XƏBƏRLƏR / Seçki

ATƏT/DTİHB-nin müşahidə missiyası fəaliyyətə başlayıb

Qurum Azərbaycan hökumətinin dəvəti ilə ölkədə prezident seçkilərini izləyəcək

ATƏT/DTİHB-nin müşahidə missiyası fəaliyyətə başlayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • ATƏT/DTİHB-nin müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayıb

    Azərbaycan hökumətinin dəvəti ilə ölkədə seçkiləri müşahidə missiyamız fəaliyyətə başlayır.

    Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbəri Yohan Mörfi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, ATƏT/DTİHB artıq Azərbaycanda 12 seçki müşahidə missiyası həyata keçirib, sonuncu missiya 2020-ci ildə olub:

    “Biz Xarici İşlər Nazirliyində missiyamızı tanıtmaq üçün görüşlər keçirdik.

    ATƏT-in 57 üzv dövləti DTİHB-ni seçki prosesini müşahidə etməyə dəvət etmək öhdəliyi daşıyır”.

    Yohan Mörfi qeyd edib ki, missiya 9 ölkədən gələn 11 beynəlxalq ekspertdən ibarətdir: “Əsas komanda Bakıdadır və növbəti 8 həftə ərzində biz paytaxtda müvəqqəti ofisimizi açmışıq. Komandamız bölgələrə səfər edəcək.

    Yanvarın 3-də 26 uzunmüddətli müşahidəçi ölkəyə gələcək və əsas heyətdən göstəriş aldıqdan sonra regionlara səfər edəcək.

    Onlar 2 müşahidəçidən ibarət qruplar şəklində fəaliyyət göstərəcək və prosesə hazırlıqlara nəzarət edəcəklər”.

    Yohan Mörfi onu da qeyd edib ki, seçki günü müşahidə aparmaq üçün 280 qısamüddətli müşahidəçiyə müraciət ediblər: “Onlar seçki günü ölkənin bütün bölgələrində seçki prosesini müşahidə edəcəklər. Biz qəbul edilmiş müşahidə metodologiyasına uyğun olaraq müşahidə missiyalarını həyata keçiririk”.

    Mörfi vurğulayıb ki, onları nəticə deyil, seçki prosesi maraqlandırır: “Bizim vəzifəmiz nəzarət etmək, kömək etmək və ya müdaxilə etmək deyil, biz prosesi izləyirik və bununla bağlı hesabat dərc edirik”.

    O bildirib ki, missiya aralıq hesabatını seçkilərə iki həftə qalmış açıqlayacaq.

    Missiya rəhbəri əlavə edib ki, seçki prosesinə hazırlıq, seçkilərdəki ab-hava, media və sosial şəbəkələrdə seçkilərlə bağlı vəziyyəti izləyəcəklər: “Biz mediaya açığıq və açıq şəkildə izləyəcəyik”.