Bakı Qırğızıstana neft məhsulları ixrac etməyə hazırdır
Bunu Qırğızıstanın energetika naziri Taalaybek İbrayev deyib
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib. Bu barədə "Kabar" agentliyinə müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.
Onun sözlərinə görə, Qırğızıstan Prezidenti Sadır Japarovun dövlət səfəri çərçivəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun rəhbərliyi ilə danışıqlar aparılıb. Danışıqlar çərçivəsində tərəflər Azərbaycandan neft məhsullarının Qırğızıstana tədarükü imkanlarını müzakirə ediblər.
Qırğız nazir qeyd edib: “Azərbaycan neft məhsullarının ən böyük ixracatçılarından biridir. Tezliklə Qırğızıstanda "Cunda" neft emalı zavodu da fəaliyyətə başlayacaq və onun tələbatı ildə 1 milyon tondan çox olacaq. Bununla bağlı SOCAR rəhbərliyi ilə Qırğızıstana neft tədarükü məsələləri müzakirə olunub. Öz növbəsində, onlar da əməkdaşlığa hazırdırlar. Hazırda logistika məsələsi üzərində işləyirik”.