Azərbaycan və Rusiya arasında investisiyaların həcmi
Bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib
Azərbaycan azad edilmiş ərazilərdə fəaliyyət göstərən xüsusi vergi rejimi çərçivəsində Rusiya şirkətlərini investisiya layihələrində daha fəal iştiraka dəvət edir.
Bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, həmin ərazilərdə 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergi, eləcə də idxalda ƏDV və gömrük rüsumlarından azadolma tətbiq olunur.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycanda sənaye zonaları Rusiya kapitallı birgə müəssisələrin inkişafında mühüm rol oynayır.
“Bu çərçivədə tikinti materialları və əczaçılıq sahələrində əməkdaşlıq genişlənir. Uğurlu Rusiya investisiya layihələri sırasında “R-Pharm” əczaçılıq zavodu, “Penopleks” izolyasiya materialları müəssisəsi və “Ağsu Şərab” bazasında “Abrau-Dyurso” layihəsi yer alır. Həmçinin “KamAz”, “Ural,” QAZ, “AvtoVAZ” və “Sollers” şirkətləri ilə birgə avtomobil istehsalı layihələri çərçivəsində minlərlə nəqliyyat vasitəsi istehsal edilir. Həmçinin Cəbrayıl rayonunda xidmət mərkəzi və Sumqayıt Kimya Sənaye Parkında “Ximgrad” layihəsi uğurla həyata keçirilir. Eyni zamanda, Ələt Azad İqtisadi Zonasında Rusiya şirkətləri tərəfindən iki istehsal layihəsi icra olunur”, - deyə Şahin Mustafayev vurğulayıb.
Baş nazirin müavini əlavə edib ki, Azərbaycanda Rusiya investisiyalarının ümumi həcmi 10,7 milyard dollar, Azərbaycandan Rusiyaya yönələn investisiyalar isə 1,2 milyard dollar təşkil edir. O vurğulayıb ki, bu əməkdaşlıq artıq strateji və şaxələndirilmiş xarakter daşıyır.
1 dəqiqə