Azərbaycanı Litva ilə nə bağlayır?
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordumuzun Baş Qərargah rəisi olmuş general-leytenant Məhəmməd (Matvey, Matsey) Sulkeviç mənşəcə Litva tatarlarındandır.
Azərbaycan və Litva tarixi əlaqələrə malikdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib. Görkəmli şəxsiyyət Vincas Kreve-Mickevicisun 1919-cu ildə müstəqil Azərbaycan dövlətində Litvanın konsulu kimi çalışıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) litvalı dövlət xadimi və yazıçı Vincas Kreve-Mickevicisun adını daşıyan auditoriya var.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordumuzun Baş Qərargah rəisi olmuş general-leytenant Məhəmməd (Matvey, Matsey) Sulkeviç mənşəcə Litva tatarlarındandır. 1920-ci ildə Cümhuriyyət süqut etdikdən sonra o, bolşeviklər tərəfindən həbs olunub və Bayıl həbsxanasında güllələnib. Azərbaycanın görkəmli dövlət xadimi olan general-leytenant güllələnmə üçün aparılarkən “Xoşbəxtəm ki, müsəlman ordusunun əsgəri kimi ölürəm” söyləyib.
Cümhuriyyət dövründə “Kriçinski qardaşları” da məşhur olublar. Belə ki, Aslan bəy Kriçinski Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin dəftərxanasının rəhbəri olub. Cümhuriyyət süqut etdikdən sonra o, əvvəlcə İstanbula, sonra Vilnüsə gedib. Onun “Vilnüs məscidinin tarixi” adlı elmi əsəri də var. Aslan bəy Kriçinskinun buraxdığı “Tatar salnaməsi” jurnalının ilk sayı müəllifi olduğu “Milli hərəkat və Litva tatarları” məqaləsi ilə açılır.
Vilnüsdə doğulmuş Olgerd bəy Kriçinski Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə nazirinin müavini olub. O da sovet hakimiyyətinin repressiyasının qurbanı olub, sovet qoşunlarının ələ keçirdiyi Vilnüsdə 1941-ci ildə NKVD tərəfindən həbs edilib və 1942-ci ildə Smolenskdə güllələnib. Olgerd bəy Kriçinski Azərbaycanın haqq səsini Cümhuriyyətin süqutundan sonra da müdafiə edib, məqalələrində Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyskinin ermənilər tərəfindən öldürülməsinə açıq işarə edib. Olgerd bəy Kriçinski Azərbaycanın müstəqil dövlətçiliyinə dair məqalələrin də müəllifidir. O, yazılarında azərbaycanlıların güclü milli təəssübkeşlik hissindən fəxarətlə söz açıb, Azərbaycana dərin məhəbbətini ifadə edib.
Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb.
Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.
Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır.
Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir. Azərbaycanın Avropa İttifaqı üçün önəminin daha bir nümunəsi qurumun 9 üzv ölkəsi ilə artıq strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamasıdır. Bu, üzv dövlətlərin üçdəbiri deməkdir.
Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. 2007-2022-ci illərdə Litva Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edib və onlardan 17-sində qalib gəlib. Ümumi dəyəri 20 milyon avro olan bu layihələrdən 12-si artıq reallaşdırılıb, 5-i isə icra mərhələsindədir.
Bundan əlavə, 2008-ci il aprelin 21-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş”ə əsasən, ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təsis olunub. Komissiyanın həmsədrləri iki ölkənin xarici işlər nazirləridir. Komissiyanın 7-ci iclası bu ay - mayın 8-də Vilnüsdə keçirilib.
Azərbaycan ilə Litva arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri getdikcə inkişaf edir, yüksək səviyyəli rəsmi təmaslar, səfərlər intensivləşir, mütəmadi görüşlər münasibətlərin inkişafına töhfə verir;
Milli Məclisdə Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup, Litva Seymində isə Azərbaycanla parlamentlərarası əlaqələr qrupu fəaliyyət göstərir.
İqtisadi münasibətlər: 2022-ci ildə Litva ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları olub. Azərbaycanda xüsusilə nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litva investisiyalı 20 kommersiya qurumu fəaliyyət göstərir. Ümumilikdə Azərbaycandan Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub.
Digər sahələr: İki ölkənin təhsil sahəsində də əlaqələri genişlənir. Hazırda Litvada 239 azərbaycanlı tələbə təhsilini davam etdirir.
Azərbaycan və Litva şəhərləri qardaşlaşıb. Bu xüsusda Şəmkir-Şyaulyay, Qazax-Trakay, Ağstafa-Birştonas və Səbail-Druskininkay qardaş şəhər və rayonlardır.
Azərbaycan və Litvanın dövlət başçıları bu il yanvarın 18-də Davosda görüşüblər. Görüş zamanı Prezident Gitanas Nauseda dövlətimizin başçısını ölkəsinə səfərə dəvət edib və dəvət Azərbaycan Prezidenti tərəfindən qəbul olunub .
Qeyd edək ki, bu səfər Prezident İlham Əliyevin Litvaya sayca 4-cü səfəridir. Bundan əvvəl Azərbaycanın dövlət başçısı Litvaya bir rəsmi və iki işgüzar səfərlər edib. Rəsmi səfər 2007-ci il sentyabrın 13-14-də, işgüzar səfərlər isə Vilnüs Enerji Təhlükəsizliyi Konfransı ilə əlaqədar 2007-ci il oktyabrın 10-11-də, Şərq Tərəfdaşlığı Sammiti ilə bağlı isə 2013-cü il noyabrın 29-da reallaşıb.
Prezident İlham Əliyevin budəfəki səfəri zamanı litvalı həmkarı Gitanas Nauseda, həmçinin bu ölkənin Baş naziri İnqrida Şimonite ilə görüşlərinin, mühüm sənədlərin imzalanması mərasiminin və biznes forumun keçirilməsi nəzərdə tutulur. İki ölkənin rəhbərləri, həmçinin mətbuata bəyanatlarla çıxış edəcəklər. Ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir.
Son bir ildə həyata keçirilmiş yüksəksəviyyəli təmaslar - 2022-ci il mayın 17-19-da Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri, 2023-cü il yanvarın 18-də Davosda keçirilmiş görüş və hazırkı rəsmi səfər iki ölkə arasında gücləndirilmiş siyasi dialoqun mühüm göstəriciləridir.
Litva haqqında bəzi qeydlər:
Litvanın Klaypeda dəniz limanı Baltik regionunda ən böyük limandır və buz bağlamır. Litvada Konstitusiya Fransadan daha əvvəl – 1791-ci il mayın 3-də qəbul edilib. Bu ölkədə ali təhsilin başlanğıcı Vilnüs Universitetinin yarandığı 1579-cu ilə gedib çıxır. Vilnüs Universiteti Şərqi Avropada ilk universitet hesab olunur. Əhalisinin sayı 2,8 milyon nəfər olan Litvada gənclərin 56 faizi ali təhsillidir və o, bu göstəriciyə görə Avropa İttifaqında lider mövqeyindədir. Bu ölkədə ən məşhur idman növü isə basketboldur.