“Çox üzgünük. Bakıdakı oyundan sonra da komandada inam, istək var idi. Çox istəyirdik ki, azarkeşlərimizi yaxşı oyun və qalibiyyətlə sevindirək. Amma futbolçular meydanda 120 dəqiqə yaxşı və ağıllı mübarizə apardılar. Sadəcə olaraq qol epizodunda kiçik bir diqqətsizlik oldu. Bu, futbolun silinməyən qanunlarından biridir. Futbolçularıma da dedim ki, həmişə onların yanındayam. Belə oyunlar ancaq bizi böyüdür, inam verir. Əgər belə vacib oyunda futbolçular meydanda 120 dəqiqə dözürlərsə, biz səfərdə rəqibdən çəkinməyərək onların üzərinə gediriksə, bu, məni ancaq sevindirir”.
Çalışdırıcı komandaya dəstək olduqlarına görə azarkeşlərə təşəkkür edib: “Futbolçularımı təbrik edirəm. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Əvvəldən məlumat var idi ki, Bakıda nə cür hazırlıq gedir, azarkeşlər oyunu necə gözləyirlər. Buraya çoxlu azarkeş gəlmişdi. Demək olar ki, bir sektor dolu idi. Azarkeşlər sonadək bizimlə oldular. Onlara təşəkkür edirəm. Əlbəttə ki, futbolçular belə dəstəyə layiqdirlər. Azarkeşlərimiz isə daha böyük qələbəyə layiqdirlər. Çalışacağıq ki, onları sevindirək”.
Qurbanov qeyd edib ki, heyətdəki bəzi problemlər səbəbindən oyunda çatışmazlıqlar olub: “Bəlkə də növbəti mərhələyə keçmək üçün bəxt amili çatmadı. Bilirsiniz, mən elə yanvar ayından indiyədək fikirlərimi bildirirdim ki, bizə bir az ayaqüstə durmaq üçün vaxt lazımdır. Zədələlilərimiz də var idi. Futbolçuların hazırlığı daha yaxşı səviyyədə olsaydı, daha yaxşı nəticə əldə edə bilərdik. Yenə də əlimizdən gələni etməyə çalışdıq. Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik”.