XƏBƏRLƏR / İctimaiyyət

Bakıda TDT Ağsaqqallar Şurasının 18-ci iclası keçirilir

YENİLƏNİR

Bakıda TDT Ağsaqqallar Şurasının 18-ci iclası keçirilir
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 12:45

    Dövlət başçıları tərəfindən imzalanan son iki Zirvə Bəyanatında Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə, institusional və strateji inkişafına xidmət edən bir sıra mühüm maddələr qəbul edilib.

    Bu sözləri noyabrın 4-də ürk Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 18-ci iclası çərçivəsində çıxış edən şuranın sədri Binəli Yıldırım deyib.

    Onun sözlərinə görə, bu qərarlar Türk dünyasının həm siyasi, həm də iqtisadi və mədəni baxımdan birliyini daha da möhkəmləndirəcək.

    “Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv kimi qəbul edilməsi, Türkmənistanın Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinin Türk Akademiyasına müşahidəçi statusu ilə qoşulması, Türk dövlətlərinin təşkilat çərçivəsində təmsilçiliyini əhəmiyyətli dərəcədə genişləndirib və gücləndirib”, – deyə Binəli Yıldırım vurğulayıb.

    Türkiyəli siyasətçi əlavə edib ki, Türk dünyasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq xəttini uzun illər uğurla davam etdirən TÜRKSOY-un hüquqi, maliyyə və kadr potensialının gücləndirilməsi istiqamətində qəbul edilən qərar da xüsusi əhəmiyyət kəsb edir. Onun fikrincə, bu addım Türk dünyasında mədəni inteqrasiyanı dərinləşdirəcək və TDT-nin beynəlxalq arenada tanımasına mühüm töhfə verəcək.

    Binəli Yıldırım həmçinin Qəbələ Zirvəsində imzalanan “TDT Plus” formatının əhəmiyyətinə toxunaraq bildirib ki, bu yeni platforma təşkilatın qlobal əməkdaşlıq imkanlarını və beynəlxalq aləmdə tanınmasını daha da artıracaq: “Bu format mövcud müşahidəçi və tərəfdaş əməkdaşlıq modellərinə nisbətən daha çevik dialoq imkanı yaradır. Bu model sayəsində təşkilatın beynəlxalq təmas dairəsi və diplomatik fəallığı daha da genişlənəcək”.

    Çıxışında Budapeşt Zirvəsində dövlət başçıları tərəfindən qəbul edilən Əfqanıstana dair ortaq bəyanata da toxunan Binəli Yıldırım bildirib ki, bu sənəd Türk dövlətlərinin həm tarixi, həm də etnik köklərlə bağlı olduğu Əfqanıstana qarşı birgə mövqeyinin ifadəsidir: “Əfqanıstanın sabitliyi ölkələrimizin və regionumuzun təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının Əfqanıstana dair ortaq açıqlaması qlobal təhlükəsizlik mexanizmlərinin səmərəsiz qaldığı bir dövrdə atılmış ən dəyərli addımlardan biridir”.

    ***

    12:29

    Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətlər arasında siyasi və təhlükəsizlik əməkdaşlığını daha yüksək səviyyəyə qaldırmaq istiqamətində ardıcıl addımlar atır.

    Bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 18-ci iclasında çıxış edən TDT Baş katibinin müavini Ömər Kocaman deyib: "Dövlət başçılarının təşəbbüsü ilə keçirilən son Zirvələrdə, xüsusilə Qəbələ Zirvəsində regional sülh və təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub".

    O vurğulayıb ki, Zirvənin yekun bəyannaməsində qəbul edilən qərarlar, liderlərin çıxışlarında səsləndirdikləri fikirlər təşkilatın bölgədə sabitliyin və siyasi dialoqun təşviqində getdikcə daha təsirli bir platformaya çevrildiyini göstərir.

    “TDT artıq iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində deyil, həm də siyasi, strateji və təhlükəsizlik istiqamətlərində fəal fəaliyyət göstərən mühüm regional quruma çevrilir. Qəbələ Bəyannaməsində də vurğulandığı kimi, Türk dövlətləri qlobal dalğalanmalar şəraitində həmrəy şəkildə hərəkət edərək yeni beynəlxalq təhlükəsizlik mühitinə kollektiv duruşla uyğunlaşmaq iradəsini nümayiş etdiriblər”, – deyə Ömər Kocaman bildirib.

    TDT rəsmisi əlavə edib ki, liderlər çoxşaxəli strateji əməkdaşlığın dərinləşdirilməsi və regional sülhün qorunması istiqamətində ortaq məsuliyyətlər götürüblər. Bu çərçivədə Türk dövlətlərinin “Dostluq və Qardaşlıq Müqaviləsi” üzərində işləri sürətləndirmək barədə razılığa gəlmələri xüsusi əhəmiyyət kəsb edir.

    Zirvədə, həmçinin sülh və təhlükəsizliyi təhdid edən humanitar böhranlar da daxil olmaqla yeni çağırışlar fonunda əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

    Ömər Kocaman bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı xüsusilə diqqət çəkib: “Prezident İlham Əliyev beynəlxalq hüququn əsas prinsiplərinin ciddi şəkildə pozulduğu bir dövrdə Türk dövlətlərinin vahid güc mərkəzi kimi birləşməsinin və hərbi-siyasi əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb. Onun bu çağırışı Azərbaycanın sədrliyi dövründə Təşkilatın fəaliyyətinə strateji istiqamət verəcək”.

    Qəbələ Zirvəsi üzv dövlətlərin müdafiə sənayesi, terrorizmə və radikalizmlə mübarizə, habelə sərhədyanı, kibertəhlükəsizlik və digər risklər sahəsində birgə fəaliyyətini gücləndirmək niyyətini bir daha təsdiqləyib:

    “Zirvədə qəbul edilən qərarlara əsasən, TDT-nin təhlükəsizlik ekosistemi formalaşdırılacaq, regional sabitliyin qorunmasına yönəlmiş ortaq mexanizmlər inkişaf etdiriləcək”.

    O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ildə terrorla mübarizə və koordinasiyalı təhlükəsizlik fəaliyyətlərinə həsr olunmuş ortaq hərbi təlimlərin keçirilməsi barədə təklifinin üzv dövlətlər tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

    Sonda Ömər Kocaman qeyd edib ki, Türk Dövlətləri Təşkilatının qarşıdakı mərhələdə əsas məqsədi regionda sülh, sabitlik və təhlükəsizliyin təmininə yönəlmiş ortaq strateji fəaliyyətin dərinləşdirilməsi olacaq.

    ***

    10:32

    Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 18-ci iclası keçirilir.

    İclasda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) təmsilçiləri iştirak edirlər.

    Tədbirdə TDT-nin Zirvə görüşləri, eləcə də təskilatdaxili bir sıra məsələlər müzakirə olunacaq.