Bakıda sülh müqaviləsinə əsas maneə müzakirə olunur
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə əsas maneə” adlı beynəlxalq konfrans keçirilir YENİLƏNİR
12:18
Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq.
Bunu Azərbaycanın Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzulu beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Azərbaycan sülhün prinsiplərini işləyib hazırlayıb:
"Azərbaycan və Ermənistan arasında sülh istiqamətində maneələrdən danışdıqda qeyd edilməlidir ki, 30 il Azərbaycan əraziləri Ermənistan işğalı altında olub. 2020 və 2023-cü illərdə ərazilərimiz işğaldan azad ediləndən sonra Ermənistana sülh barədə təkliflərimizi göndərmişik. Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq".
O bildirib ki, sülh müqaviləsinin imzalana bilməməsinin səbəblərindən biri masa arxasında Ermənistan nümayəndə heyətinin üzvlərinin fərqli mövqelərdən çıxış etməsidir:
"ABŞ, Rusiya, Qazaxıstanda sülh üçün danışıqlar aparılıb. Ancaq sülhün imzalanmasında maneə nədir ki, dayanıqlı sülh əldə olunmur? Birinci maneə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunmasıdır. İkinci maneə isə Ermənistanın nümayəndələrinin fərqli mövqeləri müdafiə etmələridir".
E.Məmmədov onu da deyib ki, digər məsələ Ermənistanın Roma statutuna qoşulmasıdır. Eyni zamanda digər problemli məsələ onların Azərbaycan əleyhinə səslənən fikirləridir: "Əgər ölkələr sülh istəyirlərsə, razılığa gəlməlidirlər".
"Ermənistan hökuməti 30 ildə öz sərhədlərini müəyyənləşdirməyib. Ölkənin konstitusiyasında qeyd olunur ki, Ermənistan dövlətçiliyinin əsasları xalqın milli hədəflərini ehtiva edir:
Ermənilərin milli ideologiyası isə odur ki, Qarabağ Ermənistanın bir hissəsidir. Ermənistan 30 ildə öz sərhədlərini müəyyənləşdirmədi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər hələ də qalır. Biz hələ də beynəlxalq məhkəmələrə bu cür məsələləri çıxarmamaları ilə bağlı danışıqlar aparırıq".
***
11:37
Bakıda “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə əsas maneə” adlı beynəlxalq konfrans keçirilir.
Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (CAİR) “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə əsas maneə” adlı beynəlxalq konfrans keçirir.
Konfransda bir sıra məsələlər müzakirə olunur.
Beləliklə, 2020 və 2023-cü illərdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi və bütün Azərbaycan ərazilərində suverenliyin tam bərpası iki ölkə arasında sülhün bərqərar olması üçün imkanlar yaratdı. Bununla belə, Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı mövqeyi qeyri-müəyyən olaraq qalır.
Ermənistan Respublikasının ali qanunu olan Konstitusiyada, o cümlədən digər qanunvericilik aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları var.
Ermənistanın 1990-cı il avqustun 23-də qəbul etdiyi İstiqlal Bəyannaməsində Qarabağı Ermənistanın tərkib hissəsi hesab edən Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli aktına istinad edilir. Bu ifadə sonradan 1995-ci il iyulun 5-də qəbul edilmiş Konstitusiyanın preambulasında öz əksini tapmış və 27 noyabr 2005-ci il və 6 dekabr 2015-ci il tarixlərində edilmiş dəyişikliklər zamanı da öz əksini tapmışdır.
Bu suallar bugünkü konfransın əsas mövzuları olacaq.