XƏBƏRLƏR / Qayıdış

Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın ilk günü

Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb YENİLƏNİRB/ FOTO

Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın ilk günü
  • Oxuma müddəti:

    15 dəqiqə

  • 17:43

    Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ilk günü başa çatıb.

    51 ölkədən 100-dən çox xarici qonağın, yerli rəsmilərin iştirak etdiyi tədbirdə müxtəlif panel sessiyaları keçirilib.

    "Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış", "Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri", "Beynəlxalq vəkillik və diplomatiyanın rolu", "Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması", "Mədəni irsin qorunması və bərpası" adlı panel sessiyalarında qonaqlar müzakirələr aparıblar.

    Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov konfransın bağlanış mərasimində çıxışı zamanı deyib ki, müzakirələr Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına qayıdış hüququnun təmin edilməsinin davamlı sülhün və ədalətin bərqərarı üçün zəruri olduğunu göstərib.

    "Qərbi Azərbaycan İcması olaraq, bu platformanı hər il davam etdirmək, mövzu ətrafında daha geniş elmi, hüquqi və ictimai müzakirələri təşviq etmək niyyətindəyik".

    Qeyd edək ki, konfrans sabah da davam edəcək. Sabahkı proqramda qonaqların Bakıda gəzintisi, həmçinin beynəlxalq konfransın mədəni hissəsi baş tutacaq.

    Zirədəki Ekoparkda tədbir iştirakçıları ilə birgə ağacəkmə aksiyasının həyata keçirilməsi də nəzərdə tutulur.

    ***

    10:35

    Bir qrup şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edilib.

    Təqdimat mərasimi Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuş II beynəlxalq konfransda baş tutub.

    Sertifikatlar ümumilikdə 16 nəfərə verilib:

    Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri (2014-2023), deputat Mövlud Çavuşoğlu

    İrəvan xanı Hüseynəli xanın törəməsi Əmir Əli Sərdar İrəvani

    Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, deputat Zafer Sırakaya

    Qərargahı Brüsseldə yerləşən Ümumdünya Pan-Afrika Qadın Liderləri Hərəkatının Baş katibi Aişa Başa

    Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım

    İsveçrədə fəaliyyət göstərən Su, Ətraf Mühit və Sağlamlıq Qlobal İnstitutunun təsisçisi və baş direktoru, İsveçrə Su Tərəfdaşlığı və Asiya Su Şurasının üzvü Nidal Salim

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Cantürk Alagöz

    Amerikan Dini Azadlıq Mərkəzinin rəhbəri Cannah Skott

    Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini, deputat Orhan Erdem

    Rumıniyada fəaliyyət göstərən İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoleta Zaqura

    Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal

    Qazaxıstan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Talqat Kaliyev

    Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəxri doktoru, Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Quram Marxuliya

    Türkiyədə Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiri Yaşar Sarı

    “Economyfirst Limited London” şirkətinin direktoru, tanınmış jurnalist Klaus Peter Ralf Yürgens

    İtaliyanın beynəlxalq məsələlər üzrə “Opinio Juris - Hüquq və Siyasət İcmalı” jurnalının baş redaktoru və Strasburqda Avropa Gəncləri Beyin Mərkəzinin tədqiqatçısı Valentina Chabert.

    ***

    09:42

    Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram.

    Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür.

    Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir.

    Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur.

    Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir.

    Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir.

    Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir.

    Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir.

    Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.

    Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.

    Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir.

    Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir.

     

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 5 dekabr 2024-cü il".

    ***

    09:38

    Qərbi Azərbaycan İcması yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparır.

    Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda deyib.

    Onun sözlərinə görə, bu tədbir Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququnun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platformadır:

    "Qərbi Azərbaycan İcması olaraq biz öz doğma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparırıq. Biz dünya üzrə qaçqınların sayının artmasını dərin narahatlıq və üzüntü ilə izləyirik. Qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi silahlı münaqişələrin yaratdığı ağır nəticələr səbəbindən öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Bir sıra hallarda silahlı münaqişələrin məhz etnik təmizləmə məqsədilə törədildiyi unudulmamalıdır".

    ***

    09:17

    Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransı keçirilir.

    Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.

    Tədbirdə Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macarıstan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna və Yeni Zelandiyadan iştirakçılar var.

    Qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkənin prezidentinin və 1 ölkənin vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 ölkədən sabiq səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, Azərbaycan diasporunun 14 fəal üzvü, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiyanın təsisçisi, rəhbər şəxsi, 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 ölkəni təmsil edən 3 hökumət şurası üzvü, 8 ölkəni təmsil edən 8 hüquqşünas və hüquq müdafiəçisi 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər, iş adamları yer alırlar.

    Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub.

    Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək.

    Qeyd edək ki, dekabrın 5-i Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.