XƏBƏRLƏR / Hərbi

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri keçirilir

YENİLƏNİB

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri keçirilir
  • Oxuma müddəti:

    27 dəqiqə

  • 10:31

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ADEX-2026 sərgisinin iştirakçılarına müraciət edib:


    “Hörmətli sərgi iştirakçıları, hörmətli qonaqlar!

    Sizi 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisində salamlayır və dəvətimizi qəbul edərək sərgidə təmsil olunan bütün ölkələrin nümayəndələrinə uğurlar arzulayıram!

    Əminik ki, ölkəmizdə keçirilən 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi üçün geniş imkanlar yaradacaqdır.

    Bu sərginin qabaqcıl texnologiyaların istehsalı sahəsində təcrübə mübadiləsi, müdafiə və təhlükəsizlik məsələləri üzrə perspektivlərin dəyərləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, mövcud hərbi-texniki əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin və birgə layihələrin reallaşdırılmasına təkan verəcəyinə inanıram.

    Azərbaycan təhlükəsizliyin və dayanıqlı sülhün qorunması, müdafiə qüdrətinin artırılması məqsədilə beynəlxalq əməkdaşlığa daim açıqdır və bu istiqamətdə tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Regionda sabitliyin təmin edilməsi və irimiqyaslı iqtisadi layihələrin təhlükəsizliyi ölkəmiz üçün prioritetdir.

    Bildiyiniz kimi, elmin və texniki tərəqqinin sürətli inkişafı ənənəvi müdafiə üsullarını tədricən yeni yanaşmalarla əvəz edir. İnnovativ həllərin və yüksək dəqiqliyə malik silahların tətbiqi ilə həyata keçirilən təmassız əməliyyatlar hərbi tapşırıqların xarakterini kökündən dəyişir. Neyroşəbəkə, lazer texnologiyalarına əsaslanan vasitələr, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, süni intellektlə idarə olunan insansız sistemlər dövlətlərin müdafiə konsepsiyasına tamamilə fərqli baxış tələb edir.

    Dövrün çağırışları və əldə edilən döyüş təcrübələri sabitliyin qorunması üçün qabaqcıl texnologiyalar əsasında istehsal olunan hərbi texnika və avadanlıqlara sahib olmağı vacib şərtə çevirir. Bu baxımdan, Azərbaycan Respublikası da Ordumuzun əməliyyat imkanlarının genişləndirilməsinə, maddi-texniki bazasının yenilənməsinə və ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət verir.

    Təbii ki, yeniliklərin tətbiqi hərbi qulluqçuların bilik və bacarıqlarının da daim təkmilləşdirilməsini tələb edir. Şəxsi heyətin hazırlıq prosesinin dövrün tələblərinə uyğunlaşdırılması, qabaqcıl orduların təcrübəsinin öyrənilməsi və birgə təlimlərdə iştirakı istiqamətində ardıcıl tədbirlər görülür. Eyni zamanda, hərbi mütəxəssislərimiz qlobal münaqişələrdə istifadə olunan döyüş vasitələrinin xüsusiyyətlərini təhlil edir və yerli şəraitə uyğun tətbiq imkanlarını araşdırırlar.

    Danılmaz faktdır ki, son illərdə əldə edilən uğurların əsas səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi xüsusi diqqətdir. Dünyanın ən yüksək texniki standartlarına cavab verən hərbi texnikanın arsenalımıza daxil edilməsi və şəxsi heyətin peşəkar hazırlığı dövlət başçısının birbaşa nəzarəti altında aparılan islahatlar sayəsində mərhələli şəkildə həyata keçirilir.

    Qürurla bildirmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yüksək qayğısı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın davamlı dəstəyi sayəsində ordumuzun silahlanmasında dünyada mövcud olan ən son texniki göstəricilər və rəqəmsal yeniliklər əsasında yaradılmış müasir silah-sursat və döyüş texnikası mövcuddur.

    Vətən müharibəsində və sonrakı əməliyyatlarda qazanılan qələbələr ordu quruculuğunda uğurla həyata keçirilən islahatların bariz nümunəsidir.

    Azərbaycanın hərbi sənaye kompleksinin imkanlarından danışarkən onu da qeyd etmək istərdim ki, ölkəmiz bu sahədə geniş potensiala malikdir. Müəssisələrimizdə dünya bazarında rəqabətədavamlı, mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul – silahlar, sursatlar, insansız sistemlər istehsal olunur. Eyni zamanda, zirehli texnika və aviasiya vasitələrinin əsaslı təmiri, modernləşdirilməsi uğurla yerinə yetirilir.

    6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin ölkəmizdə keçirilməsi texniki həllərin müzakirəsi və nümayiş etdirilən yeniliklərlə tanışlıq baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, belə tədbirlər Azərbaycanı etibarlı strateji tərəfdaş kimi təqdim edən mühüm platformadır.

    Xarici qurumlar və biznes dairələri tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin qlobal nüfuzunu təsdiq edir. Müdafiə sənayesinin inkişafına töhfə verən bu cür sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir.

    İnanıram ki, sərgi iştirakçı ölkələr üçün hərbi-texniki əməkdaşlıqda yeni perspektivlər açacaq, dostluq münasibətlərini möhkəmləndirəcək və innovativ texnoloji bazanın təkmilləşdirilməsinə şərait yaradacaqdır.
    Əminəm ki, ADEX-2026 günlərində aparılacaq müzakirələr ölkələr arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün əlverişli zəmin yaradacaq, müdafiə sahəsinin inkişafına, dünyada dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verəcəkdir.

    Hər birinizə sülh naminə fəaliyyətinizdə uğurlar, təmsil etdiyiniz ölkələrə əmin-amanlıq və tərəqqi arzulayıram!
    Təşkilatçılara və iştirakçılara, eləcədə bütün dostlarımıza qarşıya qoyulan məqsədlərə çatmağı arzulayır, yeni nailiyyətlər diləyirəm!”.

    ***

    09:56


    Ordumuzun şanlı Qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin təcrübəsi bir daha göstərdi ki, müasir texnologiya, çevik qərarvermə və etibarlı yerli istehsal imkanları milli təhlükəsizliyin mühüm elementlərindəndir.

    Bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 15-сi Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılış mərasimində deyib.

    Nazir bildirib ki, bu təcrübə müdafiə sənayesinin gələcək inkişaf prioritetlərinin formalaşmasına da ciddi təsir göstərib. Məhz bu yanaşmadan irəli gələrək son illərdə atılan mühüm addımlardan biri özəl sektorun müdafiə sənayesində daha fəal iştirakının təmin edilməsidir.

    “Bu gün “ADEX” sərgisində 20-dən çox yerli özəl təşkilat öz məhsul və həllərini təqdim edir. Onların böyük hissəsi artıq Silahlı Qüvvələrimizin təchizatında iştirak edir. Bir neçəsi isə ixrac fəaliyyətinə başlayıb. Eyni zamanda, bir sıra yeni məhsullar üzrə yekun sınaqlar davam etməkdədir və qarşıdakı dövrlərdə yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik. Bizim yanaşmamız ondan ibarətdir ki, güclü milli müdafiə sənayesi yalnız dövlət müəssisələrinin imkanları üzərində qurula bilməz. Dövlətin institusional və istehsal imkanları özəl sektorun çevikliyi, təşəbbüsü, innovasiya potensialı və investisiya qabiliyyəti ilə tamamlanmalıdır. Məhz belə bir əməkdaşlıq modeli daha rəqabətqabiliyyətli və dayanıqlı müdafiə sənayesi ekosisteminin formalaşmasına imkan verir” , - deyə Vüqar Mustafayev vurğulayıb.

    ***

    09:30

    Sentyabrın 30-da “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.

    Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə üç gün davam edəcək sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri, digər əlaqədar qurumların nümayəndələri iştirak edirlər.

    Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubunu oxuyub:


    "Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!

    Sizi “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı münasibətilə təbrik edir və Azərbaycanda səmimi-qəlbdən salamlayıram.

    Bakı şəhərində ənənəvi olaraq təşkil edilən “ADEX” sərgisinin regionun ən mötəbər və faydalı müdafiə sənayesi platformalarından birinə çevrilməsini görmək məmnunluq doğurur. Bu sərgiyə marağın ildən-ilə artması, burada bir çox ölkənin və aparıcı şirkətin təmsil olunması tədbirin aktuallığını və beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir.

    Dost və tərəfdaş ölkələrin müdafiə sənayesi qurumlarını, hərbi ekspertlərini və şirkətlərini bir araya gətirən bu mühüm beynəlxalq sərgi müdafiə sənayesinin müxtəlif istiqamətləri üzrə ən son texnologiyaların, müasir silah sistemlərinin, hərbi texnika nümunələrinin, həmçinin innovativ həllərin nümayiş etdirilməsinə, yeni əməkdaşlıq imkanlarının müzakirə olunmasına və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradır.

    Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir.

    Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. “ADEX” sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

    “ADEX” ilə paralel olaraq və bu il artıq 15-ci dəfə keçirilən “Securex Caspian” sərgisi də öz növbəsində təhlükəsizlik, mühafizə, xilasetmə və fövqəladə halların idarə olunması sahələrində qabaqcıl texnologiyaların nümayiş etdirildiyi ixtisaslaşmış tədbirlərdən biri olaraq böyük nüfuz qazanmışdır.

    Əminəm ki, “ADEX” və “Securex Caspian” sərgiləri iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına, habelə hərbi-texniki tərəfdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

    Hər birinizi bir daha ürəkdən salamlayır, sərgilərin işinə uğurlar, iştirakçılara səmərəli fəaliyyət arzulayıram!

     
     
    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 29 sentyabr 2026-cı il".

    “ADEX” Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

    Bu il “ADEX” iştirakçı şirkətlərin sayına görə rekord vurur. Bununla əlaqədar olaraq, məhz “ADEX 2026” sərgisi üçün Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilib. Bu mühüm yenilik “ADEX”in artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. 5-ci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, Azərbaycana və ölkənin müdafiə sənayesi potensialına artan beynəlxalq marağın, eləcə də “ADEX”in beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin əyani ifadəsidir.

    “ADEX” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.

    Bu il ABŞ-nin “ADEX 2026”da fəal iştirakı xüsusi diqqət çəkir. “Northrop Grumman”, “SIG SAUER”, “Lockheed Martin”, “Vantor” və “Ondas” kimi nüfuzlu ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunur. Almaniyadan “Rheinmetall” və “Rohde & Schwarz”, Böyük Britaniyadan isə “BAE Systems” və digər şirkətlər debüt edir. Türkiyə isə sərgidə ən geniş təmsil olunan ölkədir.

    Sərgilərin ənənəvi beynəlxalq iştirakçıları arasında Türkiyədən “Roketsan”, “Aselsan”, “Baykar”, “Turkish Aerospace Industries” (TAI) və “Havelsan”, İtaliyadan “Leonardo”, Çexiyadan CSG, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” yer alır.

    Türkiyənin “Roketsan” şirkəti ADEX sərgisinin Baş sponsoru, ABŞ-nin “Northrop Grumman” şirkəti isə Ölkə tərəfdaşı sponsorudur.

    ABŞ, Azərbaycan, Belarus, ⁠Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan daxil olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunur.

    Dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün mühüm görüş platforması olan “ADEX” ənənəvi olaraq müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. “ADEX 2026” sərgisində 39 ölkədən 59 xarici nümayəndə heyəti iştirak edir. Bu ölkələr sırasına ABŞ, Bəhreyn Krallığı, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya, Cənubi Koreya, Çad, Çex Respublikası, Əfqanıstan, Gürcüstan, İordaniya Haşimilər Krallığı, İran, İraq, İsrail, İtaliya, Konqo Demokratik Respublikası, Kot-d’İvuar, Latviya, Liberiya, Malayziya, Mərakeş Krallığı, Mərkəzi Afrika Respublikası, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Serbiya, Slovakiya, Səudiyyə Ərəbistanı Krallığı, Sudan, Türkmənistan, Türkiyə, Uqanda, Ukrayna və Vyetnam daxildir. Yüksəksəviyyəli nümayəndə heyətlərinin “ADEX” sərgisində iştirakında əsas məqsəd müdafiə sənayesindəki yeniliklərlə tanış olmaqla yanaşı, əməkdaşlıq imkanlarını müzakirə etmək və yeni tərəfdaşlıqlar qurmaqdır. Səfər çərçivəsində onların Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri, yerli və xarici müdafiə sənayesi şirkətləri, istehsalçılar və sərgi iştirakçıları ilə görüşləri nəzərdə tutulur.

    “ADEX 2026”nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır. Milli pavilyonun yaradılmasında əsas məqsəd Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü, mövcud istehsal imkanlarını və texnoloji potensialını vahid ekspozisiya çərçivəsində daha sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim etməkdir. Bu format yerli qurum və şirkətlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına, onların arasında əlaqələrin gücləndirilməsinə və xarici tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına xidmət edir. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən dövlət qurumları və şirkətlər ən son məhsul və həllərini eyni pavilyon çərçivəsində nümayiş etdirirlər.

    Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti, “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxs və “MİRAS Hərbi-Sənaye Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə stendlə təmsil olunur. Azərbaycanın Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək, fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edir.

    Sərginin genişlənən miqyası onun əhatə etdiyi ekspozisiya sahəsində də özünü göstərir. “ADEX” Bakı Ekspo Mərkəzinin qapalı sərgi sahəsi ilə yanaşı, açıq sərgi sahəsini də əhatə edir. Açıq sərgi sahəsində Azərbaycanın Müdafiə Nazirliyi, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, “VLand Systems” MMC, “İmprotex”, “AZDEF” və “Exclases Holdings Limited” şirkətləri böyük stendlərlə iştirak edərək, ən son texnologiya və həllərini nümayiş etdirir.

    “ADEX 2026” sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər və C4ISR texnologiyaları, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, video nəzarət sistemləri və təhlükəsizlik siqnalları, zirehli döyüş nəqliyyat vasitələri və digər sahələr təmsil olunur.

    Sərgidə nümayiş olunan yeniliklər arasında hərbi nəqliyyat vasitələri və atıcı silah həlləri də xüsusi yer tutur. Türkiyənin “BMC” şirkəti “ADEX 2026” sərgisində şəxsi heyətin və logistika yüklərinin daşınması üçün nəzərdə tutulmuş yeni PAMİR 4×4 hərbi nəqliyyat vasitəsini, yerli TUNA mühərriki ilə təchiz edilərək təkmilləşdirilmiş KİRPİ II 4×4-ü, həmçinin çətin iqlim və relyef şəraitində yüksək dayanıqlılığı və çevikliyi ilə seçilən VURAN 4×4-ü beynəlxalq ziyarətçilərə təqdim edir.

    Beynəlxalq istehsalçılarla yanaşı, Azərbaycanın yerli şirkətləri də sərgidə dünyanın tanınmış müdafiə brendlərini təmsil edir. “USH Group” 500 illik tarixə malik İtaliyanın “Beretta” şirkətini təmsil edir. Dünyanın ən qədim silah istehsalçılarından biri olan “Beretta” hərbi, hüquq-mühafizə, ovçuluq və idman atıcılığı üçün nəzərdə tutulmuş məhsulları ilə tanınır. Sərgi çərçivəsində şirkətin müasir atıcı silah və müdafiə həlləri təqdim olunur.

    “Az-Tex-Import” isə İtaliyanın hərbi nəqliyyat vasitələri istehsalçısı “Iveco Defence Vehicles” (IDV) şirkətini təmsil edir. Ziyarətçilər şirkətin müxtəlif əməliyyat şəraitləri üçün nəzərdə tutulmuş taktiki və logistika nəqliyyat həlləri ilə tanış ola bilərlər.

    Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunan “Securex Caspian” sərgisində kibertəhlükəsizlik sektoru diqqət mərkəzindədir. Bu istiqamətdə ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar nümayiş etdirilir.

    “Securex Caspian” sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş ləvazimatları, kompleks mühafizə sistemlərini və perspektivli texnoloji həlləri nümayiş etdirir. Sərgidə ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış avadanlıqları, girişə nəzarət və idarəetmə sistemləri, hüquq-mühafizə orqanları üçün xüsusi avtomobillər, informasiya təhlükəsizliyi, mühafizə xidmətləri, qəza-xilasetmə vasitə və avadanlıqları, təhlükəsizlik sahəsində təhsil, video-müşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, eləcə də yanğın təhlükəsizliyi bölmələri təqdim olunur.

    “ADEX” və “Securex Caspian” sərgilərinin paralel keçirilməsi müdafiə sənayesi ilə daxili təhlükəsizlik istiqamətlərini vahid məkanda birləşdirir. Müdafiə sənayesi texnologiyaları və hərbi texnika ilə yanaşı, daxili təhlükəsizlik, mühafizə, xilasetmə avadanlıqları və kibertəhlükəsizlik həlləri də təqdim olunur.

    Sərgilərin proqramı yalnız ekspozisiyadan ibarət deyil. “ADEX” və “Securex Caspian” sərgilərində iştirakçı və ziyarətçilərə müdafiə sənayesi, daxili təhlükəsizlik, təhsil və kadr hazırlığı, innovasiyalar və yüksək texnologiyalar üzrə zəngin işgüzar proqram təqdim edir.

    İşgüzar proqramın əsas elementlərindən biri “Milli Tədqiqatların Dəstəklənməsi proqramı”nın təqdimatıdır. Layihənin proqrama daxil edilməsi “ADEX”in innovativ təşəbbüslərə və perspektiv texnoloji həllərə dəstək ənənəsinə sadiq qaldığını göstərir.

    Bununla yanaşı, sərgi günləri ərzində “Müasir müdafiə sənayesi: İnnovativ texnologiyalar və inkişaf perspektivləri” mövzusunda texnologiya sessiyası, “Süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər: Məlumatların idarəolunması və kiber dayanıqlılıq” mövzusunda innovasiya sessiyası, “Kiber və informasiya təhdidləri: Tanı, təhlil et və düzgün reaksiya ver” adlı interaktiv təlim, “Bilikdən texnoloji üstünlüyə: Elm–universitet–sənaye əməkdaşlığının gələcəyi” mövzusunda akademik sessiya, “Müasir çağırışlar: Radioelektron mübarizə və rabitə sistemlərinin təhlükəsizliyi” mövzusunda panel müzakirəsi, “Müdafiə və kibertəhlükəsizlik startapları – İdeyadan uğura” adlı innovasiya dialoqu, “Böhranların idarə edilməsi: Fövqəladə hallarda əməli bacarıqlar” mövzusunda təlim sessiyası təşkil olunur. Bu tədbirlər peşəkar müzakirələrin aparılmasına və təcrübə mübadiləsinə şərait yaradır. Eyni zamanda, sərgi çərçivəsində qoşun növləri üzrə hərbi qulluqçuların keçidi nəzərdə tutulub.

    Bu il “ADEX2 tarixində ilk dəfə olaraq sərginin rəsmi merç kolleksiyası təqdim olunur. Xüsusi olaraq, “ADEX 2026” üçün hazırlanmış eksklüziv brendləşdirilmiş kolleksiya sərginin brend üslubunun bir hissəsinə çevriləcək, iştirakçılara və qonaqlara “ADEX” ilə bağlı xoş xatirə saxlamaq imkanı yaradır. Kolleksiyaya “ADEX 2026”nın rəmzlərinin əks olunduğu dəbli və praktik məhsullar daxildir. İştirakçılar və qonaqlar rəsmi merç məhsullarını sərgi günlərində xüsusi ayrılmış məkanda əldə edə bilərlər.

    Bundan başqa, “ADEX 2026” sərgisinə həsr olunmuş “ADEX News” adlı qəzet çapdan çıxacaq. Qəzetdə iştirakçı şirkətlərin təqdim etdikləri yeniliklər və innovasiyalar ilə bağlı xəbərlər, eləcə də sərgiyə təşrif buyuran yüksəksəviyyəli qonaqlar, müxtəlif nümayəndə heyətlərinin üzvləri, sahə mütəxəssisləri ilə müsahibələr dərc olunur.

    “ADEX 2026” çərçivəsində Azərbaycanın dövlət qurumlarının nümayəndələri, beynəlxalq nümayəndə heyətləri və iştirakçı şirkətlər arasında keçiriləcək ikitərəfli danışıqlar xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər yeni işgüzar əlaqələrin qurulmasına, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli strateji tərəfdaşlıqların formalaşdırılmasına imkan yaradır.