XƏBƏRLƏR / Din

Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir

İkigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları iştirak edir YENİLƏNİR

Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir
  • Oxuma müddəti:

    10 dəqiqə

  • 11:54

    “COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslərdən biri də Qlobal atəşkəs təşəbbüsüdür və mən dünyamızın xilası, övladlarımızın gələcəyi naminə bütün dini liderləri bu təşəbbüsə dəstəyimizi ifadə etməyə çağırıram”.

    Bunu Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

    “Bu məramla, BMT-nin COP çərçivəsində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını da təklif edirik. Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirə, din və ekoloji etika mövzusunda maarifləndirici tədbirlər, ədəbiyyat nümunələri hazırlaya bilər. Əminəm ki, COP 29 Bakı sammitində dini platformanın təklifinə təqdirlə yanaşılacaq və Sammitimizin Yekun sənədində dünya dini liderlərinin müdrik fikir və səmərəli tövsiyələri dövlət və ictimaiyyət xadimlərinin bu istiqamətdə səylərinə mənəvi dəstək və dəyərli töhfə olacaqdır”, - deyə o əlavə edib.

    ***

    11:19

    Hazırda dünya çox böyük fəlakətlər qarşısındadır. Dini inanclarımız böyük gücdür. Biz nisbiliyə, fərdiliyə inanmırıq. Bizim əməllərimiz gələcəyimizi qurmağa hesablanmalıdır.

    Bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində Vatikan Dinlərarası dialoq Dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti deyib.

    Kardinal Klaudio Qucerotti tədbirin əhəmiyyətindən bəhs edərək söyləyib ki, dini liderlərin, müxtəlif təşkilatların, dinlərin nümayəndələrinin bir araya gələrək çox vacib məsələni müzakirə etmələri çox təqdirəlayiqdir. Bu tədbir bizim planetimizi qorumağa hesablanıb.

    “İnsan ləyaqətlə yaşamalıdır. İnsan yer kürəsinin məhəbbət meyvəsidir. İnsan sadə kimyəvi elementlərin toplanması deyil, sevgi təcəssümüdür. Bizim gözləməyə vaxtımız yoxdur, təhlükə yaxınlaşmaqdadır. Başımıza nələrin gələcəyi bizim ümumi öhdəliklərimizi necə yerinə yetirəcəyimizdən asılıdır. Bəşəriyyətimizi qorumalıyıq, əks halda müharibələr daha da güclənəcək, məhvə doğru gedəcəyik”, - deyə o əlavə edib.

    ***

    09:20

    Noyabrın 5-də Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti işə başlayıb.

    İkigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirakı edirlər.

    Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

    Dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.

    Müraciətdə deyilir:

    "Hörmətli Sammit iştirakçıları!

    Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

    Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.

    İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.

    COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.

    Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.

    Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.

    COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.

    Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.

    Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.

    Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.

    Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

    İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir.

    Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur.

    Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.

    Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.
    İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.

    Hörmətli dini liderlər!

    Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.
    Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm".

    Qeyd edək ki, dünya dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP29 çərçivəsində keçirilən budəfəki III Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüsə dəstək olaraq Dünya dini liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən müdrik, səmərəli təklif və əməli səylərini COP29 çərçivəsində səfərbər etmələri Azərbaycan Respublikasının növbəti beynəlxalq uğurudur.