Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Bu barədə “Azərişıq” ASC-dən bildirilib
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da paytaxtın Yasamal və Səbail rayonlarında, eləcə də Abşeron ərazisində təmir işləri aparılacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən transformator məntəqələrində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Kazım Kazımzadə və Şəfayət Mehdiyev küçələrində, eləcə də İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində, Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstansiyada da təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 16:00-dək 35/6 kV-luq “Pirəkəşkül”, “Çaylı” və “Cəngi” yarımstansiyaları, həmçinin “Pirəkəşkül” yarımstansiyasından çıxan bir sıra 6 kV-luq hava xətləri, eləcə də Çaylı, Cəngi və Təzəkənd kəndləri müvəqqəti olaraq elektrik enerjisiz qalacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə təchizatının daha keyfiyyətli və dayanıqlı olması təmin ediləcək.
1 dəqiqə