Dünyada çoxlu maraqlı və istedadlı insanlar var – onlardan biri cənab Fəxrəddin Manaf oğlu Manafovdur. Azərbaycanlıların bəxtindən, özümə əziz dost hesab etdiyim Fəxrəddin Azərbaycanda, daha doğrusu, çox da uzaq olmayan “partapart” ilinin avqustun 2-də ölkəmizin miakard əzələsi sayılan Qarabağın Xankəndi şəhərində anadan olub. Yaşadığı məkan infarkta doğru getdiyi dövrdə Fəxrəddin doğma da olsa, Xankəndidən ölkəmizin daha vacib, yaradıcılıqda birbaşa rolu olan və inkişafa yararlı Bakı şəhərinə oxumağa yollanır. Belə ki,
“inkişaf etmiş sosializm” illərini Fəxrəddin Manafov M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda keçirir və elə həmin illərdə, heç kimdən asılı olmamaq üçün A.M.Şərifzadə adına Aktyor evində kinomexanik kimi işləməyə başlayır. Aktyor olmaq arzusu Fəxrəddini Tədris teatrının qapısına və bir neçə addımdan sonra hətta səhnəsinə çıxardır, lakin… Bu o zaman idi ki, Bakı teatrlarında S.Vurğunun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına” əsərlərinin tamaşaları qoyulurdu,
Kinoda isə rejissor A.Babayevin "Gün keçdi", K.Rüstəmbəyovun "Axırıncı aşırım", E.Quliyevin "Bir cənub şəhərində", H.Seyidbəylinin "Nəsimi", T.Tağızadənin "Yeddi oğul istərəm", R.Ocaqovun "Qatır Məmməd" və s. görkəmli filmlər çəkilirdi. Bu zaman, Şəfiqə Məmmədova, Adil İskəndərov, Səməndar Rzayev, Həsən Məmmədov, Şahmar Ələkbərov, Əliağa Ağayev, HəsənağaTurabov, Rasim Balayev və digər korifey aktyorların zamanı idi…
Ümumi baxışda Fəxrəddin Manafov kimi gənc və həvəsli aktyora ehtiyac yox idi və onun fakturası və mentallığı da o dövrün repertuarına son dərəcə uyğun deyildi. Onun oynayacağı bir qəhrəman belə yox idi.
Orta boylu, arıq, şəffaf qarabuğdayi dərin məna daşıyan gözlər, küləyə meydan oxuyan saçlar, tam idarə etdiyi, dünyadan küsmüş, ağır və etibarsız baxışlar, tamaşaçının qanını donduran canisayaq plastika, heyrətləndirici, valehedici qəribə səsə malik olan aktyorun qəhrəmanları hələ yaranmaqda idi.