Bakıda "GlobE Network" VI Plenar iclası keçirilir YENİLƏNİR
Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciəti oxunub

10:37
“Bu gün biz bura aydın məqsədlərlə toplaşmışıq. Belə ki korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ən güclü vasitədir. Bu məsələdə “GlobE” Şəbəkəsinin əhəmiyyəti çox vacibdir. Sizin əməkdaşlığınız sayənizdə biz nəticələri əldə edirik”.
Bunu BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər şöbəsinin rəisi Brigitte Strobel-Şav BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində Bakıda keçirilən altıncı plenar iclasının açılış mərasimində çıxış edərkən deyib.
Strobel-Şav çıxışında korrupsiyanın sərhəd tanımadığını, onun qanunvericilik boşluqlarında gücləndiyini vurğulayıb: "Biz korrupsiyanın cücərdiyi meydanı bağlamaq üçün hər imkandan istifadə etməliyik. Bu platformadan istifadə edərək qanunvericilik predmetlərini müəyyən etmək lazımdır. Bizim ümumi məqsədimiz odur ki, sizin birgə işə sadiqliyinizlə biz fərq yarada bilərik".
***
09:46
Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində altıncı plenar iclasın açılış mərasimi keçirilir.
Tədbirin açılış mərasimində Prezident İlham Əliyevin “GlobE”nin VI Plenar İclasının iştirakçılarına müraciəti oxunub. Müraciəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev təqdim edib:
"Hörmətli iclas iştirakçıları,
Sizi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin Bakı şəhərində keçirilən 6-cı Plenar iclasında salamlayıram.
Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən peşəkarları bir araya gətirən bu toplantı korrupsiyaya qarşı mübarizədə ortaq iradənin təcəssümüdür.
Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul etmişdir. Bu istiqamətdə hüquqi və institusional çərçivə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşmışdır. Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində vacib rol oynayır.
Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilmişdir. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinin və insan haqlarının açıq tapdalanması idi.
İşğal olunmuş ərazilərdə illər ərzində təbii sərvətlərimizin qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürmüşdür. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuşdur. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın və qanunçuluğun qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olmuşdur. Azad edilmiş torpaqların tərəqqi məkanına çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir.
Bakıda ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilmişdir. Bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycan dünya liderlərini, beynəlxalq təşkilatların nümayəndələrini və müvafiq sahələrin mütəxəssislərini bir araya gətirməklə qlobal iqlim çağırışlarına qarşı mübarizədə həmrəylik nümayiş etdirmiş, çoxtərəfli diplomatiyaya sadiqliyini bir daha təsdiqləmişdir.
Azərbaycan Respublikası müstəqilliyindən ötən dövr ərzində böyük yol qət etmişdir. Bütün sahələrdə, o cümlədən hüquq-mühafizə sistemində aparılmış genişmiqyaslı islahatlar nəticəsində davamlı inkişafa, sabitliyə nail olunmuş, qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması təmin edilmişdir. Bu gün ölkəmizin hüquq-mühafizə orqanları xarici tərəfdaşları ilə səmərəli əməkdaşlıq edərək transmilli cinayətkarlığa və bütün növ təhdidlərə qarşı mübarizəyə töhfə verirlər.
Ötən ilin payızında dünyanın müxtəlif ölkələrini təmsil edən hüquqşünasları birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik Konfransı və Ümumi Yığıncağının Bakıda keçirilməsi cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizə aparmaq və bunun üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək əzmimizi bir daha nümayiş etdirdi.
Hazırda süni intellekt, rəqəmsal maliyyə sistemləri və kibermühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur. Bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir. Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir.
Ölkəmiz BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsi ilə əməkdaşlığa xüsusi önəm verir. Gənc platforma olmasına baxmayaraq, GLOBE Şəbəkəsi qısa müddət ərzində müxtəlif ölkələrdən anti-korrupsiya sahəsində çalışan peşəkarları birləşdirən səmərəli və inklüziv beynəlxalq mexanizmə çevrilmişdir.
Əminəm ki, bu Plenar iclas korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açaraq bu sahədə qarşıya qoyduğumuz vəzifələrin icrasına və ortaq məqsədlərin reallaşmasına əhəmiyyətli töhfə verəcəkdir.
Bir daha hamınızı Azərbaycanda salamlayır, iclasın işinə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2025-ci il".
Qeyd edək ki, tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan- ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir.
“Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi etmiş, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub. Azərbaycan GlobE Şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir”.
Bunu Baş prokuror Kamran Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində Bakıda keçirilən altıncı plenar iclasının açılış mərasimində çıxış edərkən deyib.
Baş prokuror qeyd edib ki, bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə onun korrupsiyaya qarşı mübarizə orqanı olan “Nazaha” təşkilatının əvəzsiz rolu olub. Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk:
“Dünya miqyasında sərhəd tanımayan korrupsiyaya qarşı mübarizə birgə, əlaqələndirilmiş və qətiyyətli yanaşma tələb edən mürəkkəb, lakin zəruri bir çağırış olaraq qalır. Bugünkü plenar sessiya bu qlobal iradənin təzahürüdür. Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır. Cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müraciətində də qeyd edildiyi kimi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu sahədə əlaqələndirici və aparıcı rola malikdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyində şəffaflıq və qanunun aliliyi prinsipləri, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək korrupsiyaya qarşı sıfır tolerantlıq mövqeyi ilə davam etdirilir. Dövlət başçısının siyasi iradəsi, konkret hədəfləri və prinsipial mövqeyi bu sahədə əldə etdiyimiz nəticələrin əsas təməlini təşkil edir”.
Baş prokuror xatırladıb ki, ölkəmizdə 2012-ci ildə yaradılmış və artıq beynəlxalq səviyyədə tanınan “ASAN xidmət” modeli vətəndaşlar üçün şəffaf və sürətli xidmət nümunəsi, korrupsiyanın qarşısının alınmasında və ictimai idarəçiliyə etimadın gücləndirilməsində mühüm rol oynayır. Bu innovativ yanaşma rəqəmsallaşma və şəffaflıq üzərində qurulmuş uğurlu dövlət siyasətinin göstəricisidir:
“XII əsrdə yaşayıb-yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvi “Şərəfnamə” əsərində demişdir: “Dünyanı namusla olur saxlamaq, onunla ucalır dövlət və bayraq”. Bu dərin və müdrik fikrin işığında anlayırıq ki, korrupsiya təkcə qanunun pozulması deyil. O, cəmiyyətin ruhuna, insanın inamına, gələcək nəsillərin ümidlərinə zərbədir. Məhz buna görə də bugünkü plenar sessiyanın əhəmiyyəti ölçülməzdir. Biz birgə səylərlə daha şəffaf, daha dürüst və sabaha inamla baxan bir dünya qurmağa çalışırıq. Gələcək nəsillərə ədalətli cəmiyyət və aydın sabahlar miras qoymaq üçün bu mübarizədə bir addım da irəli getməliyik” , - deyə Baş prokuror diqqətə çatdırıb.
Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər iştirak edir.
Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər alt mövzular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur.
Eyni zamanda, plenar iclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar, habelə ölkəmizin COP29 sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcək.
Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır.
Beynəlxalq tədbir mayın 23-dək davam edəcək.