Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən bildiriblər
Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin özünüməşğulluğuna da dəstək işləri aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin Laçına köçürülən ailələrlə görüşləri zamanı onların özünüməşğulluq proqramında iştirak imkanları da qiymətləndirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sakinlərdən 35 nəfər ilkin mərhələdə özünüməşğulluq proqramına cəlb edilmək üçün qeydiyyata alınıb. Həmin şəxslər üçün əvvəlcə biznes təlimləri təşkil ediləcək, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə məlumatlar veriləcək.
Təlimlərdən sonra proqram iştirakçıları kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin olunacaqlar.