XƏBƏRLƏR / Neft və Qaz

Qırğızıstan Azərbaycandan yanacaq almaq istəyir

Bu barədə Qırğızıstanın Energetika Nazirliyi məlumat yayıb

Qırğızıstan Azərbaycandan yanacaq almaq istəyir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Qırğızıstan yanacaq təchizatını şaxələndirmək məqsədilə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrlə danışıqlara başlayıb.

    Bu barədə Qırğızıstanın Energetika Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dünya enerji bazarındakı qeyri-sabit vəziyyət fonunda ölkənin yanacaq idxalının müxtəlif mənbələr hesabına təmin olunması məqsədilə Rusiya, Qazaxıstan, Belarus, Azərbaycan, Özbəkistan və Türkmənistanın aidiyyəti qurumlarına rəsmi müraciətlər göndərilib.

    Nazirlikdən qeyd edilib ki, paralel olaraq beynəlxalq əməkdaşlığın genişləndirilməsi və əlavə yanacaq tədarükü mənbələrinin müəyyənləşdirilməsi istiqamətində danışıqlar aparılır.

    Məlumata görə, Qırğızıstan neft məhsullarının böyük hissəsini idxal etdiyindən dünya bazarında neftin bahalaşması, Yaxın Şərqdə geosiyasi gərginlik və beynəlxalq logistika sahəsində yaranan risklər ölkənin daxili yanacaq bazarına təsir göstərir.

    Bununla yanaşı, ölkədə hazırda kifayət qədər yanacaq ehtiyatının formalaşdırıldığı və tədarükün əvvəllər bağlanmış müqavilələr əsasında davam etdiyi bildirilib.

    Qırğızıstan hökuməti eyni zamanda daxili neft məhsulları istehsalını artırmağı da planlaşdırır. Bu məqsədlə hökumət nümayəndələri "Kyrgyzneftegaz" və "Junda" neft emalı müəssisələrində vəziyyətlə tanış olub, rəhbərliyə benzin və digər neft məhsullarının istehsalının artırılması tapşırılıb.

    Energetika Nazirliyi əlavə edib ki, ölkədə yanacaq bazarındakı vəziyyət gündəlik nəzarətdə saxlanılır, antiinhisar xidməti ilə birlikdə neft treyderləri ilə qiymətlər, logistika, tədarük və ehtiyatların formalaşdırılması məsələləri müzakirə olunur.

    Qeyd edək ki, bundan əvvəl Qırğızıstanın əsas yanacaq tədarükçüsü olan Rusiya müvəqqəti olaraq yanacaq ixracına qadağa tətbiq edib.