Azərbaycanda 17 siyasi partiya qeydiyyata alınmayıb SİYAHI
Nazirlik Akif Nağının rəhbərlik etdiyi Azad Vətən Partiyasının siyahılarında çatışmazlıqlar aşkar edib
Ədliyyə Nazirliyi daha iki partiyanın təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.
Nazirlik Akif Nağının rəhbərlik etdiyi Azad Vətən Partiyasının siyahılarında çatışmazlıqlar aşkar edib.
Partiya çatışmazlıqların öyrəniləcəyini, nöqsanların az vaxt ərzində aradan qaldırılacağını, siyahının yenidən Ədliyyə Nazirliyinə göndəriləcəyini qeyd edib.
Keçmiş deputat Fərəc Quliyevin sədrlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasına (MDHP) da mənfi cavab gəlib.
Ədliyyə Nazirliyinə təqdim edilmiş siyahıdakı 10202 nəfərdən 221 nəfərin başqa partiyaların da üzvü olduğu, 257 nəfərin vəfat etdiyi, 184 nəfər barədə məlumatların təkrarlandığı, reysterə təqdim olunmuş şəxslərlə əlaqə saxlanılarkən 194 nəfərin partiya üzvlüyünün təsdiq olunmadığı bildirilib. 3501 şəxsin məlumatlarında (ad, soyad, ata adı, təvəllüdü) səhvlər olduğu qeyd olunub.
MDHP qüsurları aradan qaldırıb yenidən müraciət edəcəyini bildirib
Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır. Ədliyyə Nazirliyindən mənfi cavab gələn partiyalar aşağıdakılardır:
1. Respublikaçı Alternativ (REAL)
2. Müsavat
3. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)
4. Ağ Partiya
5. Azərbaycan Demokrat Partiyası (ADP)
6. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
7. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)
8. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)
9. Milli Cəbhə Partiyası (MCP)
10. Gələcək Azərbaycan Partiyası (GAP)
11. Ümid Partiyası
12. Azadlıq Partiyası
13. Ədalət Partiyası
14. Azərbaycan Xalq Partiyası (AXP)
15. Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
16. Azad Vətən Partiyası
17. Milli Dirçəliş Partiyası (MDHP)