Azərbaycanı yaradanların qəbirləri haradadır?
Dövlətimizi yaradanları tanıyaq və qoruyaq!
Gürcüstanda məşhur bloggerlərdən hesab edilən Zurab İzoriya Tiflisin Botanika bağından videoçarx çəkərək Azərbaycanlılara müraciət edib.
Zurab İzoriya Azərbaycan ictimaiyyətinə səslənərək, onları Tiflisə gələndə Botanika bağına da baş çəkməyə dəvət edib:
“Tiflis təkcə şərab və xingaldan ibarət olan şəhər deyildir. Bura gələn Azərbaycanlılar mütləq Botanika bağına da baş çəkməlidirlər. Bu məkanda sizin çox şərəfli əcdadlarınız uyuyurlar. Qəbirlərə gedən yolları ot basıb, illərlə bu şəxsiyyətləri heç kim ziyarət etmir”.
Blogger daha sonra bildirib ki, "Bu gün mən onları ziyarət edirəm və qarşılarında baş əyirəm. Bu insanlar Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasında, onun ideologiyasının formalaşmasında canlarını qoyublar".
İzoriya bu panteona olan biganə münasibətdən də söz açıb. O, qəbirlərə gedən yollarda heç bir işarənin olmamasını təəssüf hissi ilə qeyd edib. Həmçinin bu laqeydliyi dahi şəxsiyyətlərin ruhlarına hörmətsizlik hesab etdiyini bildirib. Həmin panteonda Azərbaycanın görkəmli ədibləri Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundov da uyuyurlar. Onlarla yanaşı, əvvəldə vurğuladığım kimi, Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş ADR-in qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin də qəbirləri yerləşir.
Hörmətli həmvətənlərim, Sizi Azərbaycan Cümhuriyyətinin Yaranması Günü münasibətilə ürəkdən təbrik edirəm!
Bu araşdırmaya görə Zurab İzoriyaya, İlgar V. Zeynalzadehə və Bizim.Media-ya təşəkkür edirəm.