Bələdiyyə seçkilərində seçicilərin üçdə biri iştirak edib
Seçki məntəqələri bağlanaraq səslərin sayılmasına başlanılıb

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1 874 810 nəfər səs verib və seçici fəallığı 31.45 faiz olub.
***
Bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermə başa çatıb.
Saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb.
Seçki məntəqələri bağlanaraq səslərin sayılmasına başlanılıb.
Bələdiyyə seçkiləri 118 dairəni, 5846 seçki məntəqəsini (5734-ü daimi, 112-si müvəqqəti seçki məntəqəsi) əhatə edib, 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 1000 məntəqədə veb-kamerala quraşdırılıb.
Bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfər olub. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. 16092 namizədin təqribən 31%-i qadınlardır. Namizədlərin 82%-i ali təhsillidir. Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin 41%-i 21-35 yaş arasında olanlardır.
Bələdiyyə seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib.