XƏBƏRLƏR / İctimaiyyət

Azovda həlak olanların cənazələri ölkəyə gətiriləcək

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib

Azovda həlak olanların cənazələri ölkəyə gətiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azov dənizində iyunun 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

    Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.

    "Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 Azərbaycan vətəndaşının cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşın yaxın günlərdə Azərbaycana yola salınması nəzərdə tutulur", - deyə məlumatda vurğulanıb.

    Zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı artıq ölkəmizə yola salınıb.

    Onların iyunun 9-da günorta radələrində ölkəmizə çatmaları gözlənilir.

    Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.