"Bahar oğlu" Cəfər Cabbarlı
Azərbaycanlı dramaturqun 125 yaşı uçuq-sökük ev-muzeyində... FOTO
Bu gün Azərbaycanın görkəmli dramaturqu, şairi və naşiri Cəfər Cabbarlının anadan olmasından 125 il ötür.
Martın 19-da Cəfər Cabbarlının ev-muzeyində "Bahar oğlu" dahi yazıçının nəvələri- Qəmər Seyfəddinqızı və Bəhlul Abbasov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, filologiya elmləri doktoru Asif Rüstəmli, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, rejisssorlar, xalq artistləri Mərahim Fərzəlibəyov, Ramiz Həsənoğlu çıxışlarında Cəfər Cabbarlının milli ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin inkişafındakı xidmətlərindən danışaraq tədbir iştirakçıları ilə maraqlı fikirlərini bölüşüblər.
Bakı Bələdiyyə Teatrının aktyorları, əməkdar artist Hüsniyyə Mürvətova və Toğrul Rza C.Cabbarlının və Rəsul Rzanın yaradıcılığından poeziya nümunələri ifa ediblər.
Aktyor Toğrul Rza yazıçının məşhir "Məhkum Şərqə" şeirini ifa edib:
"Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən,
Aləm səni bölməklə səadət bölüşürkən,
Övladın əsarətdə, yazıq, can çəkişirkən,
Hala da sükut etmədəsən, ey evi bərbad!
Kimdən, əcaba, ummadasan dərdinə imdad?
Rahib kimi qovğayi-həyata həvəsin yox,
Tərpənmədəsən kölgətək, amma nəfəsin yox,
Məhbəsdəsən, ancaq ki, dəmirdən qəfəsin yox,
Zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad,
Əsr indi dəmir dövrü, barıt dövrüdür, heyhat!
Dünyanı əsir eylər ikən bir ovuc altun,
Hər millət öz azədəliyin qurşuna mədyun.
Əsrin sözü top, haqq sözü top, tanrısı qurşun;
Acizliyə qalsan, edən olmaz səni azad,
Hər gün sənə sahib olacaq bir yeni cəllad.
Döndər günəşin atəşə, saç Qərbə, Şimalə!
Topla nə gücün varsa, giriş qəti cidalə!
Ya haqqını al, ya əbədi öl, lavəməhalə
Qoy gülləri ya qan sulasın, yaxud ədalət,
Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət!".
ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, Cəfər Cabbarlının 125 illiyi ilə əlaqədar ANS Şirkətlər Qrupuna aid olan "BalANS" Milli Rəqəmsal və Bərpa Stidiyası "Sevil" bədii fiımini rəqəmsallaşdıraraq bərpa edəcək.
"Qafqaz" universitetinin təsisçisi Hamlet İsaxanlı deyib ki, Cəfər Cabbarlı ilə bağlı elmi konfrans keçirməyi öhdəsinə götürür.
Şəkillərdən də görünür ki, Bakının İsmayıl Qutqaşenli, 44 ünvanında yerləşən Cəfər Cabbarlının ev-muzeyi qəzalı vəziyyətdədir. Yazıçılar Birliyinin sədri Anar qeyd edib ki, ev-muzeyin vəziyyəti barədə müvafiq orqanlara müraciət edərək, bu problemi həll etmək üçün səy göstərəcək.
Cəfər Cabbarlı bu evin tikintisinə 1920-ci ildən başlayıb və 1930-cu ildə tamamlayıb. 1982-ci ildən Cəfər Cabbarlının ev-muzeyi kimi fəaliyyət göstərir. 2012-ci ildən bina qəzalı olduğundan və ekspozisiyalar olmadığından ev-muzeyi ziyarətçilərə bağlıdır.
Cəfər Cabbarlının ekspozisiyaları hələlik Cəfər Cabbarllı adına Dövlət Teatr Muzeyində C.Cabbarlı zalında yerləşdirilib.
Qeyd edək ki, bu gün Azərbaycanın görkəmli dramaturqu, şairi və naşiri Cəfər Cabbarlının anadan olmasından 125 il ötür.
Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub. Onun ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşayıb.
Hələ ibtidai sinifdə oxuyarkən Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də şeir yazmağa başlayır.
Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır.
Şairin ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ildə çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin noyabrın 5-i 1911-ci il tariöli 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.
1915-1920-ci illər C.Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazır, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar edir.
"Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərindən sonra yazıçı "Solğun çiçəklər" pyesini yazır.
Şairin "Oqtay Eloğlu", "Gülzar", "Dilarə", "Dilbər", "Sevil", "Almaz", "Yaşar", "Dönüş" və s. kimi pyes və hekayələri teatr səhnələrində tamaşaya qoyulub, ssenariləri əsasında bədii filmlər çəkilib.
C.Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün "Cəfər Cabbarlı mükafatı"nı təsis edib.
Şair 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurub. Bu evlilikdən onun Aydın və Gülarə adlı iki övladı oldu. Onun böyük oğlu Aydın Cabbarlı 1924-cü ildə anadan olmuşdur. O, tibb elmləri namizədi idi. Qızı Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru idi.
C.Cabbarlı çox qısa ömür yaşayıb. Onun həyat yoldaşı Sona xanım xatirələrində yazır ki, "Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı, gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi".
İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində C.Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat edib.