«Azərkosmos» və SpaceX arasında saziş imzalanıb
“Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışına dair razılıq əldə olunub
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") və Amerikanın "SpaceX" şirkəti (Space Exploration Technologies Corporation) arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Sənədi "Azərkosmos" İdarə Heyətinin sədri Saməddin Əsədov və “Space X”in prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel imzalayıblar.
Sazişdə “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışına dair razılıq əldə olunub, "Azərkosmos"da bildiriblər.
"Peyk internet ölkənin göstəricilərini yaxşılaşdırmağa imkan verəcək, həmçinin yeni texnologiyaların inkişafına kömək edəcək", - Əsədov deyib. O qeyd edib ki, bu əməkdaşlıq Azərbaycanın bütün ərazisinin internet xidmətlərilə əhatə olunmasının sürətləndirilməsinə kömək edəcək.
Amerika kosmik texnoloji istehsalçısı SpaceX 2002-ci ildə Elon Mask tərəfindən təsis edilib.