Bakı BMT-dən itkin düşmüş şəxslərlə bağlı dəstək istəyir
Bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev çıxış edib
Azərbaycan BMT-ni itkin düşmüş şəxslərin axtarışında, onlar haqqında məlumat mübadiləsinin asanlaşdırılmasında, məhkəmə ekspertizasının inkişaf etdirilməsində və zərər çəkmiş ailələrə dəstəyin genişləndirilməsində daha fəal rol oynamağa çağırıb.
"İtkin düşmüş şəxslər məsələsi silahlı münaqişələrin ən ciddi narahatlıqlarından biridir və dünyanın müxtəlif bölgələrində insan həyatına təsir edən qlobal bir problem hesab edilməlidir.
Bu kontekstdə, itkin düşmüş şəxslərin taleyi münaqişədən sonrakı dövrdə Azərbaycan üçün əsas prioritet olaraq qalır. Əvvəlki münaqişə ilə əlaqədar 4000-dən çox insan itkin düşmüş kimi qeydiyyata alınıb.
Münaqişənin bitməsindən bəri 253 nəfərin qalıqlarının olduğu 32 kütləvi məzarlıq aşkar edilib. Bu məzarlıqlar mülki şəxslərin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsinin əlavə sübutudur.
Qanunun tətbiqi üçün görülməli olan tədbirlər arasında dəfn yerləri, xüsusən də kütləvi məzarlıqlar haqqında bütün zəruri məlumatların verilməsi, arxivlərin açılması və şahid ifadələrinin toplanması var. "İtkin düşmüş şəxslərin ailələri həqiqəti öyrənməlidirlər.
İtkin düşmüş şəxslərlə bağlı bütün müvafiq məlumatların ötürülməsi, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin praktik nümayişi olacaq və qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verəcək", - deyə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev bildirib.
1 dəqiqə