Bakı ABŞ-ın Vaşinqtonda görüş təklifini rədd etdi
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin olduqca sərt bəyanatında deyilir

XİN 15 noyabr 2023-cü il tarixində ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirləri səmərəsiz, əsassız və qəbuledilməz hesab edir. Bununla bağlı nazirlik olduqca sərt bəyanat qəbul edib.
Bəyanatda deyilir: "ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz.Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik.
Üstəlik, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir.
Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır."