Azərbaycan və Türk musiqiçiləri konsertlərini təxirə saldı
Səbəb, Türkiyədəki zəlzələ ilə bağlı yeddi günlük matəmdir
Xəbər verdiyimiz kimi, Türkiyədə 3 mindən çox insanın həyatına son qoymuş zəlzələyə görə 7 günlük milli matəm elan olunub. Bu səbəbdən ölkədə bayraqlar yarıya endirilib, müxtəlif mədəniyyət tədbirləri, konsertlər təxirə salınıb. Bu təşəbbüsə Azərbaycan telekanalları da qoşulub, əyləncəli proqramların yayımını dayandırıb.
Bu günlərdə isə Bakıda bir neçə türk məşhurunun konserti gözlənilirdi. Onların arasında “Anadolu Ateşi” rəqs qrupu (8 fevral), Mahsun Kırmızıgül (12 fevral), Sertab Erener (14 fevral) var.
Fevralın 8-də baş tutmalı olan“Anadolu ateşi” tədbirinin vaxtı 19 fevral saat 19:00-a dəyişdirilib.
Fevralın 14-nə nəzərdə tutulan olan Sertab Erener konsertinin təşkilatçılarından biri bildirib ki, tədbirin təxirə salınması müğənninin qərarından asılıdır.
Mahsun Kırmızıgülün fevralın 12-də keçirilməsi gözlənilən konsertinin təxirə salındığını bildirib. Tədbir qeyri-müəyyən vaxtadək ertələnib.
Məşhur azərbaycanlı qarmon ustası Ənvər Sadıqov da fevralın 7-də Gəncə Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb. Bu barədə ifaçı instagram səhifəsində məlumat verib: "Qardaş Türkiyədə baş vermiş faciə ilə bağlı fevral ayının 7-sinə nəzərdə tutulmuş konsertimiz təxirə salınaraq başqa tarixə keçirilir. Həlak olanlara Allahdan rəhmət, yaralılara şəfalar diləyirik! Konsertə bilet alanların nəzərinə: biletlər müəyyən olunacaq tarix üçün keçərlidir".