Bakıda “Çelsi”dən xal almaq inanılmaz hiss idi
Bunu “Qarabağ”ın kapitanı Abdullah Zubir "Azərtac"a deyib
Bakıda “Çelsi”dən xal almaq inanılmaz hiss idi. Bu sözləri açıqlamasında “Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri görüş barədə danışarkən deyib.
Fransalı yarımmüdafiəçi bu nəticənin növbəti mərhələyə vəsiqə qazanmaq baxımından önəmli olduğunu deyib: “Hisslərimi sözlə ifadə etmək çox çətindir. Bakıda klublararası dünya çempionatının son qalibindən xal almaq inanılmazdır. Komanda olaraq möhtəşəm iş ortaya qoyduq. Hər bir futbolçu sonadək mübarizə apardı və inamını itirmədi. Bu nəticə birliyimizi göstərdi”.
O, həmçinin azarkeşlərin dəstəyinin böyük rol oynadığını vurğulayıb: “Klubumuzla qürur duyuram. Azarkeşlər bizə enerji verdilər. Stadionda möhtəşəm atmosfer yaratmışdılar. Bizə sonadək dəstək olduqlarına görə minnətdarlığımı bildirirəm. Onların dəstəyi bizim üçün çox önəmli idi”.
Xatırladaq ki, bu nəticədən sonra xallarını 7-yə çatdıran “Qarabağ” 15-ci pillədə qalıb. Eyni xala malik “Çelsi” isə 12-ci sırada qərarlaşıb.
Ağdam klubu Liqa mərhələsində 5-ci oyununu noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcək.
1 dəqiqə