Azərbaycanın diaspor gəncliyi və Azərbaycan dövlətçiliyi
“Azərbaycançılıq ideologiyası. Məhəmməd Əmin Rəsulzadədən Heydər Əliyevə” mövzusu
AR Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun təşkiatçılığı ilə Diaspor gənclərinin IV yay düşərgəsi (12-18 avqust, Naxçıvan) işini başa çatdıraraq tarixə qovuşdu. Bu 4 düşərgə toplantısından 3-də (Şamaxı, Şuşa, Naxçıvan) Azərbaycanın müstəqillik tarixinə dair məruzələrlə çıxış etmişəm. Azərbaycan gəncliyinə, o cümlədən diaspor gənclərinə çox sıx bağlılığım var. Ölkəmizin gələcəyinin, xalqımızın tarixi yaddaşının saxlanılmasının bu nəsillərdən asılı olduğunun tam fərqindəyəm. Vətən tariximizin şanlı səhifələri və nəhəng şəxsiyyətlərinə layiqli qiymətlər verilməsi ilə bağlı bizim nəslin edə bilmədiyi, bacarmadığı, öhdəsindən gəlmədiyi işlərin nə vaxtsa bu gənclik tərəfindən davam və yerinə yetiriləcəyinə böyük inamım var. Gənclərimizlə hər görüşümdə bu inamım daha da artır, qüvvətlənir. Odur ki, Diaspor Komitəsinin yay düşərgələri dinləyiciləri üçün məruzə etmək dəvətini böyük məmnuniyyətlə qəbul edir və xüsusi hazırlaşıram. Əslində, istər ölkədə, istər xaricdə yaşayan gənclərimizin diqqətinə hakim kəsilmək, yüksək emosiyalar oyatmaq və ayaqüstə sürəkli alqışlarını qazanmaq üçün artıq çoxdan sınanılmış bir mövzu var: Cümhuriyyət tarixi, Rəsulzadə şəxsiyyəti, Cümhuriyyət dəyərləri!
Gənclərimizin, o cümlədən xaricdə böyüyən, oxuyan və yaşayan yeni nəslin Azərbaycanın bu tarixi dövrünə və şəxsiyyətlərinə hədsiz marağı və sevgisi heyrətamizdir. Səbəblərini bilirəm və çıxışlarımda həmin o incə məqamlara toxunuram. Diaspor Komitəsi bu il də Cümhuriyyət tarixinə dair məruzəmi anons edib. Amma bu dəfəki yay düşərgəsinin “Heydər Əliyev- 100” şüarı altında keçirildiyi və Naxçıvanın da bu məqsədlə düşərgə məkanı seçildiyindən çıxış edərək bu dəfə gənclərə Azərbaycan dövlətçiliyi ilə bağlı daha geniş konseptual yanaşmada bir məruzə təqdim etməyi qərara alıram. “Azərbaycançılıq ideologiyası. Məhəmməd Əmin Rəsulzadədən Heydər Əliyevə” mövzusunda 35 slayddan ibarət bir təqdimat hazırlayıram.
Moderatoru olacağım Tarix panelində mənimlə birlikdə iki xarici qonağımızın da iştirakı nəzərdə tutulub: Əmir Əli Sərdari İrəvani – Almaniyada yaşayan İrəvan xanlığının varisi və Michael Hess – tanınmış alman alimi, nəsimişünas.
Tarix paneli ənənəvi olaraq diaspor gəncləri arasında çox populyardır, vaxt limitini daima aşır, suallar sıralanır, əlavə toplantılara ehtiyac yaranır, odur ki, təcrübədən çıxış edən təşkilatçılar bu dəfə dinləyiciləri geniş masalar ətrafında əyləşdirərək qeydlər aparmaq üçün hər cür şərait yaradıblar. Gənclərdən başqa Tarix panelində adətən “böyüklər” də həvəslə iştirak edirlər.
İlk məruzə mənimdir. XIX əsr rus işğalından sonra Araz çayının şimal ərazilərində “Azərbaycan” adının ortadan götürülməsi, yerli əhalinin ən müxtəlif adlarla çağırılması, Azərbaycan ictimai həyatında maarifçilik hərəkatı, milli kimlik, “Azərbaycan” adı, Türk kimliyi, siyasi türkçülük kimi məsələləri gündəmə gətirən barmaqla sayılası görkəmli şəxsiyyətlərimizi və göstərdikləri müstəsna xidməti xatırlatmaqla ümumi tarixi ekskursdan Rəsulzadə fenomeni üzərinə gəlirəm. “Azərbaycançlıq” məfkurəsinin yaradılmasını şərtləndirən amillər, Rəsulzadənin “Millət” təlimi və yeni milli ideologiyanın əsasları üzərində bir qədər ətraflı dayanıram. Əslində sırf nəzəri məsələləri də gənclərin tam ciddiyyətlə dinlədiyinə diqqət yetirirəm, çoxları dəftərlərinə qeydlər edir, slaydların şəkillərini çəkirlər. Rəsulzadənin banisi olduğu, xalq və milli hakimiyyətə əsaslanan güclü, müstəqil, dayanıqlı dövlətçiliyi ehtiva edən "Azərbaycançılıq" ideologiyasının Cümhuriyyətin yaradılması, Məhəmməd Əmin bəyin özünün bu dövlətin ilk başçısı olması ilə reallaşdığı faktını gənclər həmişə olduğu kimi böyük ruh yüksəkliyi ilə alqışlayırlar. Bura qədər auditoriyanın reaksiyası gözləniləndir. Amma məruzə davam edir və dinləyicilərim üçün “Azərbaycançılıq” ideologiyasının sonrakı taleyi açıq-aydın xüsusi maraq doğurub. Salona hiss ediləsi bir qədər gərgin sükut hakim olub. Cümhuriyyət dövləti bolşevik Rusiyası tərəfindən devrilib və Azərbaycan Sovet Sosialist Respublikası adlı tam fərqli – beynəlmillçi, kommunist ideologiyasına əsaslancaq yeni bir dövlətin yaradıldığı elan edilib. 70 il davam edəcək bu dövlətçiliyin gələcək taleyi əslində onun rəsmən müstəqil sayıldığı ilk 2 ildə (1920-1922) həll olunub. Bu müddəanı mövzuya uyğun “Azərbaycançılıq” ideologiyası bucağından əsaslandırmağa çalışaraq qoyduğum suala müsbət cavab verirəm: – Sovet dövründə Azərbaycanın milli dövlətçilik maraqlarını qoruyan rəhbərlik olubmu? Olub!
Konkret faktlar və nümunələr gətirirəm. II respublikanın ilk hökumət başçısı Nəriman Nərimanov tərəfindən əsası qoyulmuş “milli-kommunist rəhbərlər” təmayülünün hər onillik boyu xülasəsini verirəm: 20-ci illər - N.Nərimanov və məsləkdaşları, sonralar “nərimanovçuluqda” və “milli təmayülçülükdə təqsirləndirilərək güllələnən dövlət xadimləri qrupu (Əliheydər Şirvani-Mustafabəyov, Əbdül-bağı Məmmədzadə, Mövsüm Qədirli-İsrafilbəyli, Tağı Şahbazi, Teymur Əliyev, Dadaş Bünyadzadə, Sultan Məcid Qənizadə, Muxtar Hacıyev, Eyyub Xanbudqov və d.).
Bu sırada Azərbaycan Sovet dövrü tarixinin fenomeni sayılacaq Əhməd Əhmədovun şəxsiyyəti üzərində ayrıca dayanıram, gənclərə bu adı yadda saxlamağı tövsiyə edirəm.
Sovet dövrünün sonrakı dönəmlərində də müəyyən məsələlərdə Azərbaycanın kommunist rəhbərləri arasında milli dövlət maraqlarını rəsmən daşıyıcısı olduqları beynəlmiləlçi ideologiya və partiya-vəzifə maraqlarından üstün tutmaq nümunələri olduğuna diqqət çəkirəm. 1930-40-cı illər - Mir Cəfər Bağırov; 50-ci illər – İman Musyafayev, Mirzə İbrahimov, Sadıq Rəhimov; 1960-cı illər – Vəli Axundov, Şıxəli Qurbanov, Nazim Hacıyev; 70-ci illər – Heydər Əliyev!
Bu tarixi şəxsiyyətlərin hər birinin fəaliyyəti dövründə “Azərbaycançılıq” naminə gördükləri işlərdən gətirdiyim misallar dinləyicilərimin böyük əksəriyyəti üçün tamamilə yenidir. Azərbaycanın Sovet dövrü tarixini bu gün birmənalı olaraq qaralamaq, üstündən xətt çəkmək cəhdlərini qəbuledilməz saymaqla məqsədim gənc dinləyicilərimə hər bir Şəxsiyyətin istənilən şəraitdə seçimi olduğu fikrini aşılamaqdır.Yuxarıda adlarını çəkdiyim kommunist dövlət xadimlərinin talelərinə məhz bu dövrlərdə yaşamaq və mövcud şərtlər daxilində öz xalqına və dövlətçiliyinə xidmət etmək qisməti yazılıb.Və burada əsas məqam həmin şəxsiyyətlərin bir çox hallarda onları vəzifə, mənsəb, bəzən həyatları üçün hansı təhlükələr gözlədiyini bildikləri halda könüllü olaraq milli maraqların üstünlüyü seçimi etməkləri idi.
Nəhayət, 1988-ci ildən başlayaraq Azərbaycanın müstəilliyinin bərpası ilə başa çatacaq hadisələrlə zəngin qaynar bir tarixi mərhələ, həmin dövrün rəhbər şəxsiyyətləri, Azərbaycan dövlətçiliyinin üzləşdiyi real problemlər, nəhayət Heydər Əliyevin artıq III respublikanın qurucusu kimi “Azərbaycançılıq” ideologiyasının bərpası və onun yeni məzmunda dövlət siyasətinə çevrilməsində rolu.
Məruzəmi təməl prinsipləri “müstəqil güclü Azərbaycan dövləti” olan Azərbaycançılıq ideologiyası əsasında Azərbaycan dövlətçiliyinin yaranması və qorunmasında müstəsna xidmətləri olmuş Liderlər faktoru üzərində bitirirəm və bu prosesdə varislik ənənələrinin qoyulmasını dövlətçiliyimizin əsas təminatı kimi qiymətləndirirəm.
Bu gün sanki qloballaşan dünyada hər hansı universal ideologiyaların və siyasi nəzəriyyələrin tənəzzül keçirdiyi, modern dövlətlərin söykəndiyi Qərb-Avropa dəyərlər sisteminin real siyasətdə ən müxtəlif səbəblərdən öz cazibəsini itirdiyi və nüfuzdan düşdüyü, yeni ideyaların hələ ki, meydana gəlmədiyi bir zamanda “milli dövlətçilik” prinsipi bir daha yeni məzmunda və tam kəskinliyi ilə ortaya çıxır. Dünya güclərinin maraqlarının toqquşduğu geosiyasi məkanda və məqamda varlığını və nüfuzunu qorumalı olan Azərbaycan kimi ölkələr üçün bu prinsipdən çıxış etmək xüsusilə aktuallıq kəsb edir. Dünyaya səpələnmiş gənc azərbaycanlıları qədim Naxçıvan diyarına toplamaqda əsas məqsədlərdən biri də onlara məhz bu həqiqəti aşılamaqdır. Müstəqil güclü Azərbaycan Dövləti sadəcə tarixi dəyər deyildir, müasir mürəkkəb beynəlxalq durumda, qarışıq münasibətlər sistemində mövcud olmaq və özünəməxsusluğunu saxlamaq üçün onu sevən, ona bağlı olan hər kəsə bir dayaqdır, Vətən - Ana Torpaq kimi emosional hisslər toplusunun maddiləşmiş hüquqi təcəssümüdür.
Gənclər bu mesajı ürəkdən qəbul edirlər, “Bu dövlət sizindir! Onu quran, qoruyan və möhkəmlədən tarixi şəxsiyyətlər bu dövləti sizlərə əmanət ediblər. Onun gələcəyi və əbədiliyi sizdən asılı olacaq” sözlərini ayaq üstə, xüsusi şövq və alqışlarla qarşılayırlar.
Ardı var...