Azərbaycana soyuq hava kütləsi daxil olacaq, külək əsəcək
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Gözlənilən sinoptik şəraitin analizinə əsasən deyə bilərik ki, fevral ayının sonlarına doğru soyuq hava kütlələrinin təsiri nəticəsində ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, soyuq hava kütləsinin müdaxiləsi temperatur rejiminə də təsir göstərəcək, havanın temperaturu bu günlərlə müqayisədə aşağı enəcək.
G.Məmmədova qeyd edib ki, fevralın 14-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. 15-si səhərdən yağıntıların tədricən kəsiləcəyi, ilkin məlumatlara əsasən sonrakı 2-3 gün ərzində, fevralın 16-18-də havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Hava şəraitinin dəyişməsi ilə əlaqədar məlumatlar 2-3 gün öncədən KİV-ə və əlaqədar təşkilatlara çatdırılır. Eyni zamanda meteo.az mobil tətbiqindən də yenilənən məlumatları əldə etmək olar”, - deyə o əlavə edib.
Fevralın 14-ü gündüz bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Bildirilib ki Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Astara, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.