Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi və Qərar imzalandı. Şuranın qərarlarının həyata keçirilməsinə dair informasiyanı dinlədik və birgə təşəbbüslərin yerinə yetirilməsinin gedişatını, o cümlədən Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyətini müzakirə etdik.
İkitərəfli qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini nəzərdən keçirdik və tərəfdaşlığımızın inkişafına dair yeni addımları müəyyən etdik. Bugünkü danışıqların mühüm yekunu müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur. Bundan başqa, energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsini, həmçinin qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərdən ibarət sanballı zərf imzalanıb. Qarşılıqlı iqtisadi-ticari fəaliyyətin davamlı inkişafını və əmtəə dövriyyəsinin dayanıqlı artımını qeyd etdik. Gələcəkdə də işgüzar əlaqələrin genişlənməsi, müştərək investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına dair razılıq əldə etdik. Bu gün Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyəti çərçivəsində 3 birgə layihənin açılışı oldu və 8 təşəbbüsün həyata keçirilməsinə start verildi.
Nəqliyyat dəhlizlərinin inkişafı və ölkələrimizin tranzit potensialından səmərəli istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirdik. Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas bəndi kimi mühüm rolunu qeyd etdik. Həmçinin energetika sahəsində perspektivli istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdik. Bu gün İssık-Kul gölü sahilində Azərbaycanın inşa etdiyi ilk 5 ulduzlu hotelin təntənəli açılışı olacaq.
Əminəm ki, bu layihə xalqlarımız arasında möhkəm dostluğun daha bir rəmzi olacaq və turizm potensialının inkişafına mühüm töhfə verəcək.
Beynəlxalq təşkilatlar çərçivəsində bizim səmərəli qarşılıqlı fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Hörmətli İlham Heydər oğlunu VI Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimində, “ŞƏT+” Sammitində, həmçinin 2027-ci il oktyabrın 21-23-də keçiriləcək “Bişkek+25” ikinci Qlobal Dağ Sammitində iştiraka dəvət etdim.
Çıxışımın sonunda bugünkü danışıqların yekunları ilə bağlı məmnunluğumu ifadə etmək istərdim.
Hörmətli İlham Heydər oğlu, məzmunlu fikir mübadiləsinə, Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafına şəxsi diqqətinizə və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə daimi sadiqliyinizə görə Sizə minnətdaram. Əldə olunan razılaşmalar Qırğızıstanın və Azərbaycanın müttəfiqlik münasibətlərinin gələcəkdə də dərinləşməsinə qarşılıqlı səyləri təsdiqləyir.
Diqqətinizə görə təşəkkür edirəm.
***
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış edib.
- Hörmətli Sadır Nurqojoyeviç.
Əziz dostlar.
Hörmətli cənab Prezident, əvvəlcə, Qırğızıstana dövlət səfərinə dəvət etdiyinizə, mənə qardaş Qırğızıstan torpağında göstərilən ənənəvi qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik.

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.
Siz qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.
Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.
Həmçinin bu gün həmkarlarımızla bizim birgə qərarımız olan “Bakı” hotelinin açılışında da iştirak edəcəyik. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və “Bakı” adını daşıyır.
Biz, həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu.
Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir.
Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir.
Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir.
Həmçinin Sizə, Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürümü bildirmək istərdim. Hazırda o, “Mərkəzi Asiyanın və Azərbaycanın dövlət liderlərinin görüşü” adlanır. Növbəti görüş bir müddətdən sonra keçiriləcək. Belə xoş münasibətə və bu yüksək mükafata görə bir daha təşəkkürümü bildirirəm.
Öz tərəfimdən Sizi uyğun hesab etdiyiniz vaxtda Azərbaycana yenidən dövlət səfərinə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
***
09:20
İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov deyib:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli xanımlar və cənablar.
Müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub. Sizin dəstəyiniz və daimi yaxınlaşmaq səyləriniz sayəsində qardaş ölkələrimiz möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri əldə edib.
Bu gün münasibətlərimiz keyfiyyətcə geniş səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri qazanıb. Mərkəzi Asya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında Sizin rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz.
Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif olunması qərarını qəbul etdim.
Bu yüksək mükafat Sizin Qırğızıstan–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi bu yüksək mükafat münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.
Hörmətli İlham Heydər oğlu, icazə verin, “Manas” ordenini Sizə təqdim edim.
***
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə mühüm töhfəsinə görə 1-ci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi haqqında Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı oxundu.
Prezident Sadır Japarov 1-ci dərəcəli “Manas” ordenini dövlətimizin başçısına təqdim edib.



***
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:
- Hörmətli Sadır Nurqojoyeviç.
Əziz dostlar.
Əvvəlcə, bu yüksək mükafata görə Sizə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mən onu Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində fəaliyyətimə Sizin verdiyiniz qiymət hesab edirəm. Sizinlə əməkdaşlıq illərimiz ərzində ölkələrimiz çox böyük və şərəfli yol qət edib, dövlətlərarası münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Dünyada bundan yüksək səviyyə mövcud deyil. Qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində şəxsi iştirakınıza görə Sizə çox dərindən minnətdaram.
Bizim mehriban, dost və qardaş münasibətlərimiz ölkələrimiz arasında bugünkü uğurlu inkişafın mühüm amilidir. Həmçinin mənim ünvanıma söylədiyiniz xoş sözlərə, bu yüksək ordenə görə Sizə səmimi minnətdarlığımı bildirirəm və Sizi əmin edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin ölkələrimizin və xalqlarımızın rifahı naminə davamlı inkişafı üçün bundan sonra da bütün səylərimi göstərəcəyəm.
Belə yüksək mükafata görə bir daha ürəkdən təşəkkür edirəm.
***
Sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.
***
Çıxışına davam edən Prezident İlham Əliyev deyib: Bu yüksək mükafatı təqdim etməzdən əvvəl, Sadır Nurqojoyeviç, şəxsən Sizi, Sizin komandanızı, qardaş Qırğız xalqını Qırğızıstanın Sizin rəhbərliyiniz ilə qazanılan tarixi nailiyyətlər münasibətilə bir daha təbrik etmək istərdim. Mən Qırğızıstana ilk dəfə deyil ki, səfər edirəm, amma məhz Sizin prezidentliyiniz dövründə bizim aramızdakı təmaslar müntəzəm xarakter daşıyır. Mənim Qırğızıstana səfərlərimi və Sadır Nurqojoyeviçin Azərbaycana səfərlərini saysaq, onlarla qarşılıqlı səfər həyata keçirilib.
Lakin bütün bunlar məhz qardaş Qırğızıstan xalqının ölkə Prezidenti kimi yüksək vəzifəni Sizə etimad etməsindən sonra baş verir. Dəyişiklikləri hamı görür. Bunları həm dostlar, həm də ölkəyə gələn xarici müşahidəçilər görürlər. Onları görməmək mümkün deyil. Hətta bu gün İssık-Kul rayonunda müşahidə etdiklərimiz də Sadır Nurqojoyeviçin Qırğızıstana rəhbərliyi olmadan təsəvvür etmək mümkün deyil. Qırğız torpağının bu gözəl guşəsi hazırda ən əsas inkişaf dövrünü keçirir. Tarixdə heç kim heç vaxt belə qısa müddətdə burada gördüyümüz güclü inkişafın şahidi olmayıb. Bu, şəxsən Sizin xidmətinizdir. Sizin öz xalqınıza, öz köklərinizə, Qırğız xalqının yüksək mənəvi dəyərlərinə sədaqətinizdir və Qırğızıstanı yeni inkişaf səviyyəsinə yüksəltmək səylərinizdir. Siz buna nail olursunuz. Bu gün Sizin ölkənizin beynəlxalq nüfuzu ən yüksək səviyyədədir və Qırğızıstanın beynəlxalq ali orqana seçilməsi bunu təsdiq edir.
İqtisadi inkişaf, sosial tərəqqi Sizin Qırğız xalqına qayğınızın göstəricisidir. Necə ki, bu gün Qırğızıstandan xaricə deyil, xaricdən Qırğızıstana miqrasiya axını baş verir. Bütün bunlar Sizin şəxsi iştirakınız, Sizin qərarlarınız, Sizin uzaqgörənliyiniz sayəsində mümkün olub. Mən Bişkekdə dəfələrlə olmuşam, İssık-Kulun gözəl sahilinə də ilk dəfədir ki, gəlmirəm. Deyə bilərəm ki, bütün ölkə boyu inkişaf gedir. Əlbəttə, Qırğızıstan vətəndaşları bunu daha yaxşı bilirlər. Düşünürəm ki, Sizə göstərilən ümumxalq dəstəyi Sizin əməyinizin başlıca nəticəsidir və yəqin ki, ən böyük mükafatdır. Azərbaycan da Sizin həm Qırğızıstanın inkişafına, həm də ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfənizi yüksək qiymətləndirir. Mənim Fərmanımla Siz Azərbaycanın ali ordeni – “Heydər Əliyev” ordeni ilə təltif olunmusunuz. İndicə Fərmanı elan etdilər. İcazə verin bu yüksək mükafatı Sizə təqdim edim.
***
Prezident İlham Əliyev isə “Heydər Əliyev” ordenini Qırğız Respublikasının Prezidenti Sadır Japarova təqdim edib.


Prezident Sadır Japarov deyib: Hörmətli İlham Heydər oğlu.
İcazə verin, göstərilən hörmət və dostluq əlamətinə görə, Sizə səmimi minnətdarlığımı bildirim. Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından birini - “Heydər Əliyev” ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Bu mükafat mənim üçün xüsusi əhəmiyyətə malikdir, çünki müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin formalaşmasının əsasını qoyan görkəmli dövlət xadiminin, Azərbaycan xalqının böyük oğlunun adını daşıyır.
Mən bu ordeni xalqlarımız arasında möhkəm münasibətlərin, strateji tərəfdaşlığa və müttəfiqliyə ortaq sadiqliyin rəmzi kimi qəbul edirəm. Bu xüsusi jestə, Qırğızıstana göstərdiyiniz diqqətə, xalqlarımızın yaxınlaşmasına daimi səylərinizə görə Sizə minnətdaram.
Sizə təşəkkür edirəm. Sağ olun.

***
09:06
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.
Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.






“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə ediblər.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə ediblər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə ediblər.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə ediblər.

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi”ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə ediblər.
“2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsi”ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə ediblər.
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Milli Statistika Komitəsinin sədri Baktıbek Kudaybergenov mübadilə ediblər.

“Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi arasında kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Maksat Asanaliyev mübadilə ediblər.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidmətinin sədri Kayrat Mamatov mübadilə ediblər.
“Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov mübadilə ediblər.
“Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum”u Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Karakol şəhərinin meri Talantbek İmanov mübadilə ediblər.
“Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə ediblər.
“AzerGold” QSC ilə “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum”u “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və “Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov mübadilə ediblər.

***
08:45
İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
VİDEO



Qırğızıstan Prezidenti iclasda çıxış edib.
-Hörmətli İlham Heydər oğlu.
Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri.
Bizim incimiz olan İssık-Kul gölünün sahilində Sizi salamlamaqdan səmimi-qəlbdən şadam.
Qırğızıstana dövlət səfəri barədə dəvətimi qəbul etdiyinizə görə minnətdarlığımı bildirirəm. Qırğızıstanda Sizə - qardaş Azərbaycanın liderinə və qırğız xalqının əziz dostuna böyük hörmət bəsləyirlər. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu gün ölkə böyük təəssürat doğuran nəticələr nümayiş etdirir, ardıcıl olaraq genişmiqyaslı islahatlar həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu son nailiyyətlər Azərbaycan xalqının Ümummilli Lideri, atanız hörmətli Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub. Bu quruculuq yolu davam edir. Siz ölkənin gələcək inkişafını təmin edir, regional və beynəlxalq proseslərdə onun rolunu möhkəmləndirirsiniz.
Qırğızıstan ilə Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvinin dediyi kimi: “Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir”. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb.
Hörmətli İlham Heydər oğlu, Sizin səfəriniz Qırğızıstan-Azərbaycan münasibətlərinin xüsusi xarakterini bir daha təsdiqləyir. Biz möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanan ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafında yeni bir mərhələyə qədəm qoyuruq. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir.
Məhz belə bir ab-havada ikitərəfli əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaranır, qərarlar qəbul edilir. Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir.
Hesab edirəm ki, bugünkü danışıqlar ənənəvi olaraq etimad və konstruktiv ab-havada keçəcək. Danışıqların yekunlarına dair ikitərəfli əlaqələrin daha da inkişafına yönəlmiş mühüm razılaşmalar əldə ediləcək. Onların ardıcıl həyata keçirilməsi ümumi məqsədimizə - Qırğızıstanın və Azərbaycanın qardaş xalqlarının rifahının yüksəldilməsinə töhfə verəcək. Əsas siyasi nəticə isə müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması olacaq.
Hörmətli İlham Heydər oğlu, Sizi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər Qırğız torpağında bir daha səmimi-qəlbdən salamlayıram.
Möhtərəm İlham Heydər oğlu, buyurun, sözü Sizə verirəm.

***
Sonra Azərbaycan Prezidenti çıxış edib.
-Hörmətli Sadır Nurqojoyeviç.
Əziz dostlar.
Əvvəlcə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə, mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Bu, gözəl ölkənizə ilk səfərim deyil, amma təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Sizin rəhbərliyinizlə təkcə bu bölgədə deyil, bütün ölkədə gedən inkişaf məndə böyük təəssürat yaradıb. Əvvəlcə, Sizi və bütün qardaş Qırğızıstan xalqını sosial-iqtisadi inkişaf, ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi, beynəlxalq məsələlərdə rolunun artırılması üzrə əldə olunan böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim.

Sizin dostlarınız və qardaşlarınız olaraq, hər bir uğurunuza daim sevinirik və həm inşaat sektorunda, həm də vəsaitlərin xalqın və ölkənin rifahına xərclənməsinə imkan verən maliyyə, büdcənin doldurulması sahəsində Sizin fəaliyyətinizin nəticələri aydın şəkildə görünür. Bu, bizdə sevinc hissi doğurur. Çünki biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurunu öz uğurumuz hesab edirik.
Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, orada uşaqlar artıq təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər. Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir: bu yaxınlarda Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi.
Siz müxtəlif sahələrdə əməkdaşlığı qeyd etdiniz. Əlbəttə, mən bütün sahələrdə qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olunacağına əminəm. Şadam ki, Qırğız-Azərbaycan Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək.
Sevinirəm ki, Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Bu gün həmkarlarımızla birlikdə beşulduzlu “Bakı” hotelini açacağıq. Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir. Dünən Sizinlə aeroportdan gələndə gördüklərim - həm inşaat, həm də infrastruktur layihələri çox böyük təəssürat yaratdı.
Dünən birlikdə qolf oyunu üçün hər cür şəraitin yaradıldığı əraziyə baş çəkdik. Bu şərait beynəlxalq səviyyəlidir. Sizi bu nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bütün bunlarda məhz Sizin xalqınıza və ölkənizə şəxsi sədaqətiniz, inkişafı sürətləndirmək səyləriniz hiss olunur. Siz buna nail olursunuz. Biz buna səmimi-qəlbdən sevinirik. Əlbəttə, Siz artıq qeyd etdiyiniz kimi, münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik. Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Bu, həm münasibətlərimizin xarakterini, həm də ruhunu əks etdirir.
Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və əminəm ki, mənim dövlət səfərimin nəticələri qardaş münasibətlərimizin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək. Sağ olun.
***
Prezident Sadır Japarov: Hörmətli İlham Heydər oğlu, mühüm dəyərləndirmələrə və Qırğızıstan-Azərbaycan qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsini qeyd etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.
***
07:55
İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.

***
07:51
Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.
VİDEO

Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.


Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb..
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

35 dəqiqə