“Azərbaycanda “WhatsApp” hesabları bağlanıb”
Hazırda problemin təkcə Azərbaycanda olduğu bildirilir
Bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.
“Azərbaycanda kütləvi şəkildə “WhatsApp” hesabları bağlanır və bloka düşür. Hesabları açmaq üçün kodlar nömrəyə gəlmir. İkimərhələli təsdiqləmə işləmir. Hazırda problemin təkcə Azərbaycanda olduğunu düşünürəm. Çünki qlobalda bu haqda xəbərlər yoxdur. “WhatsApp” ilə əlaqədəyik, lakin normal açıqlama vermirlər. Nə isə baş verir. Təcili məsələ araşdırılmalıdır. Kimlər bu problemlə üzləşiblər?” - deyə F.Pərdəşünas qeyd edib.
Azərbaycanda “WhatsApp” hesablarının kütləvi bağlanması və bloklanması ilə bağlı məsələyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən münasibət bildirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd edilən məsələ ilə bağlı araşdırmalar aparılır:
“Müraciətinizlə bağlı bildiririk ki, qeyd olunan məsələ ilə əlaqədar Elektron Təhlükəsizlik Xidmətində araşdırmalar aparılır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat təqdim ediləcək.
Həmçinin, vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edilir”.