Ölkədə internetlə bağlı problemin səbəbi kiberhücum olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: problemin qarşısı alınıb

16:50
Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib.
Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.
Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub.
***
16:03
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, yaranan nasazlıq araşdırılır:
“Problem yeni baş verib, buna görə də hazırda araşdırma aparılır. İctimaiyyətə bu barədə məlumat veriləcək”.
***
15:35
Ölkə üzrə yaşanan internet problemi qismən aradan qaldırılıb.
***
15:00
Azərbaycanın müxtəlif bölgələrində istifadəçilər həm mobil şəbəkədə, həm də ev internetində fasilələr olduğunu bildirirlər.
Bundan əlavə, abunəçilər bank proqramlarını aça bilməməkdən, onlayn əməliyyatlar apara bilməməkdən şikayətlənirlər.
İnternetin olmaması səbəbindən hazırda nağdsız ödənişlərdə və ödəmə terminallarında çətinliklər müşahidə edilir.
Telekommunikasiya operatorları və bank strukturlarından hələlik rəsmi şərh yoxdur.